Nazir müavini Lerikdə meşələrin qırılmasına göz yumur -GİLEY
Lerik rayonu Peştətük kənd sakinləri onlara məxsus olan
pay torpaqlarında qanunsuz tikinti aparıldığını iddia edirlər. Sakinlər
bildirir ki, onlara ayrılan pay torpaqları Ekologiya və Təbii Sərvətlər
nazirinin müavini Firdovsi Əliyev tərəfindən Cənub Tibb Məhdud Məsuliyyətli Cəmiyyətinə
saxta sənədlərlə verilib. Elə Peştətük sakinlərinin əsas problemi də bundan
sonra başlayıb. Sakinlər adından "Hürriyyət"ə müraciət edən Eldost
Ağaverdiyev bildirib ki, Dövlət İslahat Komitəsi 1998-ci ildə pay torpaq kimi
bütövlükdə kənd sakinlərinə torpaq sahələri verib:
"Sonradan məlum oldu ki, həmin torpaqlar Dövlət Meşə Fondunun balansındadır.
Ona görə də həmin torpaqların sənədləri verilmədi. İcraat Komitəsi torpağı kənd
sakinləri arasında püşkatma yolu ilə bölüşdürdü. Nazirlər Kabineti həmin
torpaqlara şəxsi mülkiyyətə keçirmək üçün sənəd, dövlət aktı verməli idi. Həmin
o islahatın sənədləri Nazirlər Kabinetinə gedəndə orada məlum oldu ki, kəndin
torpaqları meşənin balansındadır. Şəxsi mülkiyyət deyil.
Bundan sonra həmin torpaqların təyinatı Nazirlər Kabineti səviyyəsində dəyişilməli
və bələdiyyə mülkiyyətinə verilməli idi. Proses uzun müddət davam etdi.
2009-2010-cu illərdə sahibkar Zərintac İsmayılova həmin kənddə heç kəsə lazım
olmayan torpaq sahəsini götürdü və orada "Cənub" İstirahət Mərkəzini
tikdi".
Şikayətçi aktın ləğv edilməsi və tikintinin dayandırılmasını tələb etdiyini
vurğulayıb:
"Bir müddətdən sonra həmin sahibkar o əraziləri də zəbt etdi və torpaqlar
da Meşə Fondunun tərkibində olduğu üçün onlarla müqavilə bağlayıb aldı. Biz də
şikayət edən zaman Nazirlər Kabineti həmin torpaqların dəyişdirilməsi ilə bağlı
qərar qəbul etdi və prosesə başlandı. Torpağın Meşə Fondundan alınıb vətəndaşlara
verilməsi barədə qərar qəbul olundu.
Bu proses baş verdiyi müddətdə sahibkar Ekologiya və Təbii Sərvətlər
Nazirliyindən icarə müqaviləsi götürmüşdü. İcarə müqaviləsindən sonra da orada əsaslı
tikinti aparıldı. Biz də şikayət etdikdən sonra nazirlik həmin müqaviləyə xitam
verdi. Xitam verilməsinə səbəb isə torpaqda əsaslı tikintinin aparılması ilə
bağlıdır.
Bu ilin avqustun 26-da nazirlik yenidən sahibkara tikinti üçün icarə müqaviləsi
verib. Yeni aktda sahibkara bəraət qazandırmaq üçün bunun əsaslı tikinti olduğu
qeyd edilir. Biz yenidən aktın ləğv edilməsi, tikintinin dayandırılmasını tələb
edirik”.
Şikayətçinin sözlərinə görə, "Cənub" şirkəti müqavilənin şərtlərini
pozaraq, icarəyə götürdüyü ərazidən qanunsuz şəkildə istifadə edir. Bununla
bağlı kənd sakinləri dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət
etsələr də problem hələ də öz həllini tapmayıb.
Bu sahibkar müqaviləylə Dövlət Meşə fondundan icarəyə torpaq götürüb. Dövlət
meşə fondunun torpaqlarının icarəyə verilməsi qaydalarında göstərilir ki, dövlət
meşə fondundan icarəyə götürülmüş torpaq sahəsində tikinti işi aparmaq
qadağandır. Bu müqavilənin şərtlərində də göstərilir. Buna baxmayaraq, sahibkar
ərazidə əsaslı tikinti işləri aparır. Bişmiş kərpicdən tikinti işi aparılıb.
Yerə də betonlama işləri həyata keçirilib. Ərazinin 1560 kv metr ərazisində asfalt
örtüyü döşənib. Daha sonra, ərazidə böyük restoran inşa edilib. Bütün bunları əsas
gətirib Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət etdik. Nazirliyə də
bildirdik ki, sahibkar müqavilənin şərtlərini pozub. Tələb etdik ki, komissiya
yaradılsın və sakinlərin iştirakı ilə əraziyə baxış keçirilsin. Müraciətimizdən
sonra əraziyə komissiya ezam olundu və bizim iştirakımızla baxış aparıldı.
Baxışdan sonra nazirlik sahibkarla olan müqaviləyə birtərəfli xitam verdi. Üç
aydan sonra isə həmin sahibkara eyni torpaq sahəsini beş illik müqaviləyə
verdilər. Nazir müavini Firdovsi Əliyev bütün qanunsuzluqları bilə-bilə yenidən
həmin sahibkara eyni torpaq sahəsini icarəyə verib. Sakinlərin istəyi odur ki,
Firdovsi Əliyev çıxıb məsələyə aydınlıq gətirsin".
Redaksiydan: Mövzunu diqqətdə saxlayacağıq. Ümid edirik ki, qanunsuzluqla üzləşən
sakinlərin problemi tezliklə həllini tapacaq. //hurriyyet.az
Вернуться назад
|