Главная > Ədəbiyyat > Son qəmin olsun, ay Vətən, Hər şəhid qardaşdı bizə!.. - Şeir. Rəşid FAXRALI
Son qəmin olsun, ay Vətən, Hər şəhid qardaşdı bizə!.. - Şeir. Rəşid FAXRALI21-09-2022, 12:29. |
Son qəmin olsun, ay Vətən, Hər şəhid qardaşdı bizə!.. Ana Torpaq, Anam Torpaq, Bir ömürlük yol gəlmişik Tarix olan yaddaşına. Gəlmişik ki, görmüşük ki, qətiyyətin, cəsarətin, Azıxdan, Gəmiqayadan, Qobustandan düşən nura sədaqətin qılınc kimi sıyrılıbdı boy göstərən yad daşına!
2020-nin payızında Azərbaycan əsgərinin Qüdrətinin qarşısında dizin-dizin sürünənlər, ermənilik kəfəninə bürünənlər, bir niyyətin yedəyində dağda-daşda görünənlər 2022-nin sentyabrında Kəlbəcərə daş atdılar, Daş atdılar Laçına da. Gizlin-aşkar hay verdilər pay verdilər, Yeri göydən, Göyü yerdən çimçəşdirən ermənilk xaçına da... Azərbaycan əsgəriylə yan-yanaşı Bamsı Beyrəklərin, Qaraca Çobanların... qətiyyəti döyüşürdü, Pənahəli xanın, Cavad xanın... dövlətçilik sədaqəti döyüşürdü, Xan qızının məmləkətə məhəbbəti döyüşürdü...
Əsgərləşən bir millətin döyüş ruhu döyüşürdü. Nizaminin Bəhram-Guru döyüşürdü, Füzulinin "Şəbi-hicran"ı, Xətainin "Dəhnamə"si, Xanın səsi, Seyidin zənguləsi, Yaqubun "Mənsurə"si, "Qarabağın şikəstəsi" döyüşürdü... Döyüşürdü... Vətən üçün Ermənilik xislətini əzə-əzə döyüşürdü, Bir niyyətin boğazını üzə-üzə döyüşürdü...
Kəlbəcərə daş atanın Əllərini kəsmək üçün döyüşdülər, "Laçın!" - deyən dillərini kəsmək üçün döyüşdülər...
Bir bayrağın işığında Şəhid oldu döyüşçülər... Bir döyüşdən ölməzliyə Gedən yoldu döyüşçülər...
Ömür nədir, Ölüm nədi Vətən deyə! Ana Torpaq, Anam torpaq! Şəhidləri Uğurladıq ölməzliyə!
...daşdı dizə, Min illər adaşdı bizə. Son qəmin olsun, ay Vətən, Hər şəhid qardaşdı bizə!..
Rəşid FAXRALI
15 sentyabr 2022
edebiyyatqazeti.az
Вернуться назад |