Главная > Islam > Ümmətin şahidləri

Ümmətin şahidləri


10-05-2020, 19:41.

                 Ümmətin şahidləri

Mərhəmətli, rəhmli Allahın adı ilə! "Şahidlik” gözü ilə gördüyü və ya bildiyi bir hadisə və ya iş haqqında bir şəxsin məlumat verməsi, şahid durması (olması) deməkdir. Məhkəmədə şahidin verdiyi məlumat "Şəhadət” adlanır. Şəhadət həm də "Fiqh” elminin sahələrindən biridir. Şəhadət üçün müxtəlif şərtlər və təlimləri öyrənmək üçün Fiqh elminin "şəhadat” babına müraciət etmək lazımdır. Burada iki məfhumun izahı labüddür: "Şəhadətin təhəmmülü”; yəni bir şeyin həqiqiliyini, düzlüyünü təsdiq etmək üçün bir işdə iştirak etmək (şahidliyə xatir əziyyətə (zəhmətə) qatlaşmaq) və "şəhadətin ədası”; məhkəmədə öz gözü ilə gördüyü bir şey, hadisə haqqında ifadə, məlumat verməklə onun doğru olub-olmadığını göstərmək (şahid durmaq) mənasını daşıyır.

Şəhadət mövzusu Quran-Kərimin önəmli mövzularında hesab olunur. Öncə mövzuya dair ayələri nəzərinizə çatdırırıq: (Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?(1)...جِئْنا مِنْ‏ كُلِ‏ أُمَّةٍبِشَهيدٍ وَ جِئْنابِكَ عَلى‏ هؤُلاءِ شَهيداً;Qiyamət günü hər ümmətdən bir şahid (öz peyğəmbərini) gətirəcəyik.(2) يَوْمَ نَبْعَثُ مِنْكُلِّ أُمَّةٍ شَهِيدا"…kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri öz əlinə veriləcəkdir), peyğəmbərlər və şahidlər gətiriləcək…”(3) وُضِعَ الْكِتابُ وَ جي‏ءَ بِالنَّبِيِّينَ وَ الشُّهَداء

Yuxarıdakı ayələrdən məlum olur ki, Qiyamət günü hər bir ümmətin şahidi olacaq, onlar möminlərin lehinə və kafirlərin əleyhinə şahidlik edəcəklər. Eləcə də aydın olur ki, həzrət Peyğəmbər (s) həm ümmətlərə, həm peyğəmbərlərinə şahid duracaq. Yəni Peyğəmbər (s) hər bir ümmətin şahidinə də şahidlik edəcək. "(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də (dinimizi onlara təbliğ edib-etməmələri haqqında) sorğu-sual edəcəyik.”(4) فَلَنَسْئَلَنَّالَّذينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْئَلَنَّ الْمُرْسَلين‏

Bu ayədə ümmətlərdən və onlara göndərilən peyğəmbərlərdən sual olunacağı bildirilir. Sorğulama Qiyamətdə həyata keçsə də "Şəhadətin təhəmmülü” dünyada baş verməlidir. Deməli, bu ayə də şahidlik mənasını daşıyır. Qurani-Kərim həzrət İsa (ə.s) peyğəmbərdən nəql edir: "Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim. Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!(5)كُنْتُ عَلَيْهِمْ شَهيداً ما دُمْتُفيهِمْ فَلَمَّا تَوَفَّيْتَني‏ كُنْتَأَنْتَ الرَّقيبَ عَلَيْهِمْ وَأَنْتَ عَلى‏ كُلِّ شَيْ‏ءٍ شَهيد"…lakin o, (İsa) qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir”(6) يَوْمَ الْقِيامَةِ يَكُونُعَلَيْهِمْ شَهيداً Bu ayədən də məlum olduğu kimi "şəhadətin təhəmmülü” dünyada "ədası” isə axirətdə baş verir.

Təbii ki, insanda olan adi hislərlə təkcə aşkarda olan həm də əməllərin zahirini müşahidə etmək olar. Amma gizlindəki əməlləri müşahidə etmək hər kəs üçün asan sayıla bilməz. Həmçinin zahirdəki əməllərin batini sirlərini də adi hislərlə dərk etmək müyəssər deyil. Məsələn: Bəqərə surəsinin 225-ci ayəsində izah olunan (qəlblərin kəsb etdiyi şeyləri (yalandan və ya qəsdən içib yerinə yetirilməyən andları, pis niyyətləri وَ لكِنْ يُؤاخِذُكُمْ بِما كَسَبَتْ قُلُوبُكُمْ və sair batini əməlləri adi gözlə dərk etmək (bilmıək) mümkünsüzdür. Ancaq "Zuxruf” surəsində vurğulandığı kimi "haqqa şəhadət verənlər müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər.” إِلاَّمَنْ شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُون‏(7) Deməli, şahid durmaq, ümmətin zahiri və batini əməllərini və əməllərinin zahirini və batinini görmək və hal-hazırda və Qiyamət günü məlumat vermək deməkdir. Bütün bunlardan aydın olur ki, məhz möhkəm imana və qeyb elminə malik olan şəxslər şahidlik edə bilər. Çünki, qeyd etdiyimiz tərzdə şahid olmaq kəramət sayılır. Hər kəsin bacardığı iş heç vaxt kəramət sayıla bilməz. "Hədid” surəsində (8) hər bir möminin şahidlik edə biləcəyi qeyd olunsa da, ayə bizim müddəamızla zidd deyil. Çünki, ayədəki (عِنْدَ رَبِّهِم‏- onlar öz Rəbbi dərgahında)-sözündən anlaşılır ki, onlar dünyada deyil, məhz Qiyamətdə şahidlik edəcək.

Həzrət Peyğəmbər (s) başda olmaqla məsum imamların hər biri bizim aşkarda və gizlində etdiyimiz əməllərə agahdır və ümmətin ictimai əlaqələri və fərdi düşüncələrinə qiyamətdə şahid duracaq. Onların bu biliyi müxtəlif mənbələrdən qaynaqlanır. İmamların elmi qaynaqlarını (mənbələrini) izah etmək üçün müfəssəl yazılara ehtiyac duyulur. Burada məhz bəzi mənbələrin adını təqdim edirirk: Quran, Peyğəmbərin (s) təlimi, qeyb elmi, əməllərin imamlara təqdim olunması, Cəfr, Camiə, həzrət Zəhranın (s.ə) müshəfi, hər imamın məxsus səhifəsi və sair mənbələrə əsasən imamlar bizim şahidlərimizdir. "Bəsairud-dərəcat” kitabında bu sahədə məxsus fəsl var: "باب في علمالأئمة بما في السماواتو الأرض والجنة و النارو ما كانو ما هوكائن‏ إلى يوم القيامة"(9) Bunlar bizim nə etdiyimizi və nə vaxt və necə etdiyimizi görməsələr (bilməsələr) necə şahidlik edə bilərlər!? Yuxarıda qeyd etdiyimiz kimi "şəhadətin ədası” "şəhadətin təhəmmülü”-nə bağlıdır. Başqa sözlə desək, şahid görmədiyi (bilmədiyi) şeyə şəhadət verərsə, şahidliyi düzgün və mötəbər sayılmaz.

İmamların şahidliyi məsələsi hədislərdə də öz əksini tapmışdır. Bu barədə çoxlu hədis nəql etmək olar. Mövzuya dair hədislər Şiənin mötəbər mənbələrindən sayılan "Üsuli-kafi”-də "باب في أنّالأئمّة شهداء اللّه عزّو جلّ علىخلقه"-İmamlar Allahın insanlara olan şahidləridir” ünvanında bab var və mərhum Kuleyni o babda beş hədis nəql etmişdir. Nümunə üçün birini təqdim edirik:

عَنْ بُرَيْدٍ الْعِجْلِيِّ قَالَ:سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ(ع( عَنْ قَوْلِاللَّهِ عَزَّ وَ جَلَّ-وَ كَذلِكَ جَعَلْناكُمْ‏أُمَّةً وَسَطاً لِتَكُونُوا شُهَداءَعَلَى النَّاسِ‏ قَالَ نَحْنُالْأُمَّةُ الْوُسْطَى وَ نَحْنُشُهَدَاءُ اللَّهِ عَلَى خَلْقِه‏…

Burəyd İcli imam Sadiqdən (ə.s) "Bəqərə” surəsinin 143-cü ayəsini (Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız…) izah etməsini istəyir. İmam (ə.s) buyurur: "İnsanların əməllərinə şahid olan bizik”(10)

Qiyamətdəki şahidlər:

Qiyamət günü müxtəlif şahidləri göstərməklə müttəhimlərin inkarının qarşısını alınacaq ki, daha Allaha qarşı bir bəhanə yeri qalmasın. Qiyamətdə şahid duranların siyahısını təqdim edirik:

1-İnsanın özü: Günahkar insanlar can verəndə və Qiyamətdə öz pis əməllərini inkar edər ماكُنَّا نَعْمَلُ‏ مِنْ سُوءٍ"Biz heç bir pislik etmirdik!”(11) Bəzən and içib müşrik olmadıqlarını iddia edəcəklər:وَ اللَّهِ رَبِّناما كُنَّا مُشْرِكينَ‏"Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” يَوْمَ يَبْعَثُهُمُاللَّهُ جَميعاً فَيَحْلِفُونَ‏ لَهُ‏كَما يَحْلِفُونَ لَكُمْ وَ يَحْسَبُونَأَنَّهُمْ عَلىشَيْ‏ءٍأَلا إِنَّهُمْ هُمُ الْكاذِبُون‏"Allah onların hamısını dirildəcəyi gün onlar sizə (yalandan) and içdikləri kimi, Allaha da and içəcək və (bununla axirətdə) bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançıdırlar! (12) Allah onların barəsində buyurur: انْظُرْ كَيْفَ‏ كَذَبُوا عَلى‏أَنْفُسِهِم‏ "Gör onlar özlərinə qarşı necə yalan deyirlər”. (13) Amma elə ki, gizlətmə və təkzib yolunun bağlı olduğunu görərlər və müxtəlif şahidlərin onların əleyhinə şəhadət vermələrini müşahidə edərlər, özləri də öz əleyhinə şəhadət verərlər: وَ لايَكْتُمُونَ‏ اللَّهَ حَديثاً və öz əməllərini etiraf edər və nöqsanlarını boynuna alarlar: فَاعْتَرَفُوابِذَنْبِهِمْ "Və beləcə öz günahlarını etiraf edəcəklər…”(14) وَشَهِدُوا عَلى‏ أَنْفُسِهِم‏ "Biz öz əleyhimizə şahidik!” (15)

2- Bədən üzvləri: Bədən üzvləri də insanın əleyhinə şəhadət verəcək: يَوْمَ‏ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْوَ أَيْديهِمْ وَأَرْجُلُهُمْ بِما كانُوا يَعْمَلُون‏Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. (16)

حَتَّى إِذا ماجاؤُها شَهِدَ عَلَيْهِمْ‏ سَمْعُهُمْ‏وَ أَبْصارُهُمْ وَجُلُودُهُمْ بِما كانُوا يَعْمَلُون‏وَ قالُوا لِجُلُودِهِمْ‏لِمَ شَهِدْتُمْ عَلَيْنا قالُوا أَنْطَقَنَااللَّهُ الَّذي أَنْطَقَ كُلَّشَيْ‏ء

Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?” – deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. (17)

3- Əməllər: Hər bir əməlin batini siması (mələkuti çöhrəsi) da vardır. Qiyamət günü əməllərin batini siması hamıya bəlli olacaq: وَ وَجَدُواما عَمِلُوا حاضِراًOnlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər.(18)يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍما عَمِلَتْ مِنْخَيْرٍ مُحْضَراً وَ ماعَمِلَتْ مِنْ سُوءٍ O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək…” (19)

4- Hər kəsin şəxsi şahidləri (mələklər): وَ جاءَتْكُلُّ نَفْسٍ مَعَها سائِقٌ‏وَ شَهيد Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir də şahidlə (iki mələklə) gələcəkdir.(20)

5- Peyğəmbərlər (ə): Həzrət əli (ə.s) Peyğəmbərin (s) şahidliyi barədə buyurur: فهوأمينك‏ المأمون و خازنعلمك المخزون، و شهيدكيوم الدّين‏ "O böyük şəxs aydın nişanələri və şəriət hökmlərini ucaltdı. O, Sənin doğru əmrinin və Sənin elminin, sirlərinin xəzinəsidir. Qiyamət günündə (yaxşı və pis əməl sahiblərinə) Sənin tərəfindən şahiddir”.(21)

6- Məsum imamlar və əməlisaleh möminlər: (Ey Muhəmməd (s) ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız…”(22) Ayənin zahiri mənası budur ki, ayə bütün müsəlmanlara xitabən buyurur: sizi bütün ümmətlərə şahid edəcik. Amma yuxarıda qeyd etdiyimiz kimi, rəvayətlərə əsasən məhz İmamlar şahid olacaq. Çünki, məhz onlar dünyada hər kəsin hər əməlini görürlər: قُلِ‏اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْوَ رَسُولُهُ وَالْمُؤْمِنُون "De: "(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər…”(23) Bu ayədən də məlum olduğu kimi, Allahdan və Peyğəmbərindən (s) başqa şəxslər də insanların əməllərini görür.

7- Allah-Taala: Qiyamətdə şahidliyin müxtəlif mərhələləri var. Bəzi yerlərdə məhz Allahın şahidliyi kifayət edəcək: كَفى‏ بِاللَّهِ‏ شَهيداً "Təkcə Allahın şahid olması yetər!” (24) Həzrət Əli (ə.s) Allahın şahidliyi barədə buyurur: اتَّقُوامَعَاصِيَ اللَّهِ فِي الْخَلَوَاتِفَإِنَّ الشَّاهِدَ هُوَ الْحَاكِم‏ "Xəlvətlərdə (də) Allaha qarşı günah etməkdən çəkin. Çünki şahid, hökm edənin özüdür.”(25)

Qeyd etmək lazımdır ki, şahidlik Allaha məxsus olan sifətlərdəndir. Allahdan qeyrisi şahid durarsa bu mütləq Allahın izni ilə həyata keçə bilər.

Qiyamətdəki şahidlərin vəsfi:

Şəhadətin həm Allah həm də bəndələr tərəfindən məqbul olması üçün şahidlərdə müəyyən sifətlər (şərtlər) olmalıdır. Əks-təqdirdə onların şahidliyi etibarsızdır:

1-Ədalət: Ədalətsiz şahid yalan və iftira (böhtan, şər) deyə bilər. O üzdən onun şəhadətinə etimad (etibar) etmək olmaz.

2- Əməlin müşahidəsi: Şahid (lehinə ya əleyhinə) şəhadət vərəcəyi adamın əməllərini (inanclarını, niyyətini və əxlaqını) görməlidir. Müşahidə etmədiyi şeylər barədə şahidlik edə bilməz.

3- Şahidin unutqanlıq (yaddaşsızlıq, huşsuzluq) qüsuru olmamalıdır: Qiyamət məhkəməsində şahidin unutqan olmaması önəmli xüsusiyyətlərindən sayılır. Çünki, ədalətlilik şahid durmaq üçün lazımdır, ancaq kifayət deyil. Unutqan insan bilə-bilə olmasa da unutqanlıq üzündən yalan danışa bilər. Unutqan insanın da şəhadəti qəbul olunan deyil. Qiyamət şahidi elə adam olmalıdır ki, dünyada və bərzəxdə (qəbir əzabının nəticəsində) unutqanlığa düçar olmamalıdır. Belə insanlar ilk növbədə peyğəmbərlər və məsum imamlardır.

Ədalət sifəti barədə bunu da əlavə etmək lazımdır ki, Şiənin (əqli (tutarlı dəlillərlə) və dini ədəbiyyatla isbatladığı) fikrincə imamlar həm ədalətli, həm də ədalətdən daha yüksək keyfiyyət sayılan ismətlidirlər.

 

Mənbələr və ədəbiyyat sıyahısı:

1-"Nisa” surəsi, 140-cı ayə.

2- "Nəhl” surəsi, 84-cü ayə.

3- "Zumər” surəsi, 69-cu ayə.

4- "Əraf” surəsi, 6-cı ayə.

5- "Maidə” surəsi, 117-ci ayə.

6- "Nisa” surəsi, 159-cu ayə.

7- "Zuxruf” surəsi, 86-cı ayə.

8- "Hədid” surəsi, 19-cu ayə.

9- "Bəsairud-dərəcat”, 1-ci cild, səh: 127.

10- "Üsuli-kafi”, 1-ci cild, səh: 190.

11- "Nəhl” surəsi, 28-ci ayə.

12- "Mucadələ” surəsi, 18-ci ayə.

13- "Ənam” surəsi, 224-cü ayə.

14- "Mulk” surəsi, 11-ci ayə.

15- "Ənam” surəsi, 130-cu ayə.

16- "Nur” surəsi, 24-cü ayə.

17- "Fussilət” surəsi, 20-21-ci ayələr.

18- "Kəhf” surəsi, 49-cu ayə.

19- "Ali–İmran” surəsi, 30-cu ayə.

20- "Qaf” surəsi, 21-ci ayə.

21- "Nəhcül-Bəlağə” 72-ci xütbə.

22- "Həcc” surəsi, 78-ci ayə.

23- "Tovbə” surəsi, 105-ci ayə.

24- "Nisa” surəsi, 166-cı ayə; "Yunus” surəsi, 29-cu ayə.

25- "Nəhcül-Bəlağə”, 324-cü hikmət.

Məqalənin əsas mənbəyi Qurani-Kərimdir. Ayələrin şərhi (təfsiri), "Əl-Mizan” və "Təsnim” təfsir kitablarına müraciətlə yazılıb.


İlahiyyatçı-yazar: Şəhriyar ƏLİYEV

 

 Uluyol.az


Вернуться назад