Главная > Problem > Şəhid anası: “Əgər beş min manat versən, oğlunu arxa cəbhəyə sala bilərəm”Mənim beş min manatım hardaydı ki,...

Şəhid anası: “Əgər beş min manat versən, oğlunu arxa cəbhəyə sala bilərəm”Mənim beş min manatım hardaydı ki,...


19-06-2016, 15:37.
 
Aprel döyüşlərində şəhid olan əsgərlərimizdən biri də şəhid Əlizaman Fərrux oğlu İslamovdu. 

Biz də şəhidin ailəsi ilə görüşmək üçün Lənkəran rayon Cil kəndinə yola düşdük. Cil kəndində bizi şəhidin yaxın qohumları qarşıladı və bildirdilər ki, şəhidin anası Hürnisə xanım Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayır. Cil kəndindəki qəbristanlıqa şəhidin məzarını ziyarət edib Bakıya Zabrat qəsəbəsində qayıtdıq. Bizi Zabrat qəsəbəsində şəhidin anası Hürnisə xanım Kərimova qarşıladı.

Şəhid anası təəsüflənərək bildirdi ki, bu günə kimi heç kim onunla maraqlanmır: "Siz birinci adamsınız ki, qapımı açırsınız”.

"Bazarda alver edirdim...”

"Əlizaman mənim aman – zaman gözümün ağı – qarası tək övladım idi. 1995 – ci ildə Lənkəran rayonundan Sabunçu rayon Zabrat – 2 Montin küçəsi ev 22 - ə gəlin köçdüm. Əlizaman da 1997 – ci ildə həmin evdə doğuldu. Qayınatamgil məni yola vermədiyinə görə 2006 – cı ildə həyat yoldaşım Fərruxdan boşandım və Əlizamanı öz himayəmə götürərək mən böyütdüm. O, vaxtdan Əlizaman əsgərliyə gedənə qədər bazarda alver edirdim.

"Əlizaman gedib atasigillə görüşəndə, onun üzünə qapını belə açmadılar...”

Əlizaman Zabrat qəsəbəsində yerləşən 75 – saylı orta məktəbi bitirdi və ordan da Maştağada 13 – saylı peşə məktəbində oxudu. Deyirdi ki: "Ana, gedim əsgərliyə gəlim səni qoymayacam işləməyə”. 2015 – ci ilin oktyabr ayının 20 – də Əlizaman hərbi xidmətə yollandı. Hərbi xidmətə gedəndə dedim ki, get, atangillə görüş. Əlizaman gedib atasigillə görüşəndə, onun üzünə qapını belə açmadılar. İlk üç ayını Gəncə şəhərində xidmət etdi. Sonra isə Naftalan rayonuna yollandı. Əlizamn tək övlad olduğuna görə ümidim o idi, ona görə də gedib Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Qərargah Təşkilat – Səfərbərlik İdarəsinin rəisi Hikmət Xalıqovla görüşdüm. Dedim ki, uşağımı cəbhə xəttinə göndərməyin çünki ona nəsə olsa, onda mən tək qalacam. Bircə oğuldan başqa mənim heç kimim yoxdu. Hikmət Xalıqov mənə dedi ki: "Əgər beş min manat versən, oğlunu arxa cəbhəyə sala bilərəm”. Mən də kor – peşiman geri qayıtdım. Mənim beş min manatım hardaydı ki, kiməsə verəm.

"Əlizamanın cənazəsini doğulub boya – başa çatdığım Lənkəran şəhər Cil kəndinə apardım...”

Mart ayının 20 – də Əlizamanın hərbi hissəsinə getdim. Dedi ki: "bizi burdan harasa aparacaqlar”. Qol saatını, dəftərçəsini və bir dənə hərbi papağını mənə verdi. Papağının da içinə yazıb ki: "evə yadigar”. Əlizaman aprel döyüşləri zamanı ayın 4 – də şəhid olub. 5 – i bizə xəbər gələndə, mən özümdən getdim. Sonra gördüm ki, adamlar həyətimizə gəlir. Mənim başım adamlara qarışdığı bir vaxtda bizə xəbər gəldi ki, Zabrat qəbristanlığında şəhid üçün qəbir qazırlar. Sonra bildik ki, qəbristanlıqda rəhmətə getmiş qaynımın yanında Əlizamanı dəfn etmək istəyirlər. Bundan xəbər tutan qaynım Rauf qəbristanlığa gələrək deyib ki: "burda dəfn etməyin, bu yer qardışımın yanıdı və atamı burda dəfn edəcəyik”. Orda adamlar da etiraz edib deyiblər ki: "sən bir şəhidə yer vermirsən?!”. Bundan mən xəbər tutan kimi Əlizamanın cənazəsini doğulub boya – başa çatdığım Lənkəran şəhər Cil kəndinə apardım.

"Heç kim mənimlə maraqlanmır...”

Aprelin 6 – da kəntdəki Məsciddən cənazəni qəbristanlığa götürdülər və qalan yas mərasimlərini qardaşımın kənddəki evində verdik. Bunu da qeyd edim ki, yas mərasimlərinə Sabunçu rayon icra hakimiyyəti və Lənkəran rayon icra hakimiyyəti köməklik göstərib. Əlizamının dəfn mərasiminə nə atası, nə də onun adamları gəlmədilər. Həyat yoldaşım bir qadının evinə girib onunla qeyri – rəsmi yaşayır. Yeddi mərasimini burda verdim və Əlizamanın ata tərəfindən bir nəfər mərasimə gəlmədilər. Mənimlə heç kim maraqlanmır. Mənim oğlum vətən uğurunda şəhid olub. Amma mən üç aydır ki, dövlət tərəfindən Əlizamana veriləcək medalını, nə də başqa köməklikləri görməmişəm. Mənim tək uşağım şəhid olub və mən tək qalmışam. Gəlsinlər mənə yiyə dursunlar. Heç kim mənimlə maraqlanmır.

"Mənim onlara sözüm var...”

Komissarlıqdan mənə bildirirlər ki, atası imzalamasa, şəhidi təltif edə bilmərik. Gərək atasının imzası ola. Atası da imzalamaqdan boyun qaçırır. İndi də kimsə onu başa salıb və atası iddia edir ki, şəhid olduğu üçün dövlət tərəfindən verilən pul mənə çatmalıdı. Bu axı haqsızlıqdı. Mən uşaq böyütmüşəm atası isə, pul istəyir. Mən neçə dəfə Mehriban xanım Əliyevanın qəbuluna düşmək istəmişəm, amma bu mümkün olmadı. Xahiş edirəm məni qəbul eləsinlər. Mənim onlara sözüm var.

"Əlizaman hər gecə yuxuma girib deyir ki...”

Əlizaman hər gecə yuxuma girib deyir ki: "ana, məni çək, çıxar burdan”. Mən oğlumu istəyirəm. Mən tənha qalmışam. Məni axtaran yoxdu. İndi, bacımın uşaqları gəlib mənimlə qalır. Üç aydır ki, evin suyunu kəsiblər. Mən şəhid anası olaraq qapılardan su daşıyıram. Gedib Zabratın icra nümayəndəsi İlqar müəllimə dedim ki, gəlin su xəttini düzəldin. O, vaxtdan bu günə kimi gələn yoxdu. Bunlar şəhid anasına belə hörmət edirlər. Bu yarım tikili evdə zülüm çəkirəm.

Sonda şəhidin ailəsinə səbr diləyib oradan ayrıldıq.
 
Vasif Əlihüseyn-moderator.az










Вернуться назад