Главная > Kriminal / Cəmiyyət > Gömrük Komitəsinin eksperti həbs olunub

Gömrük Komitəsinin eksperti həbs olunub


29-08-2023, 13:07.

           Gömrük Komitəsinin eksperti həbs olunub

 

Aslan Bayramov köhnə avtomobillərin istehsal tarixi ilə bağlı sənədləri saxtalaşdırmaqda ittiham olunur

 

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti Aslan Bayramov həbs olunub.

 

O, istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdırmaqda ittiham olunur. Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

 

Gömrük Komitəsi Aslan Bayramov haqqında prokurorluğa – Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məlumat göndərib.

 

Bundan sonra cinayət işi başlanıb.

 

Azərbaycanda Nazirlər Kabineti martın 29-da "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərar qəbul etmişdi.

 

Həmin qərara əsasən, istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsi qadağan olunmuşdu.

 

İddia olunur ki, Aslan Bayramov bu ilin mayından avqusta qədər 45 avtomobil üçün ümumilikdə 13 min 500 manat pul alaraq, onların istehsal tarixiylə bağlı sənədləri saxtalaşdırıb.

 

Aslan Bayramova qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

 

Lakin Aslan Bayramovun bu ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

 


Вернуться назад