Главная > Problem > «Cənub» Elektrik Stansiyasının işçisinin ölümü nədən gizlədilir? - MÜƏMMA

«Cənub» Elektrik Stansiyasının işçisinin ölümü nədən gizlədilir? - MÜƏMMA


30-09-2016, 21:34.
Bu yaxınlarda «Azərenerji» ASC-nin nəzdində fəaliyyət göstərən «Cənub» Elektrik Stansiyasında çalışan işçilərin birinin ölümü ilə nəticələnən ağır faciə baş verib.
 
Belə ki, 1962-ci ildə ölkənin cənub bölgəsində istismara verilmiş «Şirvan» Elektrik Stansiyasının istismar müddəti başa çatdıqdan sonra Şirvan şəhərində gücü 780 meqavat olan «Cənub» Elektrik Stansiyasının fəaliyyətə başladığını qeyd edən məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, «Cənub» Elektrik Stansiyasının direktoru Saleh Məmmədlinin sürücüsü Məhəmməd Bəhramov adıçəkilən müəssisənin işçisi Namiq Xanbala oğlu Qasımovun ölümünə səbəb olub. Saleh Məmmədlinin sürücüsü Məhəmməd Bəhramovun monitor sürməyə ixtiyarı olmadığını iddia edən mənbənin sözlərinə görə, bunun üçün mütləq Fövqəladə Hallar Nazirliyindən müvafiq icazə alınmalıdır:
 
«Buna görə xüsusi vəsiqə verilir. Lakin buna baxmayaraq, müdirin sürücüsü Məhəmməd Bəhramov bu ilin avqust ayının 2-də monitoru sürüb. Deyilənlərə görə, həmin vaxt Namiq Qasımovda təhlükəsizlik kəməri-filan olmadığından «Bereqovoy» deyilən yerdə, nasosxanada monitordan yıxılıb yerə dəyib. Nəticədə onun dalağı əzilib. Sonra ona tibbi yardım göstərilmədən dərhal evə buraxıblar. Deyiblər ki, get evdə otur. Onun vəziyyəti ağır olsa da həkimə getməyə qoymayıblar. Namiq Qasımov hadisədən təxminən, iki gün sonra dünyasını dəyişib. İdarədən isə deyirlər ki, guya xərçəng xəstəsi olub və bundan vəfat edib».
 
Məlumatlı şəxs bildirir ki, «Cənub» Elektrik Stansiyasının direktoru Saleh Məmmədli bir sıra yollara baş vuraraq bu cinayət hadisəsini gizlətməyə, Namiq Qasımovun iş başında ölməsi faktını ört-basdır etməyə çalışır:
 
«Deyilənlərə görə, qurumun texniki təhlükəsizlik üzrə mühəndisi Nizami Süleymanov işinə səhlənkar yanaşdığı üçün sonda Namiq Qasımov ağır xəsarət alıb və bir qədər sonra dünyasını dəyişib. Baş mühəndisin müavini Ələsgər İsmayılov və sex rəisinin müavini Bəxtiyar Məmmədovun da Namiq Qasımovun ölümündə bilavasitə əli var. Onu da qeyd edim ki, «Cənub» Elektrik Stansiyasının rəhbər şəxsləri heç mərhumun yas mərasiminə də getməyiblər. Bunlar adını qoyublar ki, guya Namiq Qasımov xərçəng xəstəliyindən əziyyət çəkib. Lakin mərhumun həyat yoldaşı artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib. Ümumiyyətlə, işçinin adına mütləq «naryad» olmalıdır. Lakin həmin vaxt mərhum Namiq Qasımovun adına «naryad» olmayıb. Deyilənlərə görə, «Cənub» Elektrik Stansiyasının rəhbərliyi artıq bu məsələ ilə bağlı Əmək Müfəttişliyi ilə «razılaşıb» məsələni yoluna qoymağa çalışırlar. Yəni «Cənub» Elektrik Stansiyasının direktoru Saleh Məmmədli və qurumun digər yetkili şəxsləri Namiq Qasımovun ölüm faktını ört-basdır etmək niyyətindədir».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. //xalqxeber.az
 
 
Uluyol.info

Вернуться назад