Главная > Mövqe > Rusiyanın Ermənistanı silahlandırması məsələsində müxalifət iqtidarla yekdildir - rəylər

Rusiyanın Ermənistanı silahlandırması məsələsində müxalifət iqtidarla yekdildir - rəylər


17-08-2020, 08:24.

      Rusiyanın Ermənistanı silahlandırması məsələsində müxalifət iqtidarla yekdildir - rəylər

Rusiyanın Ermənistanı silahlandırması barədə üzə çıxan son faktlar Azərbaycan tərəfdə hiddət doğurub. Şimal qonşumuzun ölkəmizə qarşı növbəti xəyanətinə ən sərt təpkilər gəlməkdə davam edir. Amma ölkə müxalifətinin bu məsələ ilə bağlı hələ ki, bir bəyanatına belə rast gəlməmişik. Lakin bəzi siyasilərin dilindən mövqelər səslənib.

AĞ Partiya başqanı Tural Abbaslı Azərbaycandakı milli müxalifətin şimal qonşumuza heç bir rəğbətinin olmadığını söylədi:"Təbii ki, müxalifət partiyaları Rusiyanın işğalçı Ermənistana qarşı hər zaman sərgilədiyi dost və müttəfiq münasibətləri daim qınayıb və bu mövqeyini də müxtəlif formalarda sərgiləyib. Hər zaman Rusiyanın Qarabağ məsələsində tutduğu qərəzli və qeyri-obyektiv mövqe barədə də fikirlərini açıq şəkildə bildirib. Hətta dönə-dönə iqtidara Rusiyaya qarşı sərgilədiyi ziyanlı bağlılıqla bağlı da xəbərdarlıqlarını edib.

Tural Abbaslı:

 

Tural Abbaslı: "Milli müxalifətin böyük əksəriyyətinin Rusiyaya rəğbəti yoxdur”

Odur ki, nə AĞ Partiyanın, nə də milli müxalifətin böyük əksəriyyətinin Rusiyaya xüsusi rəğbəti yoxdur. Ancaq sonuncu silah-sursat transferi ilə bağlı hələlik birgə bəyanat verilməyib. Bununla bağlı hansısa təklif olmadığı üçün belə bir sənəd qəbul olunmayıb deyə düşünürəm. Əgər hansısa partiya və ya siyasi təşkilat bununla bağlı təşəbbüs göstərərsə, həm AĞ Partiya olaraq biz, həm də əminəm ki, bütün milli müxalifət partiyaları bunu dəstəkləyəcək. Ola bilər ki, yaxın günlərdə bununla bağlı hansısa məsləhətləşmələr və addımlar atılar”.

Fuad Əliyev:

 

Fuad Əliyev: "Rusiyanın işğalçı ölkəyə silah göndərməsi...”

ALDP rəhbəri Fuad Əliyev:"Rusiyanın Ermənistana silah göndərməsi həm KTMT üzvü olduğuna, həm də ikitərəfli müqaviləyə əsasən verilir. Nə hakimiyyətin, nə də müxalifətin buna qarşı bir bəyanatı bu günə qədər qarşıma çıxmayıb. Bunu deyəndə deyirlər ki, Rusiya Azərbaycana da silah satır. Necə ki, Serbiya Ermənistana silah satandan sonra bu ölkənin nümayəndələri belə bir bəyanat verdilər ki, biz sizə də silah satırıq. Amma beynəlxalq hüquqa görə, hərbi münaqişə olan ölkələrə rəsmi silah satışı qadağandır”.

Əli Orucov:

 

Əli Orucov: "Kremlin Ermənistanı silahlandırmasını şiddətlə qınayırıq”

AMİP katibi Əli Orucov müxalifətin ən yüksək səviyyədə mövqe ortaya qoyduğunu söylədi:"Azərbaycan müxalifəti Rusiyanın Ermənistana silah göndərməsinə kəskin mövqeyini ortaya qoyub. Özü də bu faktlar ortaya çıxdıqca hər dəfə bunu pisləyib. Sizin də bildiyiniz kimi Rusiya Ermənistanı daima ən müasir silah sursatla silahlandırır. Bir neçə il öncə məlum oldu ki, Kreml işğalçı ölkəyə 1 milyard dollar dəyərində silah sursatı təmannasız verib. Ölkənin əsas müxalifət partiyaları Qərbyönlüdür və Avroatlantik məkana inteqrasiyanın tərəfdarıdır. Odur ki, ölkənin təhlükəsizliyi üçün Azərbaycan konkret addımlar atmalıdır. Doğrudur, hakimiyyət ilk dəfədir ki, Rusiyanın Ermənistanı silahlandırmasına ən yüksək səviyyədə etiraz bildirdi. Amma onu da nəzərə almalıyıq ki, Moskvanın Cənubi Qafqazı nəzarətində saxlaması məhz forpostu olan Ermənistanı silahlandırmaq və bu işğalçı dövlətə süni nəfəs verib yaşatmaqdan keçir. Biz yenə də Kremlin Ermənistanı silahlandırmasını şiddətlə qınayırıq. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi beynəlxalq hüquqa və prinsiplərə, eləcə də, vasitəçiliyə əməl etməlidir”.

Yeni Müsavat” qəzetinin canlı yayımında

 

Samir Əsədli: "Son məlumatlar siyasi şok sayıla bilməz”

VHP İcra Aparatının rəhbəri Samir Əsədli:"Rusiyanın Ermənistana silah göndərməsi haqda son məlumatlar siyasi şok sayıla bilməz. Kremlin mövqeyi bəllidir və Qarabağ münaqişəsi başlayandan Rusiya işğalçını açıq şəkildə müdafiə edib. Əslində Azərbaycan torpaqlarının işğal faktının arxasındakı real güc elə Rusiyadır. Ermənistan nə hərbi, nə də siyasi baxımdan bu işğalı gerçəkləşdirmək gücündə deyil. Ortada Rusiyanın imperialist siyasəti var və postsovet məkanında Gürcüstan, Ukrayna, Moldova timsalında da bu görünür. Qarabağ da Abxaziya, Krım, Dnestryanı ərazi kimi Rusiya təcavüzünün örnəyidir. Azərbaycan cəmiyyəti iqtidar və müxalifət olaraq bu məqamı açıq ifadə etməlidir. Eyni zamanda bu həqiqəti də dünyaya çatdırmalıyıq”.

Cavanşir ABBASLI, musavat.com


Вернуться назад