Главная > Baş Xəbər / Mövqe > Müstəqil jurnalistlər “Abzas Media”ya təzyiqləri pislədilər
Müstəqil jurnalistlər “Abzas Media”ya təzyiqləri pislədilər21-11-2023, 17:21. |
Müstəqil jurnalistlər "Abzas Media”ya təzyiqləri pislədilərAzərbaycan jurnalistlərinin böyük bir qrupu "Abzas Media” rəhbərlərinin – Ülvi Həsənli və Sevinc Vaqifqızı, eləcə də bu nəşrlə əməkdaşlıq edən fəal Məhəmməd Kekalova qarşı cinayət təqibini pisləyən bəyanatla çıxış edib.
Bəyanatı olduğu kimi təqdim edirik:
"Azərbaycanda uzun illlərdir ki, söz və ifadə azadlığı siyasi hakimiyyətin amansız repressiyaları və təhdidi altındadır. Ölkədə bütün fundamental azadlıqlar, xüsusən də söz və ifadə azadlığı tamamilə məhdudlaşdırılıb sıradan çıxarılmağa hesablanıb.
İndiyə qədər ölkədə bu yöndə atılan addımlar, qəbul edilən mürtəce qərar və qanunlar da məhz bu repressiyanın tərkib hissəsi olub.
Azərbaycan faktiki olaraq Konstitusiyada müəyyən edilən fundamental hüquq və azadlıqlara, qoşulduğu konvensiyalara və götürdüyü öhdəliklərə qarşı çıxan bir ölkəyə çevrilib.
2021-ci ildən isə davamlı olaraq məhv edilmiş Azərbaycan mediasının az sayda fəaliyyət göstərən nümunələrinin də tamamilə sıradan çıxarılması siyasəti yürüdülür.
Buna 2021-c ildə qəbul edilən mürtəce "Media haqqında" Qanunu və qanunvericiliyə gətirilən çoxsaylı hüquqazidd normaları, həmçinin söz azadlığına qarşı amansız davranışları misal göstərmək olar.
Azərbaycanda fəaliyyət göstərən və hakimiyyətin korrupsiya əməllərini araşdıran müstəqil media orqanı "Abzas Media"ya qarşı noyabrın 20-də başlanan basqılar da siyasi sistemin azad mətbuata qəddar münasibətinin ifadəsidir.
Bildiyiniz kimi, noyabrın 20-də "Abzas Media"nın dirketoru Ülvi Həsənli zorakılığa məruz qalaraq həbs edilib. O saxlanılarkən işgəncə və qeyri-insani rəftara məruz qalıb. Bundan sonra media orqanının ofisində və Ülvi Həsənlinin mənzilində axtarış aparılıb.
5 saat davam edən axtarış zamanı polis əməkdaşları guya saytın ofisində 40 min avro pul "aşkarlayıblar". Bundan sonra Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qaçaqmalçılıq) iş açılıb. Lakin repressiya və təzyiqlər bununla da məhdudlaşmayıb.
"Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) noyabrın 20-dən 21-nə keçən gecə ölkəyə qayıdarkən Bakı Hava Limanında saxlanılıb. Gecə saatlarında həmçinin Sevinc Vaqifqızının mənzilində axtarış aparılıb. Ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qaçaqmalçılıq) iş açılıb.
Eyni zamanda, "Abzas Media" ilə əməkdaşlıq edən ictimai fəal Məhəmməd Kekalov 24 saatdan artıqdır ki, saxlanılıb və harada olması barədə hər hansı bir məlumat verilmir.
Bütün bu ittiham və təzyiqlərin nə qədər gülünc və absurd, həmçinin konstutsion hüquqlara, konvensiyalarda nəzərdə tutulan azadlıqlara zidd olduğunu nəzərə alaraq Azərbaycan hakimiyyətinə çağırış edir, bu saxta ittihamı dayandırmağı tələb edirik.
Həmçinin Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlara müraciət edərək onlardan bu məsələni diqqətdə saxlamağı, Azərbaycan hakimiyyətinin hamılıqla tanınan və beynəlxalq hüquqla təsbit edilən təməl hüquq və azadlıqlara dair öhdəliklərini yerinə yetirməyə, onun qanunazidd və repressiv addımlarına qarşı əməli addımlar atmağı tələb edirik.
Hesab edirik ki, bütün bu repressiyaların məsuliyyəti birmənalı olaraq beynəlxalq tədbirlərdə Azərbaycanda "media azaddır" deyən Prezident İlham Əliyevin üzərindədir.
Şəmşad Ağa - "Arqument.az" saytının baş redaktoru Alya Yaqublu - Toplum TV-nin əməkdaşı Aynur Elgünəş - Meydan TV-nin baş redaktoru Rövşən Hacıbəyli - "Azadlıq" qəzetinin redaktoru Şahnaz Bəylərqızı - Toplum TV-nin əməkdaşı Mustafa Hacıbəyli - "Basta" saytının baş redaktoru Hafiz Babalı - "Turan" İnformasiya Agentliyinin iqtisadiyyat redaktoru Samirə Əhmədbəyli - Müstəqil jurnalist Ülviyyə Əli - Müstəqil jurnalist Elməddin Şamilzadə - "Avasor TV"-nin baş redaktoru Anar Abdulla - "Gözətçi portalı" - jurnalist Samirə Qasımlı - RLC kanalının baş redaktoru Sevda Səmədova - Meydan TV-nin redaktoru Natiq Cavadlı - Meydan TV-nin əməkdaşı Fatimə Mövlamlı - Müstəqil jurnalist Vüqar Qurdqanlı - "Az24saat.org " saytının baş redaktoru Mehman Hüseynov - Sancaq TV Şəhla Kərim - müstəqil jurnalist Xədicə İsmayıl - Toplum TV-nin baş redaktoru Nicat Əmiraslanov - müstəqil jurnalist Pərvanə Qurbanlı - Toplum TV-nin əməkdaşı Şahvələd Çobanoğlu - "Azadlıq” qəzetinin köşə yazarı Əziz Elxanoğlu - "Turan” İA-nın əməkdaşı Orxan Məmməd - Meydan TV-nin redaktoru Aytən Fərhadova - Müstəqil jurnalist Gülər Mehdizadə - Müstəqil jurnalist Günel Səfərova - Müstəqil jurnalist Nigar Mübariz - Müstəqil jurnalist Esmira Cavadova - Toplum Tv-nin əməkdaşı Qənimət Zahid - Turan TV-nin rəhbəri Əziz Orucov - Kamal 13-ün rəhbəri İsmi Şahzadə - Oc-Media-nın jurnalisti Ramin Deko - reportyor Seymur Kazımov - müstəqil jurnalist Əfqan Muxtarlı - araşdırmaçı jurnalist Nurlan Libre - müstəqil jurnalist Aytac Tapdıq - Meydan TV-nin əməkdaşı Aygün Aslanlı - jurnalist, kino tənqidçisi Ülviyyə Şahin - müstəqil jurnalist Fikrət Hüseynli - TİME TV-nin baş redaktoru Emil Cəfərov - TİME TV Kamran Mahmudov - "Turan” İA-nın əməkdaşı".
Вернуться назад |