Главная > Siyasət > Müsavat kütləvi aksiyalara başlayacaq

Müsavat kütləvi aksiyalara başlayacaq


14-03-2016, 14:27.

Müsavat kütləvi aksiyalara başlayacaqAprel ayının 12-nə mitinq təyin oluna bilər; partiya üzvlərinə 15 mart mitinqində iştirakla bağlı sərbəstlik verilib

Sabah saat 15-də "İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda Milli Şuranın təşkilatçılığı ilə mitinq keçiriləcək. Bahalaşma əleyhinə keçirilən mitinqə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib.

Milli Şura rəhbərliyi mitinqə ciddi hazırlıq işlərinin həyata keçirildiyini, sosial şəbəkədə yüz minə yaxın insanın aksiyaya dəvət edildiyini, şəhərin müxtəlif yerlərində isə martın 14-də mitinqə çağırış vərəqələrinin paylanacağını bəyan edib.
Mitinqdə Milli Şuranın üzvü olmayan Müsavat Partiyasının iştirak edib etməyəcəyini və Müsavatın özünün nə vaxt mitinqlərə başlayacağını dəqiqləşdirmək üçün başqan Arif Hacılı ilə danışdıq.

Arif Hacılı dedi ki, Müsavat Partiyasının Divanı 15 mart mitinqi ilə əlaqədar qərar qəbul edib: "Biz 15 mart mitinqinin hədəflərini düzgün hədəflər hesab edirik. Müsavat Partiyasının üzvlərinə bu mitinqdə iştirakla bağlı sərbəstlik verilib”.

A.Hacılı bildirdi ki, Müsavat Partiyası ümumiyyətlə, kütləvi aksiyaların birlikdə keçirilməsinin tərəfdarıdır: "Hesab edirik ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları, ictimai-siyasi birliklər birgə kütləvi aksiyalar keçirsə, bu, daha effektiv olar. Ancaq yaranmış reallıqları nəzərə alaraq, Müsavat Partiyası öz strukturlarında qəbul edilmiş qərarlara uyğun olaraq kütləvi aksiyalara başlayacaq.

Hələ fevral ayında biz mart ayının sonu aprel ayından gec olmayaraq kütləvi aksiyalara başlamaq barədə qərar qəbul etmişik. Yaxın həftələr ərzində Müsavat Partiyasının kütləvi aksiyalara başlamaq barədə qərar qəbul etməsi mümkündür. Yəqin ki, mart ayının 16-da Müsavat Partiyasının Divanında bu məsələ müzakirə olunacaq. Aprel ayının ortalarında mitinq keçirilməsi barədə qərarın qəbul edilməsi istisna olunmur”.

"Konkret olaraq aprelin 5-də və ya 12-də mitinq keçirilə bilərmi” sualına Müsavat başqanı belə cavab verdi: "Müsavat Partiyasının aprelin 12-də mitinq keçirmək barədə qərar qəbul etməsi istisna deyil”.(democrat.az)

 

ULUYOL.İNFO


Вернуться назад