Главная > Siyasət > Erməni ekspert: “Hakimiyyət repressiv mexanizmlərə əl atır”

Erməni ekspert: “Hakimiyyət repressiv mexanizmlərə əl atır”


9-01-2023, 20:49.

             Erməni ekspert:"Hakimiyyət repressiv mexanizmlərə əl atır”

 

"Ermənistanda internetə çıxışın məhdudlaşdırılması artıq problemdir, çünki biz nə həqiqi sifarişçiləri, nə də onların əsl niyyətlərini bilirik”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan deyib. O, yerli hökumətin müharibə dövründə internetə çıxışın məhdudlaşdırılması ilə bağlı təşəbbüsünü sərt tənqid edib.

"Hakimiyyət internetin tamamilə bağlanmasına qədər çox sərt repressiv mexanizmlər tətbiq etmək istəyir. Bildiyimə görə, Ermənistanda hələ ki, heç kim bunu həyata keçirməyə cəhd etməyib. Bütün bunların hansı nəticələrə gətirib çıxara biləcəyini belə bilmirik. Təsəvvür edin ki, hansısa məmurun əlinə keçid qoyurlar və bir gün o, qərara gəlir ki, hər şeyi söndürmək lazımdır. Bank sisteminin aqibətinin necə olacağını heç kim bilmir. Mobil rabitə sadəcə tamamilə yox ola bilər. Ümumiyyətlə, ölkənin bütün infrastrukturu haqqında zəif təsəvvürümüz var. Məsələn, bizdə kritik infrastruktur haqqında qanun yoxdur. Yəni bizdə bu infrastrukturun siyahısı belə yoxdur. Biz hələ onu necə qoruyacağımızı bilmirik”, - deyə Martirosyan bildirib.

Erməni ekspertin fikrincə, təklif olunan mexanizmlər, əslində, medianı "soymağa”, yəni onları bütün lazımi avadanlıqlardan məhrum etməyə imkan verəcək:

"Onlar bütün texniki bazanı əlindən ala biləcəklər, jurnalistlərə yalnız dəftərlər və qələmlər qalacaq”.

Xatırladaq ki, Ermənistan hakimiyyəti "Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanuna dəyişiklik layihəsi hazırlayıb. Qanunvericilik təşəbbüsünün məqsədi ölkədə hərbi vəziyyətin tətbiqi zamanı internetə çıxışı məhdudlaşdırmaqdır. Söhbət xüsusən də saytların, sosial şəbəkələrin, internet proqramlarının bloklanmasından, həmçinin internetə çıxışın qismən və ya tam məhdudlaşdırılmasından gedir. Belə məhdudiyyətləri yalnız baş nazirin müavini tətbiq edə bilər.

 


Вернуться назад