Главная > İdman > AFC: Traktor Asiyanın ən populyar futbol komandası seçildi

AFC: Traktor Asiyanın ən populyar futbol komandası seçildi


3-01-2021, 08:58.

              AFC: Traktor Asiyanın ən populyar futbol komandası seçildi

 

Asiya Futbol Konfederasiyasının rəsmi saytında yerləşdirilən sorğu nəticəsində Traktor Futbol Klubu Asiyanın ən populyar komandası seçilib.

 

AFC rəsmi saytında Asiyanın ən populyar futbol komandasını müəyyənləşdirmək üçün apardığı sorğunun son mərhələsində İran Azərbaycanının Traktor komandası səslərin yarısından çoxunu toplayaraq Asiyanın ən populyar komandası seçilib.

 

Sorğu siyahısında 8 digər komandanın da olduğu anketdə İran Azərbaycanının Traktor komandası 51 faiz səs ilə Asiyanın ən populyar komandası seçilib.

 

İranın Persepolis komandası 21 faizlə ikinci, Persia İndoneziya komandası isə 11 faiz ilə Asiyanın üçüncü ən populyar komandası seçiliblər.

 

Daha öncə Transfer Market saytı dünyanın ən çox azarkeş toplayan futbol klubları arasında Borussia Dortmund, Barcelona, Bayern Munich, Manchester United kimi dünyaca məşhur futbol komandalarından sonra Traktor komandasını 5-ci olaraq müəyyənləşdirmişdi.

 

Traktor klubunun sahibi Məhəmmədrza Zunuzi komandasını birinci olması münasibətilə təbrik edərək, məşhur "Yel yatar, tufan yatar yatmaz Traktor bayrağı” şeirinin bir şüar deyil, bir həqiqət olduğunu deyib. O, həmçinin Traktorun AFC-nin anketində İranın digər iki paytaxt komandaları ilə müqayisədə çox irəlidə olduğunu vurğulayaraq, "ədalətsizliyin və görməzdən gəlməklərin nəticə vermədiyi” və digər anketlərin etibarsız olduğunu iddia edib.

 

Traktor komandası sadəcə İran Azərbaycanında deyil, ölkənin digər türk dilli bölgələrində də populyar komandadır. Azərbaycan türkləri dəfələrlə Traktor komandasının oyunlarında ana dilində təhsil almaq və digər hüquqlarını tələb etmək üçün şüarlar səsləndirib və yaxud plakatlar nümayiş etdirərək İran Azərbaycanında insan haqları pozuntularına etiraz ediblər.

 

Traktor oyunlarında milli fəalların və vətəndaşların İran təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə həbs edildiyi və repressiyalara məruz qaldıqları bildirilir.

 

Amerikanın səsi

 

 


Вернуться назад