Главная > Aktual > “Baş prokuror hardan bilir ki, İntiqam Əliyevin məhkəməsində…”

“Baş prokuror hardan bilir ki, İntiqam Əliyevin məhkəməsində…”


26-03-2016, 13:54.

“Baş prokuror hardan bilir ki, İntiqam Əliyevin məhkəməsində…”Martın 28-də saat 14-15 radələrində tanınmış vəkil və vicdan məhbusu İntiqam Əliyev sərbəst buraxılacaq. Xəbər verdiyimiz kimi, baş prokuror Zakir Qaralov İntiqam Əliyevin işi ilə bağlı Ali Məhkəmənin plenumuna protest təqdim edib.

Məhkəmə sistemindəki mənbə "Basta” əməkdaşı ilə söhbətində İntiqam Əliyevin azad edilməsinin saatının belə artıq məlum olduğunu deyib və baş prokurorun protestini şərh edib.

"Azərbaycanda baş prokurorun protest vermək səlahiyyəti mövcuddur. Amma indiyədək bu səlahiyyətlərdən nadir hallarda istifadə olunub. Siyasi məhbuslarla bağlı isə heç vaxt belə protest verilməyib. Başqa işlərə dair belə bir protest veriləndə də yüngülləşdirici yox, ağırlaşdırıcı halların nəzərə alınması məsələsi qaldırılıb”, – mənbə deyib.

"Baş prokuror öz protestində yazıb ki, məhkəmə İntiqam Əliyevin barəsində yüngülləşdirici halları nəzərə almayıb və Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını, təqsirləndirilən şəxsə şərti cəza verilməsini müzakirə etməyib. Baş prokuror hardan bilir ki, məhkəmə bunu müzakirə etməyib?! Axı belə müzakirələr müşavirə otağında olur. Müşavirə otağında olan müzakirələr isə protokollaşdırılmır”, – mənbə deyib.

Mənbə həmçinin deyib ki, Ali Məhkəmənin Plenumu hər 3 aydan bir keçirilir. Növbəti Plenum aprel ayında keçirilməli idi: "Martın 28-də növbədənkənar plenumun keçirilməsi İntiqam Əliyevin azad olunması məsələsində konkret planın mövcud olmasını göstərir”.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində imzalanan əfv fərmanı nəticəsində 14 siyasi məhbus azad edilsə də, ölkədə siyasi məhbus problemi ümumən həll olunmadı. Həbsxanalarda onlarla siyasi məhbus qalmaqdadır. Əfv fərmaından dərhal sonra Azərbaycanda və xaricdə fəaliyyət güstərən onlarla nüfuzlu təşkilat, o cümlədən Qərbin nüfuzlu beynəlxalq qurumları həbsxanada qalan digər siyasi məhbusların da azad olunması ilə bağlı Azərbaycan hakimiyyətinə tələb və çağırışlar ünvanlayıblar.

Rəsmi çağırışlarda İntiqam Əliyevin adı xüsusi olaraq göstərilməyib. Amma istisna deyil ki, hakimiyyətə İntiqam Əliyevlə bağlı qeyri-rəsmi çağırış olub. Ali Məhkəmənin aprel ayında keçirilməli olan Plenumunun bir qədər irəli çəkilməsini də təsadüf saymaq çətindir. Xatırladaq ki, aprel ayında ölkə başçısı İlham Əliyevin Amerikaya səfəri nəzərdə tutulub…



Вернуться назад