Главная > Baş Xəbər / İqtisadiyyat > Neftin ucuzlaşmasından itkimiz nə qədərdir – ekspert hesablaması

Neftin ucuzlaşmasından itkimiz nə qədərdir – ekspert hesablaması


29-04-2020, 19:53.

            Neftin ucuzlaşmasından itkimiz nə qədərdir –ekspert hesablaması

 

Dünya neft bazarlarındakı qiymət çöküşündən Azərbaycan nə qədər vəsait itirir? Bu sualın cavabı hazırda hamını düşündürür. Bir çoxları düşünür ki, qiymət 3 dəfə azalıbsa, gəlirlərimiz də o qədər azalır.


Lakin iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, reallıqda itkilərimiz daha böyükdür:"Qiymətin 2-3 dəfə azalması o demək deyil ki, gəlirlərimiz də buna proporsional azalır. Qətiyyən - gəlirlərdə azalma tempi daha yüksək olur.

Məsələn, 2019-cu ildə Azərbaycan neftinin hər barrel üçün orta illik ixrac qiyməti 67.5 dollar olanda hər barreldən təxminən 52 dollara qədəri xalis mənfəət kimi tərəflərə (hökumət+hasilat şirkətlərinə) çatıb.

Öz növbəsində, bu məbləğin də təxminən 37 dolları birbaşa hökumətin mənfəəti olub (Dövlət Neft Fonduna daxilolma formasında). Amma orta illik qiymət, tutaq ki, 25 dollar olsa, hasilat, ixrac, maya dəyəri, həmçinin mənfəətin bölüşdürülməsi sxemi də ötən ilki səviyyədə qalsa, hökumət ən yaxşı halda hər barreldən 7 dollar mənfəət götürəcək - yəni 2019-la müqayisədə azı 5 dəfə az. Göründüyü kimi, qiymətin təxminən 2.5 dəfə azaldığı şəraitdə əldə olunan mənfəət 5 dəfədən çox ixtisar olunur”.
rövşən ağayev
Ekspert həmçinin ölkədən ixrac olunmuş neftin həcmi, əldə olunmuş ixrac gəlirlərinin ümumi məbləği və bütün tərəflərə çatan mənfəətin məbləğinə əsasən maraqlı bir hesablama aparıb:"2019-cu ildə Azərbaycanın xarici neft layihələri çərçivəsində neftinin maya dəyəri (bazara çatdırılma ilə birgə) 15 dollar olub. Yanılma faizi maksimum 1 dollar ola bilər.

Konsorsium çərçivəsində (SOCAR-ın öz ixracı nəzərə alınmadan) xam neft ixracı 29.5 milyon tona yaxın, ixrac gəlirləri (SOCAR-sız) 14.1 milyard dollara yaxın olub.

Mənfəətin məbləğindən çıxış etsək, ümumi satış dövriyyəsindən təxminən 3.1 milyard dolların xərclər olduğunu söyləmək olar.
Xam neftin orta illik ixrac qiyməti 67.5 dollar olduğu şəraitdə xarici neft müqavilələri çərçivəsində 11 milyard dollar xalis mənfəət əldə olunduğu görünür.

Bundan təxminən 8 milyard dollar Neft Fonduna, yerdə qalan 3 milyard dollar şirkətlərə çatıb. Amma SOCAR vasitəsilə həmin hissədə də bizim payımız var”.

Dünya,
Musavat.com

 


Вернуться назад