Главная > Islam > “Ey Allah bəndələri, siz xəstə, aləmlərin Rəbbi təbib kimidir

“Ey Allah bəndələri, siz xəstə, aləmlərin Rəbbi təbib kimidir


21-04-2020, 09:19.

               "EY ALLAH BƏNDƏLƏRİ, SİZ XƏSTƏ, ALƏMLƏRİN RƏBBİ TƏBİB KİMİDİR”

 

Allah Rəsulu (s) buyurur: "Ey Allah bəndələri, siz xəstə, aləmlərin Rəbbi təbib kimidir. Xəstənin məsləhəti (xeyri) təbibin bildiyi və onun tədbirindədir (buyurduqlarına əməl etməkdədir), xəstənin sevdiyi və istədiyi şeylərdə deyil. Bəs, həqiqətən də nicat tapmaqdan ötrü Allah üçün onun əmrinə təslim olun!”("əl-İhticac”, c. 1, səh. 45)

 

Bismilləhir-Rahmənir-Rəhim!

 

Allah Rəsulu (s) mübarək hədisində bir neçə mühüm məsələyə işarə etmişdir. Bu məsələlər içində bir məsələ vardır ki, İslam Peyğəmbərinin (s) zamanından 14 əsr ötsə belə həmin məsələ güncəl məsələlərdən, aktual mövzulardan biri olaraq qalmaqdadır. Günümüzdə belə nə çox insan bu şərif hədis vasitəsiylə zehnlərində yaranan mühüm bir şübhəyə cavab tapa bilərlər. Bu da, islam dininin cahanşümul, ümumbəşəri bir din olmasına dəlalət edir. Bu mənada ki, əsrlər keçsə də bu şərif hədis Quran və məsumların (ə) digər mübarək buyuruşları zülmət gecədə parlaq ulduz kimi aləmə nur saçır. Zamanın insanı belə bu hədisdən özünə lazım olan ibrət və dərsləri götürə bilir.

Həmin məsələ bundan ibarətdir ki, bir çox insanlar ibadətdən boyun qaçırır və bundan ötrü özlərinin tutarlı dəlilə sahib olduqlarını düşünürlər. Məsələn, ən çox geniş yayılmış bəhanələrdən biri budur ki, biz nə üçün ibadət etməliyik, məgər Allah təala bizim ibadətlərimizə ehtiyaclıdırmı?

Allah Rəsulu (s) isə bəlağət elmində alimlərin qeyd etdiyi kimi "təşbih” mövzusu vasitəsiylə bu şübhəni ortaya atanlara cavab verir. "Təşbih”də dörd rükn diqqətdə saxlanılmalıdır; "Müşəbbəh” (bənzədilən), "müşəbbəhun bihi” (o şey ki, ona bənzədirik), "təşbih ədatı” (bu "kimi” kəlməsiylə ifadə edilir), vəchi şəbəh” (oxşar cəhət).

Mübarək hədisdə "müşəbbəh” Allah bəndələridir. Onlar xəstəyə bənzədilib ki, xəstə belə olan halda "müşəbbəhun bihi” hesab edilir. "Təşbih ədatı” "kimi” kəlməsidir. "Vəchi şəbəh” isə qeyd edilən hədisdə xəstəlikdir. Yaxud da deyə bilərik ki, "vəchi şəbəh” həmin məsləhət və xeyirdir.

Allah bəndələrinin xəstəyə bənzədilməsindən daha aydın bir bənzərlik tapmaq mümkün deyildir. Bu, ona görədir ki, insanın bədəni xəstələndiyi, sıradan çıxdığı kimi onun ruhu da zəifləyə, mənəviyyatı tükənə bilər. İnsanın ruh və cismdən təşkil tapdığını nəzərə alsaq, o, cismini gücləndirdiyi, zənginləşdirdiyi, sağaltdığı, istirahət verdiyi kimi ruhunu da dincəltməli, zənginləşdirməli, onun da qulluğunda durmalıdır. Bədənin doyması, sağalması, istirahət etməsi sahibinin yeməsi, dərman qəbul etməsi, yatıb dincəlməsinə bağlıdırsa onun ruhunun və mənəviyyatının sağalması, qidalanması da ibadət və itaətlə həyata keçir.

Bu cür bir bənzətmə həm də ona görə yerində edilmiş bir bənzətmədir ki, dünyada xəstəlik, həkim, həkimə müraciət, müayinə və müalicə kimi məsələləri dərk etməyən insan yoxdur. Sağlam ağıl sahibləri xəstələnən kimi həkimə müraciət edirlər. Ona görə də bu cür bir misal onların ibadət və bəndəlik məsələsini daha rahat bir şəkildə anlamasına səbəb ola bilir.

İbadətlə bağlı müəyyən bəhanələr gətirən bəndələr bu hədisi-şərifdən belə bir nəticə çıxarır ki, necə ki, həkimin xəstə üçün yazdığı reseptə ehtiyacı yoxdur, Allahın da bəndə üçün göstərdiyi hidayət yollarına, verdiyi əmrlərə ehtiyaclı deyil. Həmçinin, necə ki, xəstə həkimin yazdığı dərmanlara və onların düzgün formada qəbul edilməsinə ehtiyaclıdır, eləcə də bəndələr Allahın buyurduqlarına tabe olmaqla vəzifələniblər. Bəndələrin özləri Allaha ibadət etməyə ehtiyaclıdır.

 

ardı var...

 

İlahiyyatçı-yazar: Qasımbala SƏFƏROV


Uluyol.az


Вернуться назад