Главная > Cəmiyyət > "Tələbələrdən hər üç aydan bir narkotestlər götürülsün" - TƏKLİF

"Tələbələrdən hər üç aydan bir narkotestlər götürülsün" - TƏKLİF


30-08-2022, 17:03.

             "Tələbələrdən hər üç aydan bir narkotestlər götürülsün" -TƏKLİF

 

"Orta təhsil və ali təhsil müəssiələrində hər kəsdən üç aydan bir narkotestlər götürülsün”.

Bu sözləri son dövrlər ölkədə narkotik aludəçilərinin sayının artmasına münasibət bildirən ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.


Onun sözlərinə görə, narkomaniya ilə mübarizədə daha ciddi və kompleks addımların atılmasına ehtiyac var:

"Bizim dövrümüzdə narkomanları açıq şəkildə hər kəs tanıyardı və onlardan uzaq durmağa çalışardı. İndi isə təhlükə daha böyükdür. Çünki narkomaniyaya qurşananlar uzun müddət narkoman olduqlarını həm cəmiyyətdən, həm də doğmalarından gizlədə bilirlər. Narkotikin alışı belə onlar üçün artıq əlçatandır. Təəssüf ki, orta məktəb şagirdləri də sürətlə bu sonu olmayan bəlaya düçar olurlar.

Narkomaniya təkcə onun aludəçisi olmaq demək deyil. Bütün narkomanlar potensial cinayətkardır. Narkotik qəbulunun vaxtı çatanda onlar çəkinmədən hər cür cinayəti törətməyə hazır olurlar.

Polislərimiz tərəfindən hər ay onlarla narkotacir həbs olunur və həbs olunanların sayı günbəgün artır.

Hər bir narkotik satıcısının ən azı onlarla müştərisi olur. Bu, ölkədə minlərlə cinayətə meyilli və hər an cinayət törədə bilən narkomanın var olduğunu göstərir. Daha böyük təhlükə ondan ibarətdir ki, narkomaniyaya qurşananların sayı dayanmadan artır və daha çox yeniyetmələr bu iyrənc yola cəlb olunurlar.

Narkomaniyaya qurşananlar ilk olaraq bunu hər kəsdən gizlədir və qısa müddətdən sonra bu vərdişdən uzaqlaşa biləcəklərini düşünürlər. Lakin bu bəlanın özü və insanı bu yola çəkən bədxahlar heç bir halda insana tək başına bundan qurtulmağa imkan vermirlər.
Ona görə də təklif edirəm ki, orta təhsil müəssiələrində 7-11-ci siniflər, ali təhsil müəssiələrində isə 1-ci kurslardan magistr tələbələrinə qədər hər kəsdən üç aydan bir narkotestlər götürülsün.

Bu yolla həm narkomaniyaya yeni qurşanmış insanları müəyyən edib zamanında müalicə etmək olar, həm də gənclər və yeniyetmələr ictimai qınaqdan, valideynlərinin xəbər tutmasından və digər amillərdən çəkinərək bu yola qurşanmazlar.

Bu cür narkotestləri nəinki təhsil müəssiələrində, həmçinin digər böyük müəssisələrdə də tətbiq etməklə insanlarımızı bu uçurumdan qurtara bilərik”.

Gülşən Şərif, yenicag.az

 


Вернуться назад