Главная > Mənəviyyat > Paytaxtda endirimli kitab yarmarkaları keçirilir - Fotolar

Paytaxtda endirimli kitab yarmarkaları keçirilir - Fotolar


2-08-2016, 01:30.
Paytaxtda endirimli kitab yarmarkaları keçirilir - Fotolar
 
Şahbaz Xuduoğlu: "Yarmarkalar çox effektlidir, yay boyu da davam edəcək”... 

Paytaxtda yenidən kitab yarmarkalarının keçirilməsinə başlanıb. Həftə sonları
Nərimanov və Elmlər Akademiyası parklarında keçirilən yarmarkalar yay
boyunca davam edəcək. Bu barədə musavat.com-a "Qanun” Nəşriyyatının
rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. O, bildirib ki, yarmarkalarda kütləviliyi
təmin etmək üçün sosial şəbəkə üzərindən də təbliğat aparılır. 

"Kitab yarmarkalarına gələnlərin sayını artırmaq, yarmarkalar haqqında
məlumatların daha geniş yayılmasını təmin etmək məqsədi ilə tanıdığım,
hörmət etdiyim, kitaba olan sayğısını nəzərə alıb, bu dəfə 10 nəfəri dəvət
etdim, istədim ki, seçdiyim 10 dost özlərinə yaxın 10 nəfəri kitab
yarmarkasına dəvət etsin. Bu, uğurla həyata keçərsə həm kütləvilik təmin olar,
yarmarkalar haqqında məlumatlar geniş yayılar, həm də hər kəs kitaba
dəstək vermiş olar”,- deyə Ş.Xuduoğlu qeyd edib. 


Şahbaz Xuduoğlu həmçinin yarmarkanın ucuz kitab əldə etmək
baxımından faydalı olduğunu da vurğulayıb: "Yarmarkalar davamlı
olacaq. Əslində yay yarmarkalarını müntəzəm edirik. Endirimli kitab
yarmarkalarına beş mindən çox kitab çıxarılıb. 20 faiz endirimlə kitablar satılır.
Eyni zamanda, bir manatlıq kitablar satırıq. Bir manatlıq kitablara əsasən yerli
yazarların kitabları daxildir. Bu, yerli yazarların oxucu dairəsini genişləndirmək
məqsədi ilə həyata keçirilir. Əlbəttə, yay aylarıdır, şəhərdə adam çox deyil.
Buna görə yarmarkalara istədiyimiz qədər adam gəlmir. Amma hər halda
istəyirik ki, kitab unudulmasın, görünsün, ortalıqda olsun. Gələn adamların
sayı bizi qane etməsə də, adamların sayı az da olsa, yarmarkaları davam
edəcəyik. Yay ayları bitənə qədər yarmarkalarımız keçiriləcək. Dərs ili
başlanandan sonra yarmarkaları başqa formatlarda, başqa yerlərdə davam
etdirəcəyik. Yarmarkalar çox effektlidir, çünki ölkədə kitab dükanları azdır.
Regionlarda demək olar ki, dükanlar yoxdur. Buna görə kitab dükanlarından
xəbərsiz olan adamlar küçələrdə kitabları görərkən çox sevinirlər. Bu da bizə
azı stimul verən amillərdir”.

Ş.Xuduoğlu endirimlərin səbəblərini də açqılayıb: "Biz kitabla bağlı
şikayətlərin sıfıra enməsini istəyirik. Yəni daim deyirlər ki, kitab bahadır.
Sonra deyirlər ki, ala bilmirik, maaşımız aşağıdır. Hamısını başa düşürəm.
Bir manata kitab təklif edirik. Kitabın qiymətini yüksək hesab edənə
endirim edirik. Təki bəhanələr olmasın, təki kitab oxunsun. Yerli yazarların
kitabları az satılır. Endirimlərdə az satılma faktoru varsa da, eyni zamanda,
onları ələ çatımlı etmək istəyi də var. İstəyirik ki, daha çox adam yerli
yazarların kitablarına da çata bilsin, əldə edə bilsin”.

Qeyd edək ki, yarmarkalar həftənin şənbə və bazar günləri yenə də Nərimanov
və Elmlər Akademiyası parklarında keçiriləcək.

 



Вернуться назад