Главная > Müsahibə > “ABŞ-da vəziyyət ağırdır”- koronavirusun tüğyan etdiyi Amerikada yaşayan azərbaycanlı alim

“ABŞ-da vəziyyət ağırdır”- koronavirusun tüğyan etdiyi Amerikada yaşayan azərbaycanlı alim


12-04-2020, 20:05.

       "ABŞ-da vəziyyət ağırdır”-koronavirusun tüğyan etdiyi Amerikada yaşayan azərbaycanlı alim

 

Qubad İbadoğlu: "Ölkədə işsizlərə ödənilən müavinətin məbləği həftədə 600 dollar, ayda 2500 dollar təşkil edir”

Koronavirusun ən geniş yayıldığı, ölümlərin sayının dünyada ən yüksək olduğu ölkə - ABŞ. Dünyanın birinci böyük iqtisadiyyatına malik dövlətdə koronavirusun yaratdığı böhrana qarşı atılan addımlar da hazırda dünya mediasının diqqətindədir.

Bu ölkədə tətbiq olunan karantin tədbirlərinə necə əməl olunur? Əhalinin karantin rejiminin tələblərinə əməl etməsində Azərbaycandakı kimi çətinliklər yaranırmı? Bu və ya digər suallarımızı hazırda ABŞ-da yaşayan iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu cavablandırıb.

- Qubad bəy, ABŞ-da hazırda vəziyyət necədir? Sizin olduğunuz şəhərdə hansı məhdudlaşdırıcı tədbirlər tətbiq olunur?

- ABŞ-da vəziyyət ağırdır. Yoluxma və ölü sayı sürətlə artır. Mənim yaşadığım Nyu-Cersi ştatı vəziyyətin daha pis olduğu ikinci ştatdır. Birinci yerdə Nyu-Yorkdur. Yaşadığım ştatda 9 milyona yaxın əhali yaşayır, virus daşıyıcılarının sayı 50 minə yaxındır. Karantin rejimi tətbiq olunub. Axşam saat 8-dən səhər saat 5-dək evdən çıxmaq tövsiyə olunmur. Qalan vaxtlar üçün də tövsiyə budur ki, ehtiyac olmadıqda heç kim evdən çıxmasın. Çıxanda da küçələrdə sosial izolyasiya qaydalarına hamı əməl edir – bir-birinə müəyyən məsafədən artıq yaxınlaşma yoxdur. İnsanlar artıq bu qaydaları həyat vərdişinə çeviriblər.

Biz də daha çox evdə otururuq. Ərzaq və yeməyi sifariş edib, gedib götürməyə icazə verirlər. Daha orada oturub yeməyə, kofe içməyə icazə verilmir. Mağazalarda kassalar şəffaf şüşələrlə əhatə olunub. Növbəyə duran adamlar arasında 1-2 metr məsafə saxlanılır. Kassada oturanla növbədə olanlar arasında əllə təmas demək olar ki, yoxdur, çünki alış-veriş kartla həyata keçirilir. Alıcılar da çalışırlar əllə təmas olmayan məhsullar alsınlar - meyvə-tərəvəz kimi əllə yığılan məmulatları az almağa üstünlük verirlər.


- Dərslər martın birinci ongünlüyündə dayandı. Martın ortasında bizdə bir həftəlik yaz tətili idi. Tətil boyu bizə onlayn dərs keçmək metodologiyasını öyrətmək üçün seminarlar keçdilər. Seminarların özü də internet üzərindən təşkil olundu. Bir neçə proqramda dərsləri keçmək öyrəndik. Mən hazırda həmin proqramlardan biri ilə dərsləri davam etdirirəm, qrafikdən kənara çıxma yoxdur. Əvvəlki cədvəl üzrə və onlayn formatda keçirilir. Yalnız bir neçə xarici tələbə - yaz tətili dövründə vətənlərinə - Cənubi Koreyaya gedənlərlə ayrıca dərs keçirəm. Çünki Cənubi Koreya ilə bura arasında 12 saat fərqi var. Mən həmçinin dərslərimi videoformatda internetə yerləşdirirəm, tələbələr istədikləri vaxt onlara təkrar baxa bilirlər.

- Dərs keçdiyiniz universitetdə vəziyyət necədir? Dərslər davam edirmi? Yoluxanlar varmı?

Universitetimizdən professor və tələbə heyətindən yoluxanlar var. Düzdür, mənim tanıdığım şəxslər arasında yoxdur, amma bizə dekanın verdiyi məlumatlara görə, tələbələrin qayğıları artıb: onlar işləyirdilər, iş yerləri bağlanıb, bəzilərinin qohumlarında, ailələrində yoluxanlar var, bəzilərinin ata-anası işsiz qalıb və sair. Ümumiyyətlə, ABŞ-da pandemiyadan sonra 7 milyon nəfər işsiz kimi uçota durub. Ölkədə işsizlərə ödənilən müavinətin məbləği artırılıb. Həftədə 600 dollar, ayda 2500 dollar təşkil edir. Burada işsiz kimi uçota durub sığorta müavinəti almaq elə də çətin deyil.

- ABŞ-da həyata keçirilən antiböhran tədbirlərini necə qiymətləndirirsiniz? Böhrana adekvat hesab etmək olarmı?

- ABŞ-da dövlətin dəstək tədbirləri əsasən iqtisadiyyatı qorumaq, sürətli enişin qarşısını maksimum almağa yönəlib. Paketdə biznesə kifayət qədər böyük dəstək nəzərdə tutulub. Əsas məqsəd budur ki, sərt karantin tədbirləri başa çatan kimi biznes sürətlə öz fəaliyyətini bərpa etsin. Bu məqsədlə kiçik və orta biznesi qorumağa xüsusi diqqət yetirilir. Burada kiçik biznes dedikdə, işçilərinin sayı 500-ə qədər olan müəssisələr nəzərdə tutulur.

Böhran tədbirləri arasında vergi, kredit alətlərindən aktiv istifadə edilir. Qiymətlərdə hər hansı ciddi dəyişiklik müşahidə olunmur. Spekulyativ qiymət artımına gedənlərə qarşı çox sərt cəzalar var və imkan verməzlər ki, kimsə malın az olmasından istifadə edib qiyməti qaldırsın.
Burada tətbiq olunan tədbirləri böhrana adekvat hesab edirəm. Çünki kimin nə qədər yardıma ehtiyacının olduğunu dəqiq müəyyənləşdirmək üçün yetərincə şəffaf baza var. Böhranın təsirlərini, miqyasını düzgün qiymətləndirmək imkanı var. Digər tərəfdən, burada administrativ qurumlar, sistem özü böhrana hazırdır. Yəni Azərbaycandakı kimi elektron xidmətlərdə, onlayn sistemdə hər hansı problemlərlə rastlaşmaq mümkün deyil. Mümkün olan bütün sahələrdə fəaliyyət onlayn rejimə keçirilib ki, insanlar arasında birbaşa təmaslar minimuma ensin.
Fasiləsiz istehsal sahəsinin qurulması burada ciddi bir problem olmadan həyata keçirilir. General Motors prezident Trampın tapşırığı əsasında qısa müddətdə süni tənəffüs aparatlarının istehsalını qurmağa müvəffəq oldu.

Ölkənin təminatı, biznesin fəaliyyəti barədə şəffaf uçot sistemi var. Yəni burada Azərbaycandakı kimi, işsizlərin sayı, yaxud məhsullarla özünütəminat imkanları barədə əlavə suallar meydana çıxa bilməz, çünki qeydiyyat dəqiq aparılır.

- Azərbaycanda necə, həyata keçirilməyə başlanan proqramlar indiki mərhələ üçün yetərlidirmi?

- Azərbaycanda, çox təəssüflər olsun ki, böhranın təsirlərini neytrallaşdırmaq üçün maliyyə təminatı əhəmiyyətli deyil. Çünki ölkədə ayrılan vəsait həm ÜDM-də, həm də adambaşına bölgüdə digər ölkələrlə müqayisədə, məsələn, Qazaxıstandan azdır. Düşünürəm ki, qənaətedici səviyyədə vəsaitin ayrılması çox önəmli məsələdir. Yetərincə maliyyə ayrılmasa, böhranın təsirlərini aradan qaldırmaq çox çətindir. İkincisi, hökumət çox arxayın görünür: müzakirələr çox, real qərarlar azdır. Maraq qruplarından təkliflər toplayıb, konkret istiqamətlər üzrə qərarlar vermək üçün işlək mexanizm yoxdur. Bizim ADR Hərəkatı adından 5 istiqamət üzrə təkliflər paketimiz hökumətin müxtəlif qurumlarına təqdim olundu. Yeganə olaraq, İqtisadiyyat Nazirliyindən sənədin onlara çatmasını təsdiq ediblər, qalanlarından heç bir reaksiya yoxdur. Heç Nazirlər Kabineti yanında Operativ Qərargahın özüylə əlaqə yaratmaq imkanı demək olar ki, yoxdur.

Azərbaycanda çatışmazlıq kimi gördüyüm bir hal yüksək vəzifəli məmurların xalqla açıq-aydın danışması, müəyyən fikirləri, tədbirləri xalqa özləri çatdırması mexanizmi qurulmayıb. Bu, inzibati cəza tədbirlərindən daha böyük effekt verə bilərdi.

- Rusiyada iqtisadiyyatın bütün sahələri böhrandan zərərçəkən elan olundu. Bizdə də buna ehtiyac varmı?

- Rusiyada vəziyyətə çox doğru yanaşma var. Bizdə böhrandan təsirlənənlərin qruplara ayrılması həyata keçirildi ki, mən bunu düzgün saymıram. Çox cüzi sahələr var ki, böhrandan nisbətən az zərər çəkir, bir də rabitə və informasiya sektoru zərərçəkməyən sahə hesab oluna bilər. Amma digər sektorlar – kənd təsərrüfatından tutmuş, nəqliyyata, turizmə, tikintiyə qədər bütün sahələr zərər çəkirlər. Azərbaycanda belə yanaşma daha doğru olardı. İndiki bölgü ilə Azərbaycanda sektorların cəmi 40 faizi zərərçəkmiş hesab olunur. Muzdlu işçilərin əmək haqqında yardım mexanizmi bunu aydın şəkildə göstərir. Qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin cəmi 40 faizinin əmək haqqına, özü də hamısına tam olmadan, - yardım ödəniləcək. Yaxud Azərbaycanda 900 minə yaxın fərdi və mikrosahibkar var. Amma cəmi 300 min fərdi və mikrosahibkar dəstək proqramından yararlana biləcək. Reallıqda təsirə məruz qalanların sayı bundan ikiqat çoxdur.
İşsizlər üçün veriləcək 190 manat müavinət ölkə üzrə əvvəlcədən mövcud olan işsizlərin sayına uyğun hesablanıb. Bu o deməkdir ki, pandemiyaya görə işsiz qalan şəxslər nəzərə alınmayıb.

Digər tərəfdən, ölkədə məşğul hesab olunma meyarlarında ciddi çatışmazlıqlar, problemlər var. Bu problemlərin aradan qaldırılması təmin olunmalıdır.

- Azərbaycanın neft qiymətləri və koronavirus böhranından itkiləri təxminən nə qədər olar sizcə?

- Mənim hesablamalarıma görə, Azərbaycanda koronavirus böhranından olacaq itkilərin bərpası üçün minimum 5 milyard manat vəsait tələb olunur. Neftin ucuzlaşmasından yaranan itkilərə gəlincə, 2020-ci il üçün Dövlət Neft Fondunun gəlirləri 8 milyard 250 milyon dollar proqnozlaşdırılıb. Birinci rübdə Fonda daxil olan gəlirlərin həcmi 2 milyard 319 milyon dollar təşkil edib. Bunun 1 milyard 763 milyon dolları məhz mənfəət nefti və qazının satışından daxil olub. Bu daxilolma neftin xalis orta qiyməti 59 dollar olmaqla təmin edilib. Hazırda neftin qiyməti bu qiymətdən 2,5 dəfəyədək aşağıdır. Neftin qiymətləri bu səviyyədə qalarsa, Fondun gəlirləri ilin sonuna 5 milyard dolları keçməyə bilər. Yəni neftin qiyməti ilin sonunadək belə qalsa, 3 milyard dollardan yuxarı itki olacaq. Ona görə düşünürəm ki, hökumət yaxın vaxtlarda həm Neft Fondunun büdcəsinə, həm də dövlət büdcəsinə yenidən baxmalı olacaq.

- Bildiyiniz kimi, yaranmış böhrana baxmayaraq, hökumət manatın məzənnəsində dəyişikliyin qarşısını alır. Sizcə, vəziyyət nə qədər belə olarsa, hökumət manatın məzənnəsində dəyişikliyə gedər?

- Bu, asılı olacaq tədiyə balansının cari hesablarının kəsirinin formalaşmasından və məbləğindən. 2019-cu ilin nəticələrinə görə tədiyə balansı profisitli olub. Tədiyə balansının profisiti 5,5 milyard dollar təşkil edib. Bu il üçün onsuz da gözləntilər az idi –haradasa 2,7 milyard dollarlıq profisit gözlənilirdi. Beynəlxalq reytinq agentliklərinin hesablamaları, eləcə də bizim hesablamalarımız göstərir ki, bu il tədiyə balansında kəsir yaranacaq, bəlkə də artıq yaranıb. Tədiyə balansına kəsirin olması o deməkdir ki, biz manatı qorumaq üçün valyuta ehtiyatlarımızı səfərbər etməliyik. Düşünmürəm ki, hökumət valyuta ehtiyatlarını uzunmüddətli dövrdə manatın ucuzlaşmasının qarşısını almağa yönəldəcək. Mart ayında buna gedildi, çünki qarşıdan böhran gəlirdi, devalvasiya ciddi maliyyə böhranı yarada bilərdi. Bu baxımdan, düzgün addım kimi qiymətləndirilə bilər. Amma bunun uzun müddət davam etdirilməsi də mümkün deyil. Belə davam edərsə, devalvasiya ilə bağlı qərar ən tez yayda, ən gec payızda verilə bilər.

Bilirsiniz ki, OPEK+ ölkələri neft bazarında vəziyyəti tənzimləmək üçün toplaşdılar, hasilatın 10 milyon barel azaldılması qərara alındı. Lakin bu da bazarda qiymətlərin qalxmasına səbəb olmadı. Əksər beynəlxalq agentliklər də neft bazarında qiymətlərin yaxınmüddətli dövrdə sabitləşəcəyini gözləmirlər. Buna görə də düşünürəm ki, hökumət manatın məzənnəsində dəyişikliyə gedəcək. Çünki bu, büdcə gəlirlərini təmin etmək üçün hökumətə əlavə maliyyə qaynağı yaradacaq - Neft Fondundan büdcəyə transfertləri reallaşdırmaq üçün daha az həcmdə dollar xərclənəcək.

Dünya SAKİT, musavat.com

 


Вернуться назад