Главная > Ümumi > Müsavat dinc etirazçılara qarşı zorakılıq göstərənlərin cəzalanmasını tələb edir

Müsavat dinc etirazçılara qarşı zorakılıq göstərənlərin cəzalanmasını tələb edir


4-11-2015, 10:33.

1 Noyabr Parlament seçkiləri zamanı baş verən seçki saxtakarlıqlarına etiraz olaraq Şamaxı şəhərində deputatlığa iddialı namizədlərin tərəfdarları aksiya keçiriblər. Etiraz edənlər polis təzyiqi ilə üzləşiblər. Aksiyaçılardan polis tərəfindən saxlanılanlar cərimələnərək azadlığa buraxılıblar. 

Bastainfo saytına Müsavat Partiyasının dinc aksiyaçılara qarşı polis zorakılığına etiraz bildirən və zor tətbiq edənlərin cəzalandılmasını tələb edən bəyanatı daxil olub. Həmin bəyanatın tam mətnini oxucularımıza təqdim edirik:                               

            emblem                            Müsavat Partiyasının

BƏYANATI

Dünən Şamaxı şəhərində seçki saxtakarlıqlarına etiraz edən bir qrup seçicinin dinc aksiyası polis zorakılığına məruz qalıb.

Şamaxı rayon polis şöbəsinin rəisinin rəhbərlik etdiyi polis əməkdaşları aksiyaçılara hücum edib.

Nəticədə bir neçə nəfər xəsarət alıb. "Azadlıq” radiosunun əməkdaşı təzyiqə məruz qalıb. Həbs olunanlar var.

Müsavat Partiyası Şamaxı şəhərində baş verənləri Azərbaycan hakimiyyətinin ən lokal siyasi fəallığa belə dözümsüzlüyünün təzahürü kimi dəyərləndirərək, ifadə və sərbəst toplaşma azadlığına qarşı yönələn polis zorakılığı kimi qətiyyətlə pisləyir.

 Azərbaycan hakimiyyətindən vətəndaşların Konstitusiya ilə təsbit olunmuş hüquqlarına hörmətlə yanaşmağı, aksiya zamanı həbs olunanları dərhal azadlığa buraxmağı, dinc etirazçılara qarşı zorakılığa yol verən polis əməkdaşlarının cəzalandırılmasını tələb edir.

03 noyabr 2015-ci il

bastainfo.com


Вернуться назад