Главная > Cəmiyyət > Azərbaycan-Türkiyə birgə təlimlərinin İrəvanda doğurduğu şok effekt - düşmən anlayır ki...

Azərbaycan-Türkiyə birgə təlimlərinin İrəvanda doğurduğu şok effekt - düşmən anlayır ki...


3-08-2020, 19:32.

         Azərbaycan-Türkiyə birgə təlimlərinin İrəvanda doğurduğu şok effekt -düşmən anlayır ki...

 

Elxan Şahinoğlu: "Başa düşürlər ki, bu hərbi təlimlər sonda Azərbaycan – Türkiyə hərbi ittifaqının işğal altındakı torpaqların azad edilməsinə gətirə bilər”

Zaur Məmmədov: "Rusiya və İrandan münaqişə ilə bağlı işğalçını ifşa edəcək davranışlar gözləyirik”

Azərbaycan və Türkiyə silahlı qüvvələri iyulun 29-dan etibarən başladıqları birgə hərbi təlimləri uğurla davam etdirir. Avqustun 19-dək davam edəcək genişmiqyaslı hərbi təlimlər işğalçı Ermənistanı və onun Rusiyadakı havadarlarını ciddi şəkildə narahat etməkdədir.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, ötən gün ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib. Plana əsasən, tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb. Təlimin ssenarisinə uyğun olaraq təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər.

Hərbi təlimlərin xüsusilə Naxçıvan Muxtar Respublikasını əhatə etməsi, Naxıvanın cəmi 56 km-liyində olan İrəvanda təşvişlə izlənilir. Elə bunun nəticəsidir ki, Ermənistan mediasında və sosial şəbəkələrdə "TurAz Qartalı - 2020” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin Azərbaycana gəlməsi və səmamızda uçuşlar keçirməsi ermənilərin panik reaksiyasına səbəb olub. Türkiyəyə məxsus F-16 qırıcılarının "İrəvana zərbə endirmək”lə bağlı təlim keçdikləri barədə sensasion xəbərlər yayılıb. Paralel olaraq Rusiya mediası da bu kimi xəbərlərə yer ayırıb, hətta qırıcıların Ermənistan səmasına daxil olduğu barədə dezinformasiyalar yayılıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan təkziblə çıxış etmək məcburiyyətində qalıb və məlumatların "şişirdildiyini” deyərək, əhalini sakitləşdirmək istəyib.

Düşmən anlayır ki, Tovuz istiqamətindən törətdiyi təxribatlar ona hər an baha başa gələ bilər. Odur ki, Türkiyə və Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Kürdəmir, Yevlax şəhərləri ərazisində keçirililən və davam edən genişmiqyaslı hərbi təlimlərdən açıq-aşkar qorxuya düşüb.

Ermənistanın sərhəddə törətdiyi təxribatlar Avropa mətbuatında ...

 

Qeyd edək ki, bundan əvvəlki günlərİrəvan Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş döyüşlər zamanı Azərbaycan tərəfinin guya TOS-1 ağır odsaçan və "Qrad” yaylım atəşli reaktiv sistemlərindən istifadə olunması ilə bağlı əsassız iddialar yaymışdı. Həmçinin Azərbaycan kəşfiyyatının bir neçə istiqamətdən Ermənistan sərhədlərini keçməyə cəhd göstəridi haqda sayıqlamalar tirajlandı. Ermənistan qonşu ölkənin ərazisini işğal etməklə, dəhşətli cinayətlər törətməklə istənilən cəzanı haqq edib. Odur ki, bu ölkədə yaşanan həyəcan təbiidir. Bir sıra ekspertlər hesab edir ki, Türkiyədən gəlmiş 11 min nəfərlik canlı qüvvə və hərbi texnika, silah-sursatın Azərbaycanda qalması üçün unikal şans yaranıb. İndiki durumu 102 il əvvəlki hadisələrlə eyniləşdirənlər də az deyil. Hesab olunur ki, o zaman Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan ordusu ilə birlikdə ərazilərimizi Zəngəzuradək işğaldan azad etdiyi kimi, indiki halda da ən azı Qarabağ torpaqlarını terrorçulardan təmizləyə, məsələyə nöqtə qoya bilər. Təbii ki, ortada Rusiya faktorunun olması Azərbaycanı Türkiyə ilə birgə hərəkət etmək məcburiyyəti qarşısında qoyur, əks təqdirdə - təkbətək döyüşdə ordumuz erməninin öhdəsindən ıayinqincə və ən qısa müddətdə gələ bilər.

İşğalçı ölkə narahatlığını açıq şəkildə nümayiş etdirməklə, hətta "İrəvanın hədəf seçildiyi” xəbərlərini yaymaqla heç şübhəsiz Rusiyadan əlavə dəstək, silah-sursat almaq, Moskvanı açıq şəkildə tərəf tutmağa vadar etmək istəyir. Ekspertlərimiz isə artıq bu oyunların keçmədiyi qənaətindədirlər...

"Birgə hərbi təlimlərin Ermənistanda qorxu yaradacağı bəlli idi, necə ki, yaradıb. Tovuz hadisələrindən sonra Türkiyə və Azərbaycan ordusu genişmiqyaslı birgə hərbi təlimlər keçirir. Ermənilər yalandan ruslarla birlikdə "otaq təlimləri” keçirdi, PUA-lara qarşı. Amma Türkiyə ilə hərbi müttəfiq olaraq Azərbaycan bütün ölkəni əhatə edən real təlimlər keçirməkdədir. Bu təlimlər avqustun 10-dək davam edəcək. Ona görə də işğalçı ölkə qorxu, həyəcan içərisindədir. Anlayırlar ki, bu hərbi təlimlər sonda Azərbaycan – Türkiyə hərbi ittifaqının işğal altındakı torpaqların azad edilməsinə gətirə bilər, bu səbəbdən təşviş keçirirlər”.

interview.az -

 

Politoloq Elxan Şahinoğlu bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. E.Şahinoğlu qeyd etdi ki, yayılan son şayiə də bu qorxu ilə əlaqədardır:"Guya Türkiyənin F-16 qırıcıları Ermənistanın hava sərhədini sərhəddini keçib. Belə şayiələrin yayılması əslində bizim xeyrimizədir. Qoy anlasınlar ki, işğalın ömrü uzun olmayacaq. Onu da anlayırlar ki, bu vəziyyətdə bəlkə heç onları Rusiya da xilas etməyəcək, Rusiya ilə sərhədləri də yoxdur”. Amma politoloq heç də düşünmür ki, bu kimi təlimlərlə ermənilərin ağlı başına gələcək və dinc yolla Azərbaycan torpaqlarını işğaldan azad edəcəklər: "Düşmən güc görməyənə qədər bu məsələnin həllinə nail olmaq çətin olacaq”.

Zaur Məmmədov:

 

Bakı Politoloqlar Klubunun sədri, Prezident yanında İdarəçilik Akademiyasının baş müəllimi, politoloq Zaur Məmmədov isə Musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycanın müstəqillik qazanmasından bu yana Türkiyə hər zaman ölkəmizin ən yaxın müttəfiqi olub:"Lakin rəsmi Bakı uzun müddət idi ki, öz xarici siyasi davranışında balanslı siyasətini qoruyaraq region ölkələrinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüylə bağlı beynəlxalq hüquqa söykənən qiymət verməsini gözləyirdi. Hətta, NATO və Avropa İttifaqı ilə münasibətlərdə belə, biz regionda davam etməkdə olan geosiyasi prosesləri nəzərə almaqda idik. Ancaq təəssüflər olsun kı, bu illər ərzində işğalçı Ermənistana qarşı qonşu dövlətlər tərəfindən heç bir təzyiqin şahidi olmadıq, əksinə, regional aktorların bu davranışları İrəvanın daha da irəliyə gedərək təzavüzkar siyasət aparmasına gətirib çıxartdı.Yəni biz faktiki olaraq Ermənistan və ermənilər vasitəsilə Cənubi Qafqazda öz dövlət maraqlarını həyata keçirən Rusiya və İranın bəzi dairələrinin Azərbaycanın maraqlarını nəzərə almamalarının şahidi olduq”. Z.Məmmədov qeyd etdi ki, son Tovuz hadisələri bir daha kimin kimin yanında olmasını göstərmiş oldu: "Belə olan halda niyə Azərbaycan kimlərinsə nazıyla oynamalıdır? Azərbaycan müstəqil, suveren dövlətdir. Münaqişədə zərərçəkən olan ölkəmiz bu kimi hərbi təlimləri keçirməklə yanaşı, müxtəlif ölkələrlə hərbi müttəfiqliyə əsaslanan müqavilələr imzalamalıdır. Münaqişənin nizamlanması prosesində dünyadakı hansısa dövlət əgər bizim haqq yolumuzda yanımızda olacaqsa Bakı həmin dövlətlərlə maksimal şəkildə yaxınlaşmağa hazırdır”. Politoloq qeyd etdi ki, biz Rusiya və İrandan münaqişə ilə bağlı işğalçını ifşa edəcək davranışlar gözləyirik: "Ən azı, torpaqların qaytarılması istiqamətində bizə mane olmamaq lazımdır. Beləliklə, Ermənistanın işğalçılıq siyasəti, son zamanlar Azərbaycana qarşı ermənilərin daha da aqressivləşməsi artıq Cənubi Qafqazda geohərbi balansı dəyişməyi tələb edir. Türkiyə və Azərbaycan arasında hərbi təlimlər və Ankaranın Suriyanın və Liviyanın ardından Azərbaycandakı fəallığı Rusiya və İranı da rəsmi Bakının maraqlarına biganə yanaşmamağa gətirib çıxaracaq. Bu təlimlərdə Türkiyə ən müasir silahlarını bizim hərbçilərlə bölüşdü. Təbii ki, son zamanlar Ermənistanın ən çox arxalandığı SU-30-a qarşı F-16-ların Azərbaycana gətirilməsi İrəvan üçün gözdağıdır. Çünki F-16 Su-30-dan dəfələrlə güclüdür. Təsadüfi deyil ki, ötən axşam (2 avqustda-red.) erməni mətbutı F-16-ların guya İrəvanı hədəfə aldıqlarını yazıb. Əvvala, ermənilər gözəl bilirlər ki, Cənubi Qafqaz o qədər də böyük ərazi deyil və F-16-ları çıxsaq belə, Azərbaycanın hərbi arsenalında olan ən müasir komplekslərlə biz İrəvanı istədiyimiz zaman hədəfə ala bilərik. Lakin, Azərbaycanın belə bir məqsədi yoxdur. Bizim hədəfimiz Qarabağ və işğal altındakı rayonlardır. Beləliklə, şahidi olduğumuz proseslər onu deməyə əsas verir ki, bir zamanlar seyrçi olan Türkiyə artıq Qafqazdadır, indi, seçim vaxtıdır. Top Moskva və Tehrandadır”.

Hələ ki, nə rəsmi Moskva, nə də rəsmi Tehran Türkiyə və Azərbaycanın daxili işi olan birgə təlimlərlə bağlı qırmızı xətti keçən mövqe sərgiləməyiblər, mətbuat xaric... Maraqlıdır, işğalçı ölkəd Türkiyə-Azərbaycan hərbi təlimlərinin növbəti mərhələsində hansı hay-küyü salacaq?..

Elşad Paşasoy,
musavat.com


Вернуться назад