Главная > Mənəviyyat > Əhli sünnənin fiqh kitabları deyir ki; “Ərəbistan ilə oruc tutub, bayram etmək olmaz!”

Əhli sünnənin fiqh kitabları deyir ki; “Ərəbistan ilə oruc tutub, bayram etmək olmaz!”


20-06-2016, 01:56.

 

Əhli sünnənin fiqh kitabları deyir ki; "Ərəbistan ilə oruc tutub, bayram etmək olmaz!”


 

Hədis: "Əgər cahil sükut etməyi seçsəydi, insanlar ixtilafa düçar olmazdı.”


Sözümə bu hədislə başlamağım heç də əbəs deyildir. Dini sahədə (xüsusən fiqhdə) savad və biliyə malik olmayan, təqlid nədir bilməyən, öz fiqh kitabından xəbərsiz olan və beləliklə cahilliyi və inadkarlığı üzündən ixtilaf toxumunu səpməyə çalışanlar var.

Sual: - Əhli sünnə fiqhinə əsasən başqa ölkənin üfüq xəttinə əsasən ay görünsə oruc tutmaq və ya bayram etmək olarmı?

Ümumi cavab: Xeyr olmaz.

Keçək təfərrüata. İki məntəqənin eyniüfüqlü olub-olmaması sabit (dəyişilməz) bir məsələ deyil, əksinə bir ay eyniüfüqlü olan iki məntəqə başqa bir ay eyniüfüqlü olmaya bilər. Ramazan ayının daxil olması ayın vasitəsi ilədir. Ayın görülməsi məsələsində də əhli sünnənin fiqh alimləri öz nəzərlərini qeyd ediblər. Heç bir alim ayın görülməsi məsləsində digər ölkələrin üfüq xəttinə, və həmin ölkələrin şəri hakiminə tabeçiliyi şərt qoşmur. Əksinə ya insan özü ayı görməli, ya da bir nəfər adil müsəlman şəxs ona bu məsələni desə kifayət edər. Və ya Şaban ayının günlərini 30-dan hesablamaqla Ramazanın daxil olduğunu bilə bilər. Bu deyilənlərə dəlil isə əhli sünnənin fiqh kitablarında glən bu hədisdir: " İnsanlar təzə doğmuş ayı görmək üçün axtarışa çıxmışdılar. Mən onu gördüyümü peyğəmbərə (s) xəbər verdim. Peyğəmbər (s) bu xəbərlə özü oruc tutdu və camaata da oruc tutmağı əmr etdi. (Fiqhus-sünnə, 1 c, səh. 367)

Daha ətraflı bax: İslam fiqhi səh 261. – Ümumi fətvalar, Fiqh kitabı)



İmam Şafeinin fiqh kitabında isə məsələ daha aydın şəkildə qeyd olunmuş və qətiyyətlə qeyd olunur ki, digər ölkərdə ay görünsə belə, oruc tutan şəxs mütləq öz ölkəsinin hakiminə tabe olmalıdır.


Həmin hissəni sizə təqdim edirik: " Şafei məzhəbinə görə bir ölkədə ruyəti hilal (red: ayın gözlə müşahidəsi) sabit olarsa hər yandan 144 km-dən az olan yerlərə hökmü keçərlidir. Fəqət 144 km-ə yəni Şafeilərə görə səfər namazı qılına biləcək qədər və ya daha çox uzaq yerlərə isə, nə oruc tutmaq və də bayram etmək xüsusunda o ölkəyə tabe ola bilməz. Məsələn: Libya və ya Tunusda hilal (red: ay) görünsə Türkiyədə mövcud müsəlmanlar onlara tabe ola bilməzlər. Ancaq bir ölkədə ruyəti hilal (red: ayın gözlə müşahidəsi) sabit olduğundan oranın hakimi oruc tutmaq və ya bayram etmək üçün hökm verirsə hakimiyyəti altında olan hər kəs – Şafeilər daxil – hakimin hökmünə uymağa məcburdurlar.” (Böyük Şafei İlmihali səh. 254-255, Əl-Fətəva, əl Kübra c. 2, səh 81)


 


Digər bir məsələ isə sırf olaraq Səudiyyə Ərəbistan ilə bağlıdır. Böyük Şafei İlmihali səhifə 255-də qeyd olunur ki; "Əgər Səudiyyə Ərəbistanında ay görülsə, digər ölkələrdə yaşayan Şafeilər onların hökmü altında olmadıqları üçün Ərəbistana tabe ola bilməzlər.”


 

Ramazan ayının daxil olması və başa çatması məsələsində başqa ölkəyə tabe olmağın caiz olmadığını Əbu Hənifənin nəzərələrinə əsasən toplanmış digər fiqh kitabında da görə bilərik.


 

Sizə göstərdiyim bu dəlilər hamısı əhli sünnə kitablarında dönə-dönə zikr olunduğu halda nə üçün hələ də bəzilər öz fiqhinə əml etməkdən boyun qaçırır? Nə üçün bir sadə həqiqəti anlamırlar ki Ramazan ayının daxil olması ay və üfüqlədir vəssalam!

Bir maraqlı cəhətdə bundan ibarətdir ki, bəziləri hətta oruc açmaq və imsak vaxtı üçün belə Səudiyyə Ərəbistana zəng edir. Bunu dəfələrlə eşidib, müşahidə etdiyimdən qeyd etdim. Çox gülnc haldır. Ən azından ona görə ki Səudiyyə Ərəbistanla Azərbaycan arasında düz iki saat zaman fərqi var. Belə olan halda necə ola bilər ki, iki ölkənin namaz vaxtı üst-üstə düşə?! Nə üçün düşünmürsünüz?!


Nəticə: Əhli sünnə fiqh kitablarına əsasən heç bir halda başqa ölkədə ay göründü deyə, o da oruc tuta və ya bayram edə bilməz. Hər bir mükəlləf öz ölkəsinin üfüqünə əsasən oruc tutmalı və bayram etməlidir. Sonda sözümü yenə bu hədislə bitirirəm.

Hədis: "Əgər cahil sükut etməyi seçsəydi, insanlar ixtilafa düçar olmazdı.”


Mahir Şəkərov / İlahiyyatçı yazar.

 

Uluyol.info

 



Вернуться назад