Главная > İqtisadiyyat > Əhalimiz çörəyi az, düyünü çox yeməyə başlayıb

Əhalimiz çörəyi az, düyünü çox yeməyə başlayıb


3-01-2021, 10:08.

Əhalimiz çörəyi az, düyünü çox yeməyə başlayıb

 

11 ayda alış-verişimiz kiminlə, nə qədər olub?

Dövlət Gömrük Komitəsi 2020-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanın xarici ticarət statistikasını açıqlayıb. Komitənin məlumatına görə, bu dövrdə xarici ticarət dövriyyəsinin həcmində 26 faiz azalma qeydə alınıb. Bu zaman idxal 22 faiz, ixrac isə 29 faiz azalıb.

Belə ki, bu ilin yanvar-noyabrında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 22 milyard 746 milyon dollar, o cümlədən ixrac 13 milyard 60 milyon dollar, idxal 9 milyard 685 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə ticarət dövriyyəmizin həcmi 30 milyard 688.16 milyon dollar, xarici ticarət saldosu 3 milyard 375 milyon dollar olub. Bu zaman idxal 12 milyard 384.74 milyon dollar, ixrac isə 18 milyard 303.42 milyon dollar, xarici ticarət saldosu isə 5 milyard 918.68 milyon dollar təşkil etmişdi.

Rəsmi məlumata əsasən, ixracın 9,1 faizi MDB ölkələrinin, 50,4 faizi Avropa İttifaqı ölkələrinin, 40,5 faizi başqa ölkələrin payına düşüb. İdxalda MDB-nin payı 25,7 faiz, Avropa İttifaqının payı 23,9 faiz, başqa ölkələrin payı 50,4 faiz təşkil edib. 11 ayda Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub - bu ölkə ilə ticarət ümumi dövriyyənin 19,6 faizi həcmində rəsmiləşib. İxracda əsas ölkə İtaliya (31,3 faiz), idxalda Rusiyadır (18,3 faiz).

Gömrük statistikasından aydın olur ki, ixracın 87,4 faizi neft-qaz, 4,2 faizi meyvə-tərəvəzdir. İdxalın isə 15,1 faizi yeyinti məhsullarından ibarətdir.

Bu ilin 11 ayında ixracımızda Rusiyanın payı 4,94 faiz (644 661.67 milyon dollar), idxalımızda isə 18.31 faiz (1 772 944.38 milyon dollar), Türkiyənin ixracımızda payı 19.19 faiz (2 506 959.35 milyon dollar), idxalımızda isə 14.49 faiz (1 403 513.33 milyon dollar), İranın ixracımızda payı 0.28 faiz (36 736.54 milyon dollar), idxalımızda 2.75 faiz (266 106.81 milyon dollar), İsrailin ixracımızda payı 3.15 faiz (411 142.79 milyon dollar), idxalımızda payı isə 0.25 faiz (24 676.06 milyon dollar), Çinin ixracımızda payı 3.28 faiz (428 865.76 milyon dollar), idxalımızda payı isə 13.15 faiz (1 273 883.33 milyon dollar).

 

Dövlət Statistika Komitəsi deyir ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 491,4 min ton, süd istehsalı 1,7 faiz artaraq 1971,1 min ton olub. Və eyni dövrdə ölkəyə bu məhsulların idxalında da artım baş verib.

Gömrük Komitəsinin statistikasına əsasən bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 milyard 463 102,59 min dollar, onun ümumi idxalımızda çəkisi 15,1 faiz təşkil edib. Bu isə yeyinti məhsulları idxalının ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 azaldığını göstərir. Amma ümumi azalmaya rəğmən, əhalinin qida rasionunda üstün paya malik bir neçə ərzaq məhsulları üzrə idxalın artması müşahidə olunur.

Hesabat dövründə ölkəyə 72 milyon 65,88 min dollar dəyərində 39 457,67 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsindən 0,5 faiz çox, həcm ifadəsində isə 14,8 faiz azdır.

Bu ilin yanvar-noyabr ayları ərzində ölkəyə 14 milyon 460,99 min dollar dəyərində (artım 11 faiz) 9 001,98 ton (artım 12,1 faiz) süd idxal olunub.

 

Ölkəyə həmçinin 73 milyon 302,98 min dollar dəyərində 14 890,73 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da ötən ilki göstəricidən müvafiq olaraq 15,2 faiz və 19,5 faiz çoxdur.

Bu ilin 11 ayında Azərbaycana 35 milyon 431,99 dollar dəyərində 51 714,79 ton düyü idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana idxal edilən düyünün dəyəri 2,1 faiz azalıb, həcmi isə 15,6 faiz artıb.

Çox maraqlıdır ki, bu il Azərbaycana buğda idxalında kəskin azalma müşahidə olunur. Belə ki, yanvar-noyabr ayları ərzində Azərbaycana ümumi dəyəri 262,497 milyon dollar təşkil edən 1 milyon 225 585,85 ton buğda idxal edilib. Bu isə o deməkdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin on bir ayında Azərbaycana idxal edilən buğdanın dəyəri 17,9 faiz, həcmi isə 17,6 faiz azalıb.

Ötən ay ölkəyə 19,052 milyon dollar dəyərində 83 977,28 ton buğda gətirilib ki, bu da oktyabr ayı ilə müqayisədə müvafiq olaraq 48,6 faiz və 51,6 faiz (2,1 dəfə) azdır.

Ötən ilin yekununda 1,5 milyon tona çatan buğda idxalının bu il ərzində azalması ilə yanaşı yerli istehsal həcmləri də üzüaşağı getməkdədir. Belə ki, rəsmi statistik məlumatlara görə, 2019-cu ildə Azərbaycanda 2 milyon 171.4 min ton, 2020-ci ildə isə 14 faiz azalma ilə 1 milyon 867.2 min ton buğda istehsal olunub.

 

Qeyri-neft ixracımızda lider olan pomidor ixracı 11 ayda 190 390.22 milyon dollar (175 978.04 ton) təşkil etməklə qeyri-neft ixracımızda 11.62 faiz, meşə fındığı 103 286.39 milyon dollar (16 811.54 ton) olmaqla 6.30 faiz, xurma 64 899.20 milyon dollar (93 104.07 ton) olmaqla 3.96 faiz, alma 27 586.24 milyon dollar (67 240.53 ton) olmaqla 1.68 faiz, şəkər 21 448.67 milyon dollar(49 000.67 ton) olmaqla 1.31 faiz paya malik olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə pomidor ixracı 166 685.60 milyon dollar (155 365.15 ton), meşə fındığı 114 759.67 milyon dollar (20 784.72 ton), xurma 84 526.32 milyon dollar (119 318.58 ton), alma 35 068.45 milyon dollar (85 074.62 ton), şəkər 26 396.67 milyon dollar (60 925.85 ton) təşkil edib. Göründüyü kimi, pomidor və şəkərdən başqa digər məhsulların ixracında azalma qeydə alınıb.

Hesabat dövründə Azərbaycana çay idxalı onun ixracını dəyər ifadəsində 6 dəfədən, həcm ifadəsində isə 10 dəfədən çox üstələyi. Bu dövrdə ölkə ümumi dəyəri 8 milyon 536.16 min dollar dəyərində 1 232.09 ton çay ixrac edib. Ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin 11 ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 0,5 faiz artıb, həcmi isə 9,3 faiz azalıb.

Bu dövrdə Azərbaycana ümumi dəyəri 49 milyon 633.35 min dollar olan 12 264.34 ton çay idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 1,3 faiz artıb, həcmi isə 2,2 faiz azalıb.

Qeyri-neft ixracımızda 11 ayda plastmassa və onlardan hazırlanan məmulatlar 8.38 faiz payla 137 352.97 milyon dollar (179 667.01 ton), pambıq lifi 6.83 faiz payla 111 916.04 milyon dollar (84 697.95 ton), pambığın emal olunmuş forması olan iplik 0.91 faizlə 14 965.96 milyon dollar (7 271.82 ton) təşkil edib. Ötən ilin eyni dövründə pambıq lifi ixracı 108 833.12 milyon dollar (78 493.48 ton), pambıq iplik 27 306.22 milyon dollar (11 541.84 ton) olmuşdu.

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən azalıb. Hesabat dövründə ölkəyə 78 milyon 566,13 min dollar dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 milyon 804,34 min dollar və ya 28,8 faiz azdır.

 

İxracda mühüm yer tutan qeyri-neft məhsullarından biri olan ilkin formatlarda polipropilenin 11 aylıq ixrac həcmi 69,014 min ton təşki edib. Onun xaricə satışından 56,298 milyon dollar gəlir əldə olunub. On bir ay ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,44 faiz olub.

Bundan əlavə, yanvar-noyabr aylarında Azərbaycandan xaricə 66,972 milyon dollar dəyərində 99,288 min ton ilkin formalarda polietilen ixrac edilib. On bir ay ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,09 faiz olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-noyabrda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 1,0 faiz artıb.

Məhsul yığımı başlanandan dekabr ayının 1-nə kimi sahələrdən 1677,9 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz çox tərəvəz, 1015,0 min ton (2,1 faiz çox) kartof, 448,1 min ton (0,1 faiz çox) bostan məhsulları, 1121,5 min ton (4,2 faiz çox) meyvə və giləmeyvə, 201,5 min ton (3,8 faiz çox) üzüm, 931,3 ton (2,2 faiz çox) yaşıl çay yarpağı, 328,2 min ton (12,2 faiz çox) pambıq, 24,7 min ton (28,4 faiz az) günəbaxan, 242,7 min ton (2,7 faiz çox) şəkər çuğunduru və 6,5 min ton (9,4 faiz çox) tütün yığılıb.

Dünya SAKİT,

 


Вернуться назад