Главная > Baş Xəbər / Mövqe > Medvedev: Rusiya NATO-ya müharibə elan edə bilər

Medvedev: Rusiya NATO-ya müharibə elan edə bilər


29-08-2023, 17:31.

           Medvedev: Rusiya NATO-ya müharibə elan edə bilər

 

"Ukraynanın gələcək hücumları da müharibə elan etmək üçün əsas yaradır”

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev Qərbin Kiyevin Krıma zərbələr endirməsinə razılıq verməsinə münasibət bildirib.

 

Medvedev "Telegram” kanalında qeyd edib ki, bu qərar Moskvanın NATO-ya qarşı hərəkət etməsinə imkan yaradır.

 

"Çox təəssüf ki, apokalipsislə bağlı proqnozlar getdikcə özünü doğruldur. Kiyevin Krıma hücumları, Rusiyanın NATO-da hamıya və hər kəsə qarşı hərəkət etməsi üçün əsas verəcək. Ukraynanın gələcəkdə baş verə biləcək hücumları da müharibə elan etmək üçün əsas yaradır”, – Medvedev deyib.

 

O, Vladimir İliç Lenindən sitat da gətirib: "Biz başqalarına müdaxilə edərkən xatırlanırıq”.

 

Medvedev həmçinin Xruşşovun qələbənin həmişə Rusiyada qaldığını qeyd edən sözlərini xatırladıb.

 

Avqustun 28-də Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, müttəfiq ölkələr Ukrayna Silahlı Qüvvələrinin Krıma zərbələr endirməsinə icazə verib.

 

"Bu gün artıq mütləq konsensus (dövlətlər arasında mübahisəli məsələ üzrə ümumi razılığa gəlmə-red) var ki, biz rusların hər şeyini, məsələn, elə Krımda da məhv edə bilərik”, – Podolyak deyib.

 

O əlavə edib ki, Rusiya ərazisini vuran dronların sayı artacaq.

 

Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

 

2015-ci il martın 16-da nəzarəti ələ keçirdiyi ərazidə referendum keçirib.

 

Referendumun təşkilatıçıları əhalinin 96, 77 faizinin Rusiyaya birləşməyə "hə” dediyini iddia ediblər.

 

2022-ci il sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

 

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarı olduqlarını istəyiblər.

 

2022-ci il oktyabrın 19-da isə Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk "Xalq Respublikaları”nda, Zaporojye və Xerson vilayətlərində hərbi vəziyyətin tətbiq edilməsi haqqında fərman imzalayıb.

 

2022-ci il fevralın 21-də isə o, qondarma Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasının (LXR) müstəqilliyini tanıdığını deyib.

 

Çıxışında Ukraynanın Rusiya tərəfindən yaradıldığını deyən Putin Lenini Ukraynanın "müəllifi və qurucusu” adlandırıb.

 

2022-ci il fevralın 24-də isə Rusiya Ukraynaya qarşı geniş hərbi əməliyyatlara başlayıb.

 


Вернуться назад