Главная > Islam > Nəziri necə deyək və necə əməl edək?

Nəziri necə deyək və necə əməl edək?


19-09-2022, 14:57.

           Nəziri necə deyək və necə əməl edək?



Yerinə yetirilməsi üçün Allah qarşısında əhd edilib söz verilmiş əməl nəzir adlanır. Nəzir hər hansı işin həyata keçməsi (və ya keçməməsi) şərti ilə deyilə bilər. Məsələn, insan nəzir deyir ki, filan arzusu həyata keçsə, müstəhəb namaz qılacaq, müstəhəb oruc tutacaq və ya müəyyən miqdarda sədəqə verəcək. Eləcə də, heç bir şərtə bağlı olmayan nəzir də deyilə bilər. Məsələn, Qurani-kərimdə Həzrət Məryəmə hamilə olan anasının öz övladını məbədə xidmətkarlığa verəcəyi barədə nəzir dediyi bildirilir (Ali-Imran, 35). Nəzir sanki Allahla bəndə arasında bağlanmış müqavilədir. Nəzirə mütləq əməl etmək lazımdır. Hətta nəziri yerinə yetirməyən şəxsin öhdəsinə kəffarə düşür. Nəzirin bəzi vacib şərtləri vardır: Nəzir deyərkən insan mütləq öz imkanlarını qiymətləndirməlidir. Insanın imkanı çatmayan mal və əməl barədə nəzir etməsi düzgün deyil. Məsələn, qeyri-mümkün işləri edəcəyini, maddi imkanından qat-qat artıq olan məbləği verəcəyini nəzir deyən adam günah etmiş olur. Haram işlər barədə nəzir demək olmaz. Məsələn, "filan arzum yerinə yetsə, qurban bayramı günü oruc tutacağam” kimi nəzirlər batildir. Nəzir edilən əmlak insanın özünün olmalıdır. Başqasının əmlakından nəzir demək batildir. Eləcə də, başqasını maddi və ya mənəvi çətinliyə salmaqla öz nəzirinə əməl etmək də düzgün deyil. Məsələn, bir çoxları hər hansı arzusunun həyata keçəcəyi təqdirdə qapı-qapı gəzib dilənməyi nəzir edirlər. Bu, günah nəzirdir. Əvvəla, Islamda dilənçilik etmək ən bəyənilməz işlərdəndir; bunu ehtiyacı olmadığı halda etmək isə günahdır. Ikincisi, başqasından pul almaqla öz nəzirini yerinə yetirmək də dinimizə ziddir. Insanın öhdəsində fərz (qəti vacib) vəzifə olan əməlləri etmək barədə nəzir demək olmaz. Məsələn, bəziləri niyyət edirlər ki, çətin işləri həll olsa, ramazan ayında 3 gün oruc tutacaqlar. Halbuki, Ramazan ayının orucu hamıya fərzdir (qəti vacibdir). Insanın arzusu həyata keçsə də, keçməsə də, ramazan orucunu tutmalıdır. Bu orucu nəzir məqsədi ilə tutmaq düzgün deyil. Nəzir orucunu mütləq ramazandan başqa bir vaxtda tutmaq lazımdır ki, fərz olan orucla qarışmasın.

Mənbə: İSLAM.AZ


Вернуться назад