Главная > Ümumi > Arif Yunus azadlığa buraxıldı

Arif Yunus azadlığa buraxıldı


13-11-2015, 00:08.

 

Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasda Penitensiar xidmətin Tibb Baş İdarəsinin məhkəməyə ünvanladığı məktub oxunub. Həmin məktubda qeyd olunub ki, Almaniyadan gəlmiş mütəxəssislər A. Yunusu müayinə ediblər. Həmin müayinənin nəticələrinə görə, onun təzyiqi həddindən artıq yüksəkdir.

 

Bundan sonra A. Yunusun vəkili Əfqan Məmmədov çıxış edib. O, A. Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.

 

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib. Məhkəmə isə vəsatəti təmin edərək A. Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Arif Yunus bir neçə ağır maddə ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə  7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Məhkəmə prosesi davam etdiriləcək.


Вернуться назад