Главная > Media > "Guya 5 manata mitinqə adamlar aparmışam"

"Guya 5 manata mitinqə adamlar aparmışam"


21-09-2016, 08:45.

«Məni sentyabrın 16-sı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxladılar. Təqribən 5 saata yaxın idarədə oldum və sonra sərbəst buraxdılar».

Bunu AzadlıqRadiosuna «Bakı Milli Televiziyası» internet TV-nin icraçı direktoru İlham Rəsulzadə bildirib.

Onun deməsinə görə, ofislərinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bütün avadanlıqları, kompüterləri özləri ilə aparıblar: «Nardaran hadisələri zamanı zərərçəkənlərlə bağlı çəkiliş etməyimizə irad tutdular ki, dindarları ofisə gətirib niyə çəkiliş aparmısınız? Guya 5 manata mitinqə adamlar aparmışam. Vergi məsələsinə baxdılar, ciddi bir şey tapılmadı. Amma buna baxmayaraq bütün avadanlıqları saxladılar, xarici pasportum verilsə də, şəxsiyyət vəsiqəmi qaytarmadılar».

İ.Rəsulzadənin deməsinə görə, konkret nədə ittiham edilməsi məlum deyil. Çünki hər hansı ittihamla cinayət işi başlanmayıb: «Buna görə də günahımın nə odluğunu və nədən ibarət olduğunu, hələ ki, bilmirəm».

İ.Rəsulzadə yenidən polisə çağırıldığını deyir.

«Bakı Milli Televiziyası» hələ fəaliyyətə başlamayıb. İ.Rəsulzadənin deməsinə görə, yaxın vaxtlarda fəaliyyətə başlamağı planlaşdırırdılar. Artıq çəkilişlərə də başlamışdılar.

Məsələyə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin münasibətini, hələlik, öyrənmək mümkün olmayıb.


Вернуться назад