Главная > Mənəviyyat > Ramazan ayı iyunun 7-də başlayır

Ramazan ayı iyunun 7-də başlayır


26-05-2016, 11:15.
Ramazan ayı iyunun 7-də başlayır
 
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclası keçirilib.

Uluyol.info bildirir ki, iclasda müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verilib.

Bildirilib ki, bu il Azərbaycanda miladi təqvimlə 7 iyun, hicri tarixlə Ramazan ayının birinci günü, Eydül-Fitr (Fitr Bayramı) isə iyulun 6-na təsadüf edəcək və həmin gün ölkədə Bayram namazı qılınacaq.

Fətvada deyilir: "Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qur`ani-Kərimin nazil olduğu Mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-taaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Ramazani-şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası aşağıdakıları bəyan edir: Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 07 iyun 2016-cı ilə təsadüf edəcəkdir. Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaqdır. Oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulmuşdur.

Müqəddəs Kitabımız Qur`ani-Şərifdə bu barədə ayələr vardır: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, (bu ibadət vasitəsilə pis əməllərdən) çəkinəsiniz!" (Bəqərə, 183). Həzrəti Peyğəmbərdən nəql olunan qüdsi hədislərdə orucluğun Allah-taalaya aid olduğu və mükafatının da məhz Uca Allahın Özü tərəfindən veriləcəyi bildirilmişdir. Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Bu ibadətin sayəsində insan aclığa və susuzluğa tab gətirərək öz nəfsinə qalib gəlir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir.

Bu ayda ən böyük savab - Qur`anı tilavət etmək, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib etmişdir. Bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, eləcə də dindarlarımızdan tələbimiz budur ki, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərə müraciət edilməsin.

Əminik ki, Azərbaycan Respublikasının Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və yerli İcra Hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə köməkçi olacaq, kütləvi informasiya vasitələri və sosial media məzhəb ayrı-seçkiliyinin yolverilməzliyi baxımından vacib olan bu təqvimin təbliği və yayılmasına məsuliyyətlə yanaşacaqdır. İnşallah, Eydül-Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 06-na təsadüf edəcəkdir.

Uluyol.info

Вернуться назад