Главная > Müsahibə > Azərbaycan-İran münasibətlərinə təsir edən FAKTORLAR - "Rəsmi Bakını buna məcbur etmək istəyirlər" - ŞƏRH

Azərbaycan-İran münasibətlərinə təsir edən FAKTORLAR - "Rəsmi Bakını buna məcbur etmək istəyirlər" - ŞƏRH


4-04-2023, 19:26.

          Azərbaycan-İran münasibətlərinə təsir edən FAKTORLAR-"Rəsmi Bakını buna məcbur etmək istəyirlər" -ŞƏRH

 

"İranla Azərbaycan arasındakı gərginliyin Ukrayna-Rusiya münasibətləri səviyyəsinə gəlib çıxmasına imkan vermək olmaz. Çünki nisbətlər qat-qat fərqlidir”.

Bu fikri İran-Azərbaycan gərginliyinin hərbi sferaya keçmə ehtimalını dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.


Tərlan Eyvazov bildirib ki, İran Azərbaycana hərbi müdaxilə edərsə, bu onun sonu olar:

"İranla bağlı müxtəlif fikirlər var. İranı yaxşı araşdıran şəxslərin bəziləri iddia edir ki, bu ölkə hərbi müdaxilə edə bilməz. Bəziləri isə İrandan hər şey gözlənilə bilər fikrini dəstəkləyir. Düşünürəm ki, İran ölkəmizə qarşı aqressiv siyasət yeritməklə Azərbaycanın müttəfiqlərinə göstərmək istəyir ki, hərbi müdaxilə edə bilər. Məxsusi olaraq ABŞ-nin son vaxtlar Azərbaycanın yanında olmasını bəyan etməsindən sonra düşünmürəm ki, İran Azərbaycana hərbi müdaxilə etsin. Məsələ ondadır ki, tərəflərin qızışdırılması prosesi də davam etdirilir.

Son görünən odur ki,tərəflər gərginliyin, diplomatik qarşıdurmanın bitməsini istəyir.Türkiyədə seçkilər yekunlaşdıqdan sonra Türkiyə liderinin rolu ilə yaxınlaşma baş verəcək. Həmişə belə olan hallarda Türkiyə, Azərbaycan və İran əməkdaşlığı gündəmə gəlib. Bu ölkələrin əməkdaşlığı olmadan regionda sabitlik qeyri-mümkündür. Hər üç ölkənin inkişafı tərəflərin iqtisadi əməkdaşlığından keçir. İqtisadi əməkdaşlıq da diplomatik, siyasi əməkdaşlıqdan keçir. İndiki halda heç bir tərəf güzəşt etmək istəmir. Əsəb müharibəsi gedir. Ancaq bu müharibə kənara çıxmır.

İranla Azərbaycan arasındakı iqtisadi münasibətlər davam etməkdədir.Baxmayaraq ki, Azərbaycanın İrandakı səfirliyi terror aktından sonra fəaliyyətini dayandırıb. Diplomatik əlaqələr İranın Azərbaycandakı səfirliyi və Azərbaycanın Təbrizdəki konsulluğu üzərindən davam edir. Ancaq bu da bir yerə qədər olmalıdır.

Gərginliyin Ukrayna-Rusiya münasibətləri səviyyəsinə gəlib çıxmasına imkan vermək olmaz.Ukrayna-Rusiya arasındakı nisbətlər Azərbaycanla İran arasındakı nisbətlərdən qat-qat fərqlidir. Orada Avropadır, burada şərqdir. İranın əlində uzaqmənzilli raketlər və digər vasitələr var. Azərbaycanın ərazicə kiçik vəziyyətdə olması, iqtisadiyyatın bilavasitə Xəzərdəki neft yataqlarına bağlılığı, həmçinin Ermənistanla hələ də sülh müqaviləsinin bağlanmaması, daxildə olan Qarabağ probleminin həll olmaması nəzərə alsaq, bizə ikinci cəbhənin açılması sərf etməz və buna yol vermək olmaz.

İranın Azərbaycana müharibə etməsi indiki şəraitdə inandırıcı deyil. Ancaq bu baş verərsə, bundan Azərbaycanın ziyan çəkəcəyi şübhəsizdir. Məsələ ondadır ki, müharibə İran üçün həm daxildən, həm xaricdən sonun başlanğıcı ola bilər. Biz nə qədər İrana "mollabaş” desək də, onlar dövlətçilik ənənəsinə sahibdirlər və bilirlər ki, hərbi müdaxiləyə yol vermək olmaz.

Hər bir halda Azərbaycana təzyiq göstərib, rəsmi Bakını hansısa güzəştlərə getməyə məcbur etmək istəyirlər.

Göründüyü kimi Zəngəzur dəhlizi məsələsi dondurulub. Bunu etiraf etmək lazımdır. İranla əldə edilmiş razılaşmaya görə nəqliyyat yollarını ordan da işə salmaq olar.

Azərbaycan öz daxilindəki problemləri həll etməklə məşğul olmalıdır. Hansıki o yöndə çalışırıq.

İran buna altdan hansısa narazılıq edirsə, üstdən heç bir reaksiya vermir və verə də bilməz. Əsas işimiz daxilimizdəki problemləri müvəffəqiyyətlə həll etmək olmalıdır”.

Səxavət Məmməd,  yenicag.az


Вернуться назад