Главная > Baş Xəbər / Region > Ölkədə çaylar və kanallarda su qıtlığı

Ölkədə çaylar və kanallarda su qıtlığı


29-03-2020, 18:53.

              Ölkədə çaylar və kanallarda su qıtlığı

 

Qərb bölgəsi də suya həsrət qalıb; nazirlik: "Yağıntıların miqdarının az olması, paylanmasının dəyişməsi kənd təsərrüfatına təsirsiz ötüşmür”

Azərbaycanda bütün qış boyu müşahidə olunan anomal hava şəraiti davam edir. Ölkənin xüsusilə əksər Qərb rayonlarına nəinki qar, hətta normal yağış belə düşməyib. Bölgədən aldığımız məlumatlara görə, həmişə bu vaxtlar su bolluğu yaşanan çayların suyu quruyub, kanallarda günlərlə, bəzən həftələrlə su olmur.

Qərb rayonlarında taxıl əkən fermerlər qış boyu sahələri suvarmaq istəsələr də, su olmadığına görə bunu edə bilməyiblər. Nəticədə taxıl sahələrində boy artımı, torpaqdan çıxan cücərti miqdarı baxımından böyük problemlər meydana çıxıb. Bir çox fermerlər məhsuldarlığın keçən ilkinin yarısı qədər belə olmayacağı qənaətindədirlər.

Analoji durum ölkənin əksər bölgələrində - İmişli, Beyləqan, Ucar, Zərdab, Göyçay, Ağsu və digər bölgələrində də hökm sürür. Mərkəzi Aran rayonlarını su ilə təmin edən əsas su kanalında – Yuxarı Şirvan kanalında suyun səviyyəsi tamamilə enib, arxlara su ötürülməsi mümkün deyil.

Habelə, Araz və Kür çaylarında da suyun səviyyəsi hədsiz azalıb.

Azərbaycanda müşahidə olunan quraqlıq qlobal iqlim dəyişikliklərinin nəticəsidir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və İnformasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun Musavat.com-a dediyinə görə, ölkədə su təminatı və aqrar istehsalçılara dəstək sahəsində tənzimləyici funksiyanı yerinə yetirən dövlət qurumları vəziyyətlə bağlı məsləhətləşmələr keçirirlər: "Bildiyiniz kimi, quraqlıq bütün dünyanın üzləşdiyi qlobal problemdir. Azərbaycanda bu problemin mənfi təsirlərini azaltmaq üçün müvafiq dövlət qurumları daim fəaliyyətlərini koordinasiya edirlər. Yağıntıların miqdarının az olması, paylanmasının dəyişməsi kənd təsərrüfatına təsirsiz ötüşmür. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə müntəzəm məsləhətləşmələr, dəyərləndirmələr aparırıq. Bütün ölkədə yağıntıların paylanması dəyişib. Məsələn, yağış suyuna ehtiyac olmadığı vaxtda güclü yağıntılar düşür və sair. Biz növbəti dövlər üçün meteoroloji proqnozları alırıq, onlar əsasında müəyyən planlar qurulur. Hazırkı məqamda bundan sonrakı 10 gün ərzində bölgələrdə yağıntıların artacağı gözlənilir. Bir müddət əvvəlki yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsində 20-25 santimetrlik artım müşahidə olunmuşdu. Buna görə də indi dəqiq söyləmək mümkün deyil ki, Qərb bölgəsində də quraqlıq davam edəcək, yoxsa tezliklə yağıntılar düşəcək”.

KTN rəsmisi bildirir ki, mütəmadi olaraq fermerlər arasında suvarma suyundan səmərəli və ehtiyatla istifadə olunmasına dair maarifləndirmə işləri həyata keçirirlər:"Azərbaycanın su ehtiyatları onsuz da məhduddur. Buna görə də biz fermerlər arasında maarifləndirmə işləri aparırıq ki, sudan səmərəli istifadə etsinlər, daha müasir, qənaətə imkan verən suvarma üsullarından istifadəyə başlasınlar. Bütün dünya belə üsullardan istifadə edir. Məsələn, çoxillik əkmələrdə damla suvarma sistemlərindən istifadə çox geniş yayılıb. Bizdə belə sistemlərin dəyərinin 40 faizini dövlət ödəyir. Belə üsulla salınmış intensiv bağların hər hektarına dövlət 800 manat subsidiya ödəyir. Yəni çalışırıq ki, fermerləri maksimum sudan səmərəli istifadəyə təşviq edək. Böyük fermer təsərrüfatları pivot sistemindən istifadə edirlər”.

DÜNYA, musavat.com

 


Вернуться назад