Главная > Ölkə > Müsavat başqanı Arif Hacılı Azərbaycan qadınlarını təbrik etdi

Müsavat başqanı Arif Hacılı Azərbaycan qadınlarını təbrik etdi


7-03-2016, 23:50.

Müsavat başqanı Arif Hacılı Azərbaycan qadınlarını təbrik etdiMüsavat Partiyasının başqanı Arif Hacılı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.

Təbrikdə deyilir:

"Əziz xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadını tarix boyu ailənin dayağı, gözəllik və ləyaqət simvolu kimi qəbul edilib. Xalqımız həmişə qadınlara yüksək dəyər verib. Biz ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəzi inkişaf etmiş Avropa ölkələrini də qabaqlayaraq, qadınlarımıza geniş siyasi hüquqlar, seçkilərdə iştirak hüququ verilməsi ilə fəxr edirik.

Xanımlarımız ötən əsrin əvvəllərində olduğu kimi, əsrin sonunda da milli-azadlıq hərəkatında, fəal iştirak etməklə istiqlalımızın bərpası uğrunda gedən mübarizədə mühüm rol oynadı. Bu gün xanımlarımız cəmiyyətin bütün sahələrində fəallıq göstərməklə yanaşı, demokratik cəmiyyət quruculuğu uğrundakı mübarizədə də fədakarlıqla iştirak edir.

21-ci əsrdə qadınların ictimai-siyasi proseslərdə iştirakı və rolu daha da artır. Azərbaycan qadınları da bu ümumi prosesin fəal iştirakçısıdırlar.

Təəssüf ki, Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində qadınlarımız layiq olduqları həyatı yaşamaq, öz potensiallarını tam reallaşdırmaq imkanlarından məhrumdur. Ölkə əhalisinin əksərriyəti kimi, xanımlarımız da gündəlik dolanışıq qayğıları ilə yaşamağa məhkumdur. Bu gün digərləri kimi xanımlar da siyasi mövqeyinə görə təqib olunur, iş yerlərini itirir, mərhumiyyətlərlə üzləşir.

Azərbaycan qadınlarının ən fəal nümayəndələri siyasi məhbus kimi həbsxana həyatı yaşayır. Lakin haqsızlıqlara son qoyulacaq günlər çox uzaqda deyil. Əminəm ki, azadlıq uğrunda qadınların da iştirak etdiyi fəal mübarizə uğurla başa çatacaq. Xalqımız layiq olduğu və qadir olduğu azad, firavan cəmiyyəti qurmağa nail olacaq. Qadınlarımız da bu prosesin təşkilatçıları və fəal iştirakçıları kimi fədakar mübarizələrinin bəhrəsini görəcəklər.

Əziz xanımlar!

Sizi bir daha Qadınlar Günü münasibəti ilə təbrik edir, Sizə can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram.

Müsavat Partiyasının başqanı Arif Hacılı


Вернуться назад