Главная > Baş Xəbər / Islam > Məscidlərdə tətbiq olunan məhdudiyyətlər götürülüb? - AÇIQLAMA

Məscidlərdə tətbiq olunan məhdudiyyətlər götürülüb? - AÇIQLAMA


29-09-2021, 10:33.

           Məscidlərdə tətbiq olunan məhdudiyyətlər götürülüb? -AÇIQLAMA

 

Pandemiya dövründə karantin qaydalarına uyğun olaraq, müəyyən qadağalar tətbiq olunmuşdu. Oktyabrın 1-dən bu qadağalardan bəziləri yümşaldılacaq. 2021-ci il oktyabrın 1-dən etibarən, həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunacaq.

İstirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti bərpa olunacaq. Mədəniyyət obyektləri (konsert zalları daxil olmaqla), eləcə də konfrans zalları, kinoteatrlar, teatrlar ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə fəaliyyətə başlayacaq.

İri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcə də ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyətinə də icazə veriləcək.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərəcək. Sözügedən sahələrin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVİD-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər məkanlara əldə etdikləri COVİD-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Eyni zamanda şəhər və rayonlar arası müntəzəm sərnişin daşımaları ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVİD-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatının olması tələb olunur. Bəs görəsən, bu yumşalmalar məscidlərdə, ibadət yerlərində də keçərli olacaqmı?

 

Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Ağaseyid Yaqubov bildirib ki, cəmiyyət namazları qılınan zaman o qədər sıxlıq olmur: "Cümə günündən başqa digər günlərdə izdiham yaşanmır. Məscidlərin tutumu elədir ki, ən çoxu 30-40 nəfərin rahat namaz qılması üçün şərait var. Cümə namazı üçün toplaşanda yenə də narahatlıq olmur. Karantin qaydalarına əsasən,məscidə maksimum 50 nəfər daxil ola bilir. Peyvənd sertifikatına malik olan istənilən şəxs cümə namazına buraxılır. Nəzarətə gəlincə, 50 nəfər namazını qıldıqdan sonra növbədə duranlar içəri daxil ola bilirlər”.

O əlavə edib ki, Qafqaz Müsəlmanları İdarəsindən bütün əməkdaşlara təkidlə tövsiyə edilib ki, din xadimləri şəhidlərimizin ildönümləri ilə bağlı həm paytaxtda, həm də bölgələrdə təşkil olunan mərasimlərdə iştirak etsinlər:"İcra hakimiyyətlərindən, eləcə də Müdafiə Nazirliyindən də müraciət daxil olduqda, din xadimləri mərasimlərdə iştirak edirlər. Müraciət olmasa belə, onların ruhunu ehtiramla yad etmək bizim həm də vətəndaşlıq borcumuzdur”.

Nigar HƏSƏNLİ, musavat.com

 


Вернуться назад