Главная > Yazarlar > Hər rəngdə yanvar

Hər rəngdə yanvar


18-01-2023, 05:00.

                  Hər rəngdə yanvar

 

Hikmət Sabiroğlu

Yanvar son günündən başlayır: yoxdan dövlət qurmuş cümhuriyyətçilərin lideri Məhəmməd Əmin Rəsulzadə 31 yanvarda doğulub.

İlk ayın zirvəsi, qalan ayların siftəsidir 31 yanvar, 71 illik ömrünün 52 ili Azərbaycan davasında keçən və… yurdunda düşməni heç əskilməyən kişinin günü.

Sonra 20 yanvar gəlir: şəhidliyin ilki, yurdun Rəsulzadələrə dönüş günü.

Yanvarın 20-si Mübariz Əsgərovun ("Qulp” Mübariz) doğum günüdür həm də. Ad günü deyə bilmirsən.

Qürbətdəki simsarım Gülnar Məsimlinin də taleyində belə ad günü var.

Çox əziz adamların ayıdır yanvar.

Yanvarın 2-də Azər Mehtiyev doğulub. Rəsulzadə yolçusu. Ver bu ölkənin iqtisadi idarəçiliyini Azərə, gör halallıq necə olur.

Yanvarın 6-sı Rövşən Hacıbəylinin ad günüdür. Qətlə yetirilmiş "Azadlıq” qəzetinin vəfalısı.

Yanvarın 8-i Mustafa Hacıbəylinin doğum günüdür. 20 yaşında Şuşa torpağına qanı axmış qazi Mustafa.

Yanvarın 12-də Yusif Rzayev doğulub. "525-ci qəzet”in qurucu redaktoru. Tarix başqa cür getsə, indi Yusifin 525 minlik bir media ordusu vardı.

Yanvarın 17-də Vasif Quliyev doğulub. Azərbaycan tarixinin araşdırıcısı, jurnalist. Şuşadan çıxmış çox dahi ilə öyünürük, çağdaşımızı da unutmayaq.

Yanvarın 22-si dava adamı, Rəsulzadə partiyası Müsavatın başqanı Arif Hacılının ad günüdür.

Unudulmaz bir sinif yoldaşım da həmin gün dünyaya gəlib.

Yanvarın 23-ü uşaqlıq dostum Səbuhinin ad günüdür.

Yanvarın 25-də İmran Bədirxanlı doğulub. Anadangəlmə jurnalist.

Uşaqlıq dostum Adilin də ad günüdür 25 yanvar. Əsl zabit.

Yanvarın 1-i üç yaxın qohumun və sinif yoldaşım Bəxtiyarla əsgərlik dostum Ağanın ad günüdür.

Bəxtiyar sinfimizin yaraşığı olub.

İndi Şuşada çalışır, hər şuşalıya qismət deyil bu.

Ağa əsgərlikdə hamımızın dayağı idi.

1 yanvar mənim də doğum günümdür…

Hər rəngdə ad günü gördüm.

***

Təzadlı yanvar.

1990-cı il yanvarın 30-da atamın insult keçirdiyini xatırlayıram.

Vaxtilə yazmışam, 20 Yanvar faciəsi onu çox sarsıtmışdı. Yorğan-döşəyə düşdü və bundan sonra ha əlləşsə də, özünü cəmləyə bilmədi, Yanvar faciəsində tapdığı xəstəlik il yarım sonra onu əlimizdən aldı.

1992-ci ilin 26 yanvarı. Şuşanın Daşaltı kəndindəki iztirablı döyüş.

Qisas 28 il sonra gəldi.

Amma o ağırlıq tam getmir. Həm də bir şeyə görə: 1992-ci ilin Daşaltı döyüşündə ayağını itirən qazini azad Şuşanın yolundan geri qaytarırlar…

2008-ci ilin 16 yanvarında sonbeşiyimiz bacımı, 2013-cü ilin 15 yanvarında anamı itirdim.

Həyat budur.

Yanvarın bir möhürü də 2020-ci ilin 18 yanvarı, əziz Aynur Mirhəsənin itkisidir. Ad günü 27 yanvara düşən Aynurun…

Novator.az

 


Вернуться назад