Главная > Ölkə > Müsavat başqanı: “Ordumuza dəstək verməyə hazırıq”

Müsavat başqanı: “Ordumuza dəstək verməyə hazırıq”


2-04-2016, 19:56.

"Tərtər, Füzuli və digər bölgələrimizdə yaranan hərbi gərginliklə bağlı vəziyyəti narahatlıqla izləyirik”. Bu sözləri bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

Musavat başqanı qeyd edib ki, bu məsələr bu gün Müsavatın Məclisində də ətraflı müzakirə olunub: "Məlumat mübadiləsi apardıq, hərbi əməliyyatlar şəraitində üzərimizə düşən görəvləri bir daha dəqiqləşdirdik”.

"Məclisin toplantısına Tərtərdən olan nümayəndələrimiz qatılmamışdılar. Onlar indiki məqamda rayondan çıxa bilməzdilər. Bizimlə yalnız telefonla əlaqə qurub, baş verənlərlə əlaqədar bizi məlumatlandırır, rayon ərazisində öz vətəndaşlıq borclarını yerin yetirirlər”, – Arif Hacılı bildirib.

Arif Hacılı Müsavat Partiyasının ordumuza uğurlar arzuladığını vurğulayıb: "İstər döyüş əməliyyatlarında iştirak etmək, istərsə də təbliğat və informasiya qovğasında ordumuza hər cür dəstək verməyə, xalqımızın səfərbərliyi üçün əlimizdən gələni etməyə həmişə hazır olduğumuz kimi, indi də hazırıq. Ərazi bütövlüyümüz uğrunda şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Vətən sağ olsun!”


Вернуться назад