Главная > Baş Xəbər / Siyasət > Avropa Birliyinin komissiya rəhbəri Macarıstanı hədələdi

Avropa Birliyinin komissiya rəhbəri Macarıstanı hədələdi


12-04-2020, 15:54.

          Avropa Birliyinin komissiya rəhbəri Macarıstanı hədələdi

Avropa Birliyinin komissiya rəhbəri Ursula fon der Leyen Macarıstan hakimiyyətini fövqəladə vəziyyət rejimindən sui-istifadə etməməyə çağırıb və qəti şəkildə xəbərdarlıq edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Birliyin ən yüksək rütbəli məmuru bu sözlərini Almaniyanın "Bild am Sonntag” qəzetinə verdiyi müsahibədə səsləndirib.

"Əgər macar hakimiyyəti izn verilən hüdudlardan kənara çıxsa, mən bütün tədbirləri görəcəyəm. Rəsmi Budapeştin hərəkətləri artıq Avropa Birliyinin qəbul etdiyi prinsip və qaydaları pozur”, - deyə o, qeyd edib.

Ursula fon der Leyenin sözlərinə görə, AB-yə üzv olan dövlətlər öz səhrədləri daxilində pandemiya şərtlərində fövqəladə rejim tətbiq etmək haqları var. Lakin bu tədbirlər şərtlərinə görə ölçülü, zamanına görə məhdud olmalı və demokratik institutların nəzarəti altında həyata keçirilməlidir. AB Komissiyasının sədri qurumun üzv ölkələrin hamısında bu prinsiplərə əməl olunmasına nəzarət etdiyini vurğulayıb. O, rəsmi Brüsselin Macarıstanda Viktor Orban hakmiyyətinin keçmişdə avtoritar meylli əməllərinə görə acı təcrübəsini nəzərə alaraq buraya xüsusi diqqət ayırdığını sözlərinə əlavə edib.

Qeyd etmək lazımdır ki, bu ilin mart ayının 30-da Macarıstan parlamenti baş nazir Viktor Orbanın rəhbərliyindəki kabinetə fövqəladə vəziyyət rejimində xüsusi səahiyyətlər verən qanun layihəsini qəbul edib. Sənədə əsasən, baş nazir və hakim "FİDES-Macarstan vətəndaş birliyi” partiyasının rəhbəri V.Orban ölkəni bundan sonra icraedici sərəncam və dekretlərlə təkbaşına idarə etmək hüququ qazanıb. Onun hökuməti parlamentin razılığı olmadan fövqəladə rejimi istənilən vaxt uzada biləcək.

Bundan başqa qanun Nazirlər kabinetinə müəyyən qanunların icrasını dayandırmağa, habelə "COVİD-19” pandemiyası ilə mübarizədə "başqa müstəsna tədbirlər” görməyə, o cümlədən karantin rejimini pozanlara qarşı cəzaları təkbaşına sərtləşdirməyə, koronavirusla bağlı "yalan hesab etdiyi informasiyaları” yayanlara xüsusi sanksiyalar həyata keçirməyə imkan yaradıb.

 


Вернуться назад