Главная > Cəmiyyət > AXCP qurultayını Maştağada keçirəcək

AXCP qurultayını Maştağada keçirəcək


20-06-2023, 09:34.

                AXCP qurultayını Maştağada keçirəcək

 

Əli Kərimli zal kiçik olduğu üçün qonaq çağıra bilməyəcəklərini deyib

 

İyunun 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) VII qurultayı keçiriləcək.

 

Maştağa Mədəniyyət Evində baş tutacaq tədbirdə hesabatlar dinləniləcək, Ali Məclisin və MNTK-in yeni tərkibi seçiləcək, o cümlədən, ictimai-siyasi hadisələrə münasibət bildiriləcək.

 

Bu barədə Meydan TV-yə partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Seymur Həzi danışıb.

 

S.Həzi deyib ki, hər iki ildən bir partiyanın qurultayı keçirilməlidir, amma pandemiya və hakimiyyətin yaratdığı maneələr tədbirin bir qədər gecikməsinə səbəb olub.

 

Partiyanın sədri Əli Kərimli isə hakimiyyətin əvvəlki illərdə qurultay keçirdikləri zallarda onlara yer vermədiyini bildirib: "Bəs deyirdilər ki, hakimiyyətin qorxusu çıxıb, özgüvəni yerinə gəlib? Amma indi qurultay keçirməyə imkan verilmir. Qurultayımız da belə maneələrə görə illərlə yubanır. Ona görə də qərara gəldik ki, hakimiyyətin razılaşdığı Maştağa Mədəniyyət Evinin zalı kiçik olsa da, tədbirimizi birtəhər keçirək”.

 

AXCP sədri zal kiçik olduğu üçün qonaq dəvət edə bilməyəcəklərini vurğulayıb: "Potensial qonaqlarımız üzrlü bilsinlər. Qurultayımız mətbuat üçün açıqdır”.

 

"Hakimiyyət hələ də anlamayıb ki, müxalifətin gücü ofisdə, iclas etdiyi zalların böyüklüyündə deyil. Əsas odur ki, xalqın əksəriyyəti müxalifətin mövqeyini, siyasi platformasını müdafiə edir, müxalifəti haqlı bilir. Hakimiyyətin isə korrupsioner, saxtakar, oğru olduğunu fakt kimi qəbul edir. Hakimiyyətin ictimai rəydəki məğlubiyyəti bir gün hüquqi, siyasi məğlubiyyətə də çevriləcək”, - deyə Kərimli fikrini bitirib.

 


Вернуться назад