Naxçıvanda daha bir qanun pozuntusu –Vüqar
Abbasov deputat mandatından məhrum edilməlidir
Bu günlərdə sosial şəbəkələrdə əsas ofisi Naxçıvanda yerləşən
"Cahan Holdinq”lə bağlı bəzi məlumatlar yayıldı. Həmin məlumatların nə qədər
doğru olduğunu dəqiqləşdirmək üçün araşdırma apardıq, holdinqin saytına nəzərə
yetirdik. Holdinqin cahan.az saytında axtarış apararkən çox ciddi bir məlumatla
rastlaşdıq. Açığı elə bilirdik, "Cahan Holdinq”in prezidenti Vüqar Abbasov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçildikdən sonra formal
da olsa holdinqdəki vəzifəsini dondurub. Amma ora Naxçıvandır axı. Muxtar
respublikada hansı qanun işləyir ki, bu da işləsin. Deməli, Vüqar Abbasov hələ
də "Cahan Holdinq”in prezidentidir. Halbuki, bu, qanunla qadağandır. Vüqar
Abbasov nəinki holdinq prezidentidir, hətta Naxçıvan Muxtar Respublikası
Sahibkarlar Konfederasiyasının da İdarə Heyətinin sədridir. Yəni sahibkar
olmalısan ki, bu konfederasiyada təmsil olunasan və ora rəhbərlik etməyə də
hüququn yarana. Bu da Vüqar Abbasovun sahibkarlıqla məşğul olduğunu təsdiqləyən
faktlardan biridir.
Qeyd edək ki, Vüqar Abbasov 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə
keçirilən seçkilərdə 24 saylı seçki dairəsindən Ali Məclisə deputat seçilib.
Doğrudur, Vüqar Abbasov illərdir ki, sahibkarlıqla məşğul olur. "Cahan
Holdinq”in prezidentinin bacarıqlı bir sahibkar olduğu, şirkətini qısa müddət ərzində
sürətlə böyütdüyü çoxlarına bəllidir. Amma Azərbaycan qanunları deputatın
sahibkarlıqla məşğul olmasına yol vermir. Vüqar Abbasov deputat seçildikdən
sonra sahibkarlıqla məşğul olmamalı idi. Əgər söhbət Naxçıvandan gedirsə, bu,
mümkündür.
Bu məsələyə münasibət bildirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri
Arzuxan Əlizadə TNS-ə açıqlamasında Konstitusiyanın maddələrini xatırladıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsində Milli Məclisin
deputatlığına namizədlərə bir sıra tələblər irəli sürülüb. Həmin maddədə göstərilib
ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə
məşğul olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə
bilməzlər. Əgər namizədlər belə fəaliyyətlə məşğuldurlarsa, deputat seçildikdən
sonra bu fəaliyyətlərini dayandırmalıdırlar. Konstitusiyanın 89-cu maddəsində
isə Milli Məclisin deputatlarının səlahiyyətlərinin itirilməsi halları sadalanıb.
Bu maddədə də konkret olaraq göstərilir ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətləri
istisna olmaqla, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul
olan şəxslər deputat mandatından məhrum edilir. Hər bir millət vəkili qanunun tələblərinə
əməl etməlidir”, - partiya sədri bildirib.
Arzuxan Əlizadə deyib ki, eyni tələblər Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da nəzərdə tutulub.
"Bu məsələlər Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 15-ci və 19-cu
maddələri ilə tənzimlənir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatları da sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Deputatlar
Konstitusiyanın irəli sürdüyü tələblərə əməl etməlidirlər. Əks təqdirdə onların
deputat səlahiyyətlərinə xitam verilməlidir. Əgər belə bir fakt varsa, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin hər hansısa bir deputatı biznes fəaliyyəti
ilə məşğuldursa, hansısa şirkətin rəhbəridirsə, Konstitusiyanın müvafiq maddələrinə
uyğun olaraq, o, səlahiyyətlərini itirmiş hesab edilməli və onun deputat səlahiyyətlərinə
xitam verilməlidir”, - partiya sədri qeyd edib.
Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli TNS-ə açıqlamasında
bildirib ki, Azərbaycanda dövlət vəzifəsi daşıyan, hətta deputat olan şəxslər
arasında bizneslə məşğul olanlar az deyil. Mövcud müvafiq qanunvericilik vəzifə
sahibləri və millət vəkillərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı
qadağan etsə də, buna ciddi nəzarətin olmadığını müşahidə edirik.
"Belə çıxır ki, dövlət idarəetməsində və qanunvericilik bazasında bu kimi
hallara qarşı sərt cəzalandırma mexanizmlərinin hələ də mövcud olmaması bir
çoxlarının əl-qolunu açmasına səbəb olur. Dövlət vəzifəsi tutan və deputat olan
şəxslərin niyə bizneslə məşğul olmasının qadağan edilməsinin isə prinsipial səbəbləri
var. Məsələ burasındadır ki, yüksək post tutan, yaxud deputat olan şəxslər
daşıdıqları statusun onlara verdiyi geniş inzibati imkanlardan sui-istifadə etməklə
özlərinə geniş biznes şəbəkəsi yaratmaq, ədalətli rəqabət mühitini zədələmək,
eyni zamanda müxtəlif biznes sahələri üzrə inhisarçı şirkətlər formalaşdırmaq
fürsətləri əldə edir. Azərbaycanda uzun illərdir, oliqarxik məmur burjuaziyası
təşəkkül tapıb deyəndə məhz bunu nəzərdə tuturuq ki, dövlət vəzifəsində təmsil
olunanlar, parlamentdə mandat alıb siyasətlə məşğul olanlar da yaxşı qazanmaq
üçün sahibkarlıq fəaliyyətinə üz tuturlar. Belə bir vəziyyət qanunvericiliyə,
azad bazar iqtisadiyyatına, sərbəst ticarətə ziddir. Ən ciddi problem də budur
ki, ölkəmizdəki varlı adamlar biznesmenlərdən daha çox qanunsuz şəkildə
sahibkarlıqla məşğul olan vəzifəli şəxslər və millət vəkilləridir. Bu hal Azərbaycanda
korrupsiyanın yüksək həddə çatmasında da mənfi rol oynayır. Hesab edirik ki,
Cinayət Məcəlləsində vəzifəli şəxslərin bizneslə məşğul olmalarına görə məsuliyyəti
nəzərdə tutan maddələr, normalar daha aydın və dəqiq müəyyənləşdirilməli,
qanunların və normaların tətbiqi, onlara nəzarət mexanizmləri sərtləşdirilməlidir”,
- partiya başqanı bildirib.
Onu sözlərinə görə, bir çox qanunla həqiqətən də deputatın, məmurun kommersiya
fəaliyyəti ilə məşğul olması qadağandır: "Deputatların statusu haqqında qanunda
bu, kifayət qədər aydın ifadə olunub, konstitusiyada da müvafiq maddə
mövcuddur. Məsələnin ən təhlükəli tərəfi isə belə deputatların müəyyən
lobbiçilik maraqlarından çıxış edərək, kimlərinsə kommersiya maraqlarını təmin
etmək kimi zərərli işlərlə məşğul olmasının adiləşməsidir. Milli Məclisin
spikeri, müavinləri, o cümlədən dövlətin hüquq-mühafizə orqanları bu kimi
hallara göz yummamalı, qanun hər kəsə sərt formada tətbiq olunmalıdır”.
Anar Əsədli də Konstitusiyanın 89-cu maddəsini xatırladıb.
"Həmin maddənin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan
Respublikası Milli Məclisinin deputatı elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti
istisna olmaqla, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul
olduqda mandatından məhrum edilir. Ancaq görünən odur ki, ölkəmizdə bir çox vəzifəli
şəxsləri və millət vəkillərini bizneslə məşğul olmaqdan çəkindirmək üçün Konstitusiyanın
müvafiq maddələri, Cinayət Məcəlləsində müvafiq qadağanedici və xəbərdaredici
normalar kifayət etmir. Birdəfəlik anlamaq lazımdır ki, əgər qanun qadağan
edirsə, deməli, deputat bizneslə məşğul ola bilməz. Hər kəs qanunun bu tələbinə
əməl etməlidir, dövlət isə müvafiq qanunun işləməsini təmin etməlidir.
Sahibkarlıq fəaliyyəti azad təşəbbüskarlıqdır və kimsə bunu qadağan etmir,
lakin həm siyasətlə məşğul olub eyni zamanda kommersiya fəaliyyəti göstərmək
yanlışdır. Bir sözlə, millət vəkilinin bizneslə məşğul olması doğru deyil və bu
kimi hallar seçkili orqan olan qanunvericilik institutunun imicinə də böyük zərbə
vurur, cəmiyyətin gözündən düşməyə əsaslar yaradır. Ona görə də, hesab edirik
ki, qanunlara riayət olunmalıdır”, - Anar Əsədli əlavə edib.
Göründüyü kimi, Vüqar Abbasovun bizneslə məşğul olması Azərbaycan qanunlarına
ziddir. Vüqar Abbasov seçki dövründə də bu fəaliyyətini dayandırmadığından o,
deputatlığa namizəd ola bilməzdi. 2020-ci ildə deputat seçilən "Cahan
Holdinq”in prezidenti bu vəzifəsini davam etdirdiyindən deputat mandatından məhrum
edilməlidir. Bunu biz demirik. Bunu Azərbaycan qanunları və Vüqar Abbasovun rəhbəri
olduğu holdinqin saytında yerləşdirilən məlumatlar deyir. //TNS//
Вернуться назад
|