Главная > Siyasət > Bu gün ABŞ Konqresinə aralıq seçkilər keçirilir

Bu gün ABŞ Konqresinə aralıq seçkilər keçirilir


8-11-2022, 20:28.

          Bu gün ABŞ Konqresinə aralıq seçkilər keçirilir

 

Bu gün amerikalılar ABŞ Konqresinə seçkilərdə səsvermədə iştirak edəcəklər.

AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, seçkilərdə 435 yerlik Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) üzvləri və senatorların üçdəbiri seçiləcək. Bundan əlavə, seçicilər 36 ştat və üç ərazinin (Quam, Şimali Mariana adaları və Amerika Samoası) qubernatorlarını da seçəcəklər.

Qərb mediası qeyd edir ki, bu seçkilər amerikalıların ABŞ prezidenti Co Baydenin fəaliyyətinə verdiyi qiymətin öyrənilməsinə dolayısı imkan yaradacaq, eyni zamanda, 2024-cü ildə keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində əhval-ruhiyyənin mühüm indikatoru olacaq.

Seçkilər prezidentlik müddətinin ortasında keçirildiyi üçün aralıq seçkilər adlanır.

Budəfəki aralıq seçkilər ABŞ-da artan inflyasiya və tənəzzül əndişələri, eləcə də qeyri-sabit beynəlxalq mühit fonunda keçirilir. Bir çox seçicilər ölkədə cinayətkarlığın səviyyəsindən və miqrasiyanın vəziyyətindən də narahat olduqlarını bildirirlər. Sorğular göstərir ki, bu məsələlərin bir çoxunda seçicilər hazırda demokratlardan daha çox, respublikaçılara etibar edirlər.

Bundan əlavə, Amerika mətbuatının fikrincə, seçkilər Ukraynaya yardım məsələsini daha kəskin şəkildə gündəmə gətirə bilər. İndiyədək hər iki partiya müvafiq yardımı dəstəkləyir, lakin respublikaçılar Nümayəndələr Palatasında və Senatda çoxluq qazansalar, bu yardım üzərində daha sərt nəzarət başlaya və hətta onu ixtisar etmək məsələsinə baxıla bilər.

 


Вернуться назад