Главная > Kriminal > Şirvanda baş vermiş partlayışla bağlı cinayət işi başlanılıb

Şirvanda baş vermiş partlayışla bağlı cinayət işi başlanılıb


26-07-2016, 20:39.
Şirvanda baş vermiş partlayışla bağlı cinayət işi başlanılıb
Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri Şirvanda baş vermiş
hadisə ilə bağlı birgə məlumat yayıblar.
 
APA-nın xəbərinə görə,  məlumatda bildirilib ki, iyulun 26-da saat 15:30 radələrində
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz” zavodunun
utilizasiya sahəsində partlayış baş verib.
 
Dərhal hadisə yerinə Fövqəladə Hallar, Müdafiə Sənayesi, Daxili İşlər, Səhiyyə
nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları, həmçinin Fövqəladə Hallar
Nazirliyinin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunub, zəruri birgə tədbirlərin
görülməsinə başlanılaraq partlayışın genişlənməsinin qarşısı alınıb. Hadisə
nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 24 nəfərə təcili tibbi yardım
göstərilməsi üçün Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika
Mərkəzinə çatdırılıb, digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.
 
Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək
evə buraxılıb, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır
qiymətləndirilməklə müalicələri davam etdirilir.
 
Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində
Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik
qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq
ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluq,
Daxili İşlər və  Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət
istintaq-əməliyyat qrupu yaradılıb, digər zəruri prosesual hərəkətlər aparılıb.
 
İlkin araşdırmalarla müəyyən edilib ki, partlayış zavodun utilizasiya sahəsində
vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində
baş verib.
 
Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə kompleks
məhkəmə yanğın-texniki, partlayış, fiziki-texniki, materialşünaslıq, ekoloji, tikinti-texniki,
əmtəəşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilib.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Вернуться назад