Главная > Problem > AXCP-nin Ədliyyə Nazirliyinə qarşı iddiası təmin olunmayıb

AXCP-nin Ədliyyə Nazirliyinə qarşı iddiası təmin olunmayıb


31-03-2016, 18:40.

Elman Fəttah: "Ədliyyə Nazirliyi nəinki sifarişli, həm də savadsız qərar qəbul edib”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ədliyyə Nazirliyinə qarşı ötən ilin dekabrında qaldırdığı iddiaya martın 30-da 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb.

Bu iş üzrə dəfələrlə məhkəmə iclası təyin olunsa da, cavabdeh tərəf olan Ədliyyə Nazirliyinin nümayəndəsi iştirak etmədiyindən proses təxirə salınırdı.

Azadlıq Radiosunun məlumatına görə, budəfəki məhkəmə iclasında nazirliyi təmsil edən Nəsimi Quliyev bildirib ki, İnzibatı-İqtisad Məhkəməsi bu iddiaya baxa bilməz. Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna əsaslanan nümayəndənin sözlərinə görə, şikayət birbaşa apellyasiya məhkəməsinə verilməli idi.

Nəsimi Quliyev eyni zamanda, AXCP ilə yanaşı, partiyanın sədri Əli Kərimlinin də iddiaçı qismində tanınmasına etiraz edib.

O bildirib ki, Əli Kərimlinin partiyanın sədri seçilməsinə dair son qurultayın nəticələri dövlət qeydiyyatına alınmayıb, ona görə də AXCP sədri kimi partiyanın adından iddia qaldıra bilməz.

Bu qərarı hüquqi baxımdan şərh edən Müsavat başqanının müavini Elman Fəttah Ədliyyə Nazirliyini həm də savadsızlıqda günahlandırıb.

"Əvvəla "Qurultayın neticəsi reyestrə daxil edilmədiyi üçün Əli Kerimli iddiaçı kimi çıxış edə bilməz” yanaşması təkcə sifariş yox, həm də savadsızlıqdır. Məhz qurultayın nəticəsi reyestrə daxil edilmədiyi üçün AXCP ilə bağlı hüquqi vəziyyət qurultaydan öncə qüvvədə olan hüquqi vəziyyətə tabedir. Yəni, qüvvədə olan qeydiyyat sənədlərinə görə Əli Kerimli AXCP -nin sədridir, və bu mübahisəsizdir”, – Elman Fəttah bildirib.

"Digər tərəfdən Ədliyyə Nazirliyinin "AXCP adına iki müraciət var. Gedin məhkəməyə müraciət edin” qərarında zatən hüquqdan əsər-əlamət yox idi. AXCP-nin adına olan qeydiyyat reyestr sənədlərində, nazirliyə təqdim olunmuş əvvəlki qurultayın nəticələrinə dair protokol ve digər normativ sənədlərin hər hansı birində Razi Nurullayevin və ya hər hansı digər şəxslərin heç AXCP üzvü olmalarına dair sənəd yoxdur, nəinki AXCP adına təmsilçiliyə əsas verən sənəd. Onlar nazirliyin "tanıdığı”, qurultaydan öncəki AXCP-dən çoxdan xaric ediliblər. Nazirlik hansı əsasla onları üzv kimi tanıya, hətta təmsilçi kimi mübahisələndirə bilər? Bu baxımdan nazirlik AXCP -nin qurultayının nəticələrinə dair yalnız iki qərar qebul edə bilərdi:
1. Qurultayın nəticələrini reyestrə daxil etmək.
2. Qurultayın nəticələrini reyestrə daxil etməkdən imtina etmək. Bu halda qurultay "yox hökmündə” sayılırdı və Əli Kerimli də onun sədri olaraq qalır”, – Elman Fəttah bildirib.

Müsavat yetkilisi məsələnin siyasi tərəfinə də toxunub: "Nə Ədliyyə Nazirliyinin, nə Azərbaycan məhkəmələrinin qərarının ictimaiyyətin gözündə qoz qabığı qədər dəyəri var. Bu qərarlar yalnız belə qərarların qəbul edilməsində "istinad nöqtəsi” olanların çürüklüklərini nümayiş etdirir”.(bastainfo.com)


Вернуться назад