Marketlərdə əldən-ələ gəzən
çörəklər:onlara kim nəzarət etməlidir?
Azərbaycanda koronavirus infeksiyasından (COVİD-19)
qorunmaq üçün ekspertlər tövsiyə edirlər ki, marketlərdən açıq şəkildə satılan
məhsulları alarkən diqqətli olmaq lazımdır.
Son zamanlar ölkə əhalisini ən çox narahat edən məsələ marketlərdə açıq formada
satılan çörəklərdir.
Musavat.com xəbər
verir ki, bəzi marketlərdə zavod çörəkləri (kağız paketə qoyulub satılanlar)
sellofan torbalara qoyulur, bəzilərində isə bu cür torbalardan istifadə
edilmir.
Bəs bu çörəklər mağazalara
necə paylanır?
Bir çox mağazalarda olub, bu məsələ ilə maraqlandıq.
Mağazada çalışan satıcılar bildirdilər ki, çörəklər paylanan zaman sellofan
torbalarda olmur.
Həmin çörəkləri onlar özləri
sellofan torbaya qoyub, sonra vitrinə düzürlər:"Çörəklər
isti formada gətirildiyi üçün zavoddan çıxan zaman sellofan torbaya qoymurlar.
Çünki isti olduğu üçün torba tərləyir, çörək keyfiyyətini itirir. Biz
mağazalarda həmin çörəkləri torbaya qoyuruq və vitrinə düzürük".
Satıcıların sözlərinə görə çörək ən azı üç dəfə əldə-ələ gəzir. Ekspertlər
bildirirlər ki, bu, infeksiyanın yayılması üçün səbəb ola bilər.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ərzaq məhsullarının
ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri,
bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki
göstəriş yayıb. Həmin göstərişdə də bu məsələ öz əksini tapıb.
Göstərişdə bildirilir:
"Müəssisələrə açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları,
quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə
prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsullarının xüsusi
vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməsi və bu məhsulların
yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş
işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməsi tapşırılıb".
Musavat.com-a danışan həkim Hüseyn Mehdiyev
bildirib ki, əslində həmin çörəklərdən ciddi şəkildə infeksiya yayıla bilər:"Çörək
mağazaya gətirilənə qədər bir neçə dəfə əl dəyişir. Yəni onu xüsusi qablara,
maşınlara yükləyənlər var. Sonra da maşınla gəzdirib, mağazalara paylayırlar.
Mağazada isə kimlərsə onu sellofan torbaya qoyub, vitrinə düzür. Göründüyü
kimi, çörəyin infeksiyalaşması üçün açıq yerlər çoxdur. Ona görə də yaxşı olar
ki, çörək soyuduqdan sonra bunu elə zavodlarda xüsusi sellofanlara qoysunlar.
Hesab edirəm ki, məsələ ilə bağlı müəssisələr təlimatlandırılmalı, qaydalara əməl
etməyənlər isə cəzalanmalıdır. Hazırda həssas dönəmdir və bütün təhlükəsizlik tədbirlərinə
əməl etmək lazımdır".
Əli Rais, musavat.com
Вернуться назад
|