Главная > Ölkə > Piyadaların üzərinə su sıçradanlar cərimələnəcək - DYP

Piyadaların üzərinə su sıçradanlar cərimələnəcək - DYP


10-01-2023, 19:39.

            Piyadaların üzərinə su sıçradanlar cərimələnəcək-DYP

 

Baş Dövlət Yol Polisi İdarəsi piyadaların üzərinə su sıçradan sürücülərlə bağlı məlumat yayıb.

İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev "Qafqazinfo”ya bildirib ki, piyadaların üzərinə qəsdən su sıçradan sürücülər məsuliyyətə cəlb ediləcək:

"Hazırda respublikanın bəzi bölgələrində və paytaxtda qarlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də artırır. Qarlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır. Odur ki, mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı yollarda daha məsuliyyətli olmalıdır. Xüsusilə sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də şinlərin mövsümə uyğun olmasına və əyləc sisteminin sazlığına əmin olmalı, qar sularının yollarda yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar.

Unutmaq olmaz ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır. Belə sürücülər aşkar edildiyi təqdirdə barələrində İXM-nin 342.1.5 maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Nəzərə almaq lazımdır ki, şaxtalı havada piyadaların suyla islanması xoşagəlməz bir hal yaradır. Bütün sürücülər yollarda hərəkət edərkən piyadaları da nəzərə almalıdırlar”.

 


Вернуться назад