"... Vəhşilərə və banditlərə bənzəmək
olmaz"- Mehriban Əliyevadan müraciət
Azərbaycan RespublikasınınBirinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın
Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə
baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciət edib.
HİT.Az müraciəti təqdim edir:
"Əziz həmvətənlər!
Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında
yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən
hiddətləndirib.
Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən
razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri
tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib.
Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından
istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir
sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda
qaldığına görə azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara
hücum ediblər.
Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya
ideologiyası öz "eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı
nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının
evlərinə ağır artilleriya silahlarından atəş açırlar.
Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox
olub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin
Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini
xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən
soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib.
O qanlı gecədə təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla
613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb,
1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə
yandırılıb.
Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. Öldürülənlər
arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olub.
Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq
valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılıb.
İki yaşlı Zəhra Quliyevanın erməni təcavüzkarlar tərəfindən qətlə yetirilməsini
də qeyd etməmək olmaz. Zəhra 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin
iriçaplı silahlardan atəşə tutulması nəticəsində nənəsi ilə birlikdə həlak
olub. Başqa bir misal. 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc
sakini Əziz Əzizov erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin
artilleriya atəşinə tutulması nəticəsində həlak olub.
Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə
haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan
təbliğatı aparır.Sirr deyil ki, ölkəmizə qarşı
böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən
inspirasiya edilir və maliyyələşdirilir.
Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki,bu
diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin
paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər.
Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin
daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək
olar?
Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi
simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm
də əsaslı suallar doğurur.
Həmin ölkələrin hüquq-mühafizə orqanları
azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün
imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar?
Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və
digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq
etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə
cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır.
Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan
haqlarının müdafiəsini özlərinin missiyası elan edən "Freedom House”, "Amnesty
International” və "Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli
qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik.
Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili
standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər.
Əziz qardaşlar və bacılar!
Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər
təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir.
Belə hallardabizim borcumuz bu həqiqəti
dünya birliyinə çatdırmaqdır.
Bizim vəzifəmiz birləşmək və son zorakılıq
aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb
olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir.
Hər bir səsin əhəmiyyəti var!
Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə
layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram.Bununla belə, unutmamalıyıq ki, qeyri-insani
nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim
mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır.
Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını
qaldırmış hər kəsə təşəkkür edirəm.
Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur
edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək,
onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək.
Ona görə ki,Qarabağ Azərbaycandır və nida
işarəsi!"
Вернуться назад
|