Главная > Islam > TƏBƏRRÜK – xeyir və bərəkətə açılan vasitə

TƏBƏRRÜK – xeyir və bərəkətə açılan vasitə


5-09-2023, 13:06.

               TƏBƏRRÜK – xeyir və bərəkətə açılan vasitə


 

Təbərrük sözünün ərəb dilindən tərcüməsi "bərəkətli etmək” mənasını verir. Hər hansı müqəddəs şəxsiyyətin xatirə məqsədilə qorunub-saxlanılan şəxsi əşyasına yaxud müqəddəs məkana məxsus yadigara təbərrük deyilir. Həzrət Mühəmməd Peyğəmbərin (s) saç-saqqal telinin, sınmış dişinin müsəlmanlar tərəfindən təbərrük kimi götürüldüyü barədə rəvayətlər var. Peyğəmbərin həyat yoldaşı Ümmi-Sələmə Onun saçının telini və tər damlalarını yığıb ətirlə qarışdırmış və saxlamışdı. Peyğəmbərin vəfatından sonra müsəlmanlardan kimə göz dəyirdisə və ya başqa bir xəstəliyə tutulurdusa, Ümmi-Sələmə Həzrət Peyğəmbərin tellərini bir qabın içinə salıb-çıxarır, sonra həmin suyu xəstə üçün göndərirdi. Xəstələr də bu suyu içib şəfa tapırdılar (Səhihül-Buxari, Libas kitabı, 5896-cı hədis). Hətta məşhur səhabə Ənəs ibn Malik vəsiyyət etmişdi ki, vəfat edəndən sonra onun hənutuna Peyğəmbərin saç tükünün və tərinin qarışdırıldığı ətirdən qatsınlar (Səhihül-Buxari, Istizan kitabı, 6281-ci hədis). Ənəsin anası Ümmi-Süleym də Peyğəmbərin tərini toplayıb ətir kimi qoxulayırdı (Səhihü Müslim, Fəzail kitabı, 6055-6057-ci hədislər). İslam Peyğəmbəri həcc ziyarəti zamanı saçını qırxdırdıqdan sonra tükləri müsəlmanların arasında paylamağı tapşırmışdı (Səhihü Müslim, Həcc kitabı, 3152-3155-ci hədislər; Sünənüt-Tirmizi, Həcc kitabı, 912-ci hədis; Sünənü Əbu Davud, Həcc kitabı, 1981-ci hədis). Məşhur səhabə Xalid ibn Vəlid Həzrət Mühəmməd Peyğəmbərin (s) saçının telini öz dəbilqəsinin içində gəzdirir və inanırdı ki, bu dəbilqə ona qələbə gətirir (Hakim Nişaburi. Əl-Müstədrəkü ələs-Səhiheyn, III, 366-367; 5366-cı hədis). Bəzən Həzrət Peyğəmbər və imamlar hər hansı şəxsə öz geyimlərindən birini bağışlayırdılar. Bu geyim həmin şəxs tərəfindən əziz bir xatirə kimi qorunur, vəfatından sonra onun varislərinə təhvil verilirdi (məsələn: Həzrət Mühəmməd Peyğəmbərin (s) şair Kəb ibn Züheyrə hədiyyə etdiyi xirqə. Bu xirqə hal-hazırda Istanbulun Topqapı muzeyində, Müqəddəs Əmanətlər Ekspozisiyasında saxlanılır). Bəzən isə hətta həmin geyimi tikə-tikə doğrayıb, təbərrük kimi camaata paylayırdılar. Bu gün də müqəddəs Kəbə evinin örtüyünü (kisvət) hər həcc mövsümünün sonunda kiçik hissələrə bölür və hacılara paylayırlar. Həzrət Mühəmməd Peyğəmbərin (s) sağlığında onun dəstəmaz suyunu müsəlmanlar təbərrük kimi yığır, sonra üzlərinə və bədənlərinə sürtür, hətta şəfa məqsədilə içirdilər (Səhihül-Buxari, Vüzu kitabı, 187-189-cu hədislər; Səlat kitabı, 376-cı və 501-ci hədislər, Mənaqib kitabı, 3553-cü və 3566-cı hədislər; Libas kitabı, 5859-cu hədis). Təbərrük hər şeydən əvvəl bir xatirə və yadigardır. Bu məsələdə ifrata varmaq mövhumata və xurafata gətirib-çıxara bilər. Təbərrükün öz-özlüyündə insana hər hansı fayda verə biləcəyinə inanmaq mənasızdır. Yalnız Allahın izni ilə təbərrük insana fayda yetirə bilər. Hər hansı müqəddəs şəxsiyyətin və ya yerin təbərrükünü özü ilə gəzdirən şəxs buna inanmalıdır ki, onu qoruyan Allahdır; sadəcə olaraq o, həmin təbərrükün mənsub olduğu müqəddəs şəxsin və ya yerin xatirinə Allahın amanında qalır.
//islam.az

 


Вернуться назад