Главная > GÜNDƏM > Qubad İbadoğlunun vəkillərinin qaldırdığı vəsatətlər təmin edilmədi

Qubad İbadoğlunun vəkillərinin qaldırdığı vəsatətlər təmin edilmədi


5-12-2023, 18:51.

        Qubad İbadoğlunun vəkillərinin qaldırdığı vəsatətlər təmin edilmədi

 

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlunun evindən götürülən sənədlərin qaytarılması, həmçinin sözügedən evə qoyulmuş möhürün götürülməsi ilə bağlı vəkilləri və rəhbəri olduğu təşkilat Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.

O bildirib ki, məhkəmə vəsatətləri təmin etməyib.

"Söhbət 13 iyulda aparılan axtarış zamanı Qubad İbadoğlunun evindən götürülən və indiyədək qaytarılmayan İqtisadi Tədqiqatlar Mərkəzinə məxsus sənədlərdən gedir. Həmin sənədlərin Qubad İbadoğlu ilə əlaqəsi yoxdur. Sözügedən evə də möhür qoyulub. Təşkilatlar öz fəaliyyətlərini də davam etdirə bilmirlər. Biz də məhkəməyə müraciət etdik ki, həm evə qoyulmuş möhür götürlüsün, həm də sənədlər İqtisadi Tədiqiqlar Mərkəzinə qaytarılsın. Çox təəssüf ki, məhkəmə, bizim növbəti şikayətimizi də təmin etmədi”.

Z. Sadıqova Q. İbadoğlunun səhhəti ilə də bağlı bildirib ki, hazırda onun bel ağrıları davam edir.

Xatırladaq ki, Q.İbadoğlunu iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan, lakin ofis kimi istifadə edilən mənzildə axtarış aparılıb və 20 min dollar pul tapıldığı bildirilib. Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir. Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Q.İbadoğlu həmin pulların oraya öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.

İstintaqın gedişində – avqustun 25-də ona CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsi ilə yeni ittiham verilib.

İqtisadçı bu ittihamın da absurd olduğunu söyləyərək ifadə verməkdən imtina edib.

Noyabrın 16-da məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.

 


Вернуться назад