Главная > Mövqe > Bu savaşın əsgəri olduq

Bu savaşın əsgəri olduq


9-09-2016, 00:12.
Alya Yaqublu

Milli Azadlıq Hərəkatı başlayanda mən tələbəydim. 

Tətillər, mitinqlər... Hamı kimi mən də meydandaydım. İnstitutu fərqlənmə diplomuyla bitirsəm də, o hay-harayda aspiranturaya girməyə nə marağım vardı, nə də həvəsim. 

Sonra 20 yanvar faciəsi baş verdi... Sonra Qarabağ savaşı başladı, müstəqillik və MDB arasında gəl-get hoqqaları oldu. Könüllülər müharibəyə yollandılar, biz mitinqlərə çıxdıq. O mitinqlərin birində mən publik şəkildə komsomol biletimi cırıb atdım, ilkin tibbi yardım haqqında anlayışım olduğunu, tibb bacısı kimi cəbhəyə getməyə hazır olduğumu dedim. Nə yazıq ki, fürsət olmadı, mən AXC üzvü olaraq bir şeylər etməklə kifayətlənməli oldum.

Sonra Xocalı faciəsi baş verdi, Mütəllibovun get-gəli oldu, ermənilər Şuşanı tutdular. Ardınca hakimiyyət dəyişikliyi və bircə il sonra da çevriliş. Təhdidlər, təzyiqlər, həbslər, repressiyalar... 

O qorxulu dönəmdə bir ovuc jurnalist, o cümlədən mən durmadan Əliyev rejiminin əleyhinə yazdıq, özümüzü, karyeramızı düşünmədik, dissertasiya yazmaq, titul qazanmaq heç ağlımızın ucundan da keçmədi. Biz demokratiya uğrunda mübarizənin statuslu qəhrəmanlarından olmadıq, bu savaşın sadəcə əsgərləri olduq.

Düzdü, sonrakı illərdə deyənlər oldu get, mövzu götür, müdafiə elə, sən də böyük adam ol). İstəmədim, bunların ədasını çəkəsi, süründürməçiliklərinə dözəsi səbrim yoxdu, - dedim. Əslində, heç vaxtım da yoxuydu, hələ də yazırdım.

İndi nəymiş, əfəndim, Müsavatın rəhbər orqanlarında tanınmış adamlar yoxmuş. Ömrü gah meydanlarda, gah seçki məntəqələrindəki saxtakarlarla mübarizədə, gah da türmələrdə keçən insanları nə vaxtsa vəzifədə olmayıblar deyə xor görmək hansı məntiqə sığır axı?

Hələ tanımayanlarınız varsa, öyrənin o insanların kimliyini, görün onların Azərbaycan adına çəkdiyi əziyyəti, daha dəqiq desək - əzabı.

Вернуться назад