Главная > Mənəviyyat / Yazarlar > Tamilla QULAMİ: "Ədalətli cəmiyyət və qadın"

Tamilla QULAMİ: "Ədalətli cəmiyyət və qadın"


23-11-2015, 23:41.
 
Bəzən insanları bürclər, doğulduğu illərə uyğun kateqoriyaya bölürlər. Adətən belə söyləmlərə inanmarıq. Çünki insanlar böyüyüb boya-başa çatdığı mühit vasitəsilə dəyişə bilir, ətrafındakıların, ailədə - ata, ana, dayı, əmi xala, baba və ya nənənin xasiyyətini götürür. Amma kim olursansa ol, həyatda nail olmaq istədiklərinə ədalətlə qərar verməli, haqla addımlamalı, sağlam mübarizə aparmalısan.

Ədalətin dostu tək məhkəmə deyildir. Bir bütün olaraq dövlət özü vətəndaşlarına qarşı ədalətli olmalıdır. Hansı qanunu çıxarırsa, çıxarsın, ədalət ölçülərinə uyğun davranması gərəkdir. Cinayətkarlara qanun uyğulayarkən, siyasət yürüdərkən, ölkənin daxili və xarici siyasətini bəlirləyərkən, keçirilən seçki proseslərində toplumun tələblərinə cavab verən ədalət prinsipini hər zaman üstün tutmalıdır. Ona görə də ədalət deyincə ağla sadəcə yarğılanma, məhkəmə, hakim, vəkil, müttəhim anlayışının gəlməsi doğru deyil. Ədalət heykəlinin sağ əlindəki qılınc, yeri gələndə ədalətin dağıdılmasında zor tətbiq olunmasını, sol əlindəki tərəzi isə lazım gələrsə, həssasiyyətin simvoludur. Qılınc və tərəzinin yerləri əsla qarışdırılmamalıdır.

Sistem demokratik bir şəkildə və ədalət tələbinə uyğun olaraq qurulmamışsa, vətəndaşın güvənliyi əksiksiz və qərarlı şəkildə qorunmursa, qısacası, əgər cəmiyyət bütün bu sistemə vərdiş edilməmişsə, ədalət adının, ölkədə məhkəmələrin olmasının heç bir önəmi yoxdur. Hakimiyyət hansı sistemdə olursa olsun, o ölkədə ədalətdən bəhs oluna bilməz.
Siyasi partiyalar, təşkilatlar demokratiyanın cəmiyyət və hakimiyyət arasındakı körpünü quran ən təməl qurumlardır. Bu bağın gücləndirilməsi və demokratiyanın tam anlamıyla prosedur və vərdiş olaraq həyata keçirilməsi siyasi təşkilatlarda qadın və kişilərin bərabər, ədalətli və dəngəli şəkildə təmsil edilməsiylə mümkündür. Son zamanlarda Azərbaycanda sosial, siyasi, iqtisadi və mədəni sahələrdə də qadınların yer alması get-gedə daha açıq şəkildə görünməyə başlayıb və bu da sevindirici haldır. Bu durum ictimai-siyasi həyatda qadınların aktivliyini göstərməklə yanaşı həm də demokratik təmsilçilik və bərabərliyin və ədalətin təsis edilməsində böyük rol oynayır. Təmsil etdikləri partiyaların, qurumların içindən cəmiyyətə təqdim olan qadınların baxış açısı, Azərbaycanda siyasətin tərzinin, biçiminin və rənginin dəyişəcəyinin xəbərçisidir. 
Danılmaz faktdır ki, demokratiya təkcə institusional kateqoriya deyil, o ilk növbədə həyat və düşüncə tərzidir. Şübhə etmirik ki, bu sahədə qadınların da əldə edəcəyi nailiyyətlərlə yanaşı görüləsi işləri də çoxdur. Çünki bu yolda görülən tədbirlər həm ölkəmizin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə yönəlib, həm də öz milli maraqlarımıza əsaslanır. Kimin hansı təşkilatı təmsil etməyindən asılı olmayaraq, qarşıya çıxan problemlərin öhdəsindən gəlmək üçün hüquqi dövlət quruculuğunda da bir ailə olaraq dövlətçilik və millətçilik adına əl-ələ verib işləmək əsas vəzifə borcu olmalıdır. Bir ölkədə vətəndaş güvəndədirsə, əsl vətəndaş kimi formalaşıbsa demək ki, o ölkədə haqq və ədalət öz yerindədir.
 
 
 
ULUYOL.INFO

Вернуться назад