Главная > Müsahibə > Bu gün Almas İldırımın doğum günüdür.

Bu gün Almas İldırımın doğum günüdür.


25-03-2016, 16:42.

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür.

 

 Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndinda anadan olub. Ali məktəbdə oxuduğu vaxt varlı tacir oğlu olduğuna görə Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilib.

 

1926-cı ildə şair Süleyman Rüstəmlə birlikdə "Dün bugün” adlı şeir məcmuəsinin müəllifi olub. 1928-də şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilib. Sürgündə olarkən "Dağlardan xatirələr”, "Ləzgi elləri”, "Krımda axşamlar”, "Səlimxan” və "Günah kimdədir?” adlı şeirlərini yazıb. 1930-cu ildə Bakıya qayıdan Almas "Dağlar səslənərkən” adlı şeirlər kitabını nəşrə verib. Lakin kitab senzuradan keçməyib və şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olub. Bundan sonra o Türkmənistana sürgün edilib və orada bir müddət məktəb direktoru vəzifəsində çalışıb.

 

Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, A.İldırım ideolojimiz üçün zərərli bir insandır... Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur. Şair İranda həbs olunaraq 25 gün həbsdə qalır. O, İranda bolşevik casusu hesab edilərək işgəncə görür. Bu işgəncələr şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olub. Azad edildikdən sonra Məşhəd şəhərinə göndərilən şair ürəyincə iş tapa bilmədiyi üçün çox yoxsul, acınacaqlı həyat sürür.

Almas İldırıma "Ölməz eşqim Almas Yıldırım”, "Boğulmayan səs”, "Yeddi qapı” və b. kitablar həsr olunub.

 

İranda yaşaya bilməyən Almas İldırım daha sonra Türkiyəyə gəlib və 1934-cü ildə Türkiyə vətəndaşlığına qəbul edilib. O, burada katibliklə, kargüzarlıqla məşğul olub, ibtidai məktəbdə dərs deyib. Ömrünün təqribən 12 ilini yaradıcılığını davam etdirməklə yanaşı, müxtəlif qəsəbə bələdiyyələrində çalışıb.

 

Almas İldırım 1952-ci il yanvarın 14-də böyrək xəstəliyindən Türkiyədə Elezığda vəfat edib.

 

Abşeronun Şüvəlan kəndində şairin adını daşıyan küçə var.(axar.az)


Вернуться назад