Главная > Dünya > Ankaranın növbəti qlobal uğuru - Taxıl böhranı həll edildi

Ankaranın növbəti qlobal uğuru - Taxıl böhranı həll edildi


1-08-2022, 18:04.

             Ankaranın növbəti qlobal uğuru - Taxıl böhranı həll edildi

"Son anlaşma bir daha təsdiq edir ki, Türkiyənin nəinki bölgədə, eyni zamanda qlobal məsələlərdə rolu artmaqdadır”.

 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputatın fikrincə, İstanbulda iyulun 22-də dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün imzalanan sənədlər paketi sübut etdi ki, Ankara söz sahibinə çevrilir. Onun sözlərinə görə, bu gün bütövlükdə region və eyni zamanda dünya üçün vacib məqamlardan biri ərzaq qıtlığının aradan qaldırılması, xüsusən də taxıl təminatındakı problemlərin yumşadılması idi:

 

"Türkiyə bu istiqamətdə kifayyət qədər ciddi mövqe nümayiş etdirir. Ankara Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra, xüsusən də son aylar bir araya gəlməkdə çətinliklər çəkən iki ölkəni eyni anlaşmaya imza atdıra bildi. Düzdür, anlaşmalar ayrıca imzalandı, amma tərəflər eyni sənədi imzaladı”.

 

Deputat deyir ki, bu anlaşma taxıl böhranının yumşalmasında ciddi təsirə malik oldu:

 

"Türkiyənin son illər regional və qlobal məsələlərdə əldə etdiyi uğurlardan biri də artdı. Bu, sevindiricidir. Türkiyənin qlobal məsələlərə təsir imkanlarının genişlənməsi və BMT xətti ilə belə bir anlaşmanın imzalanmasını təşkil etməsi, Ankaranın mövqeyinin daha da gücləndiyindən xəbər verir. Eyni zamanda bu bir daha təsdiq edir ki, Türkiyənin region və qlobal məsələlərdə mövqeyi növbəti illərdə daha da möhkəmlənəcək".

 

Qeyd edək ki, İstanbulda iyulun 22-də dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb. Taxılla yüklənmiş ilk gəmi bazar ertəsi səhər Odessadan yola düşüb. Türkiyə Müdafiə Nazirliyi Birgə Koordinasiya Mərkəzinin məlumatına görə, qarğıdalı ilə yüklənmiş Syerra-Leone bayrağı altında üzən "Razoni” gəmisinin yerli vaxtla saat 08:30-da Odessa limanını tərk edərək Livana getməsi barədə razılıq əldə olunub. Birinci gəminin ardınca Türkiyə, Rusiya Federasiyası, Ukrayna və BMT arasında iyulun 22-də imzalanmış "Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması haqqında” sənədə əsasən, yeni gəmilər tezliklə dənizə çıxacaq.

 


Вернуться назад