Главная > İdman > "Səbail" "Zirə"yə, "Keşlə" "Qarabağ"a qarşı - AFİŞA

"Səbail" "Zirə"yə, "Keşlə" "Qarabağ"a qarşı - AFİŞA


8-03-2020, 10:19.

                "Səbail" "Zirə"yə, "Keşlə" "Qarabağ"a qarşı -AFİŞA

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha 2 görüşü keçiriləcək.

"Report"un məlumatına görə, qarşılaşmalar Bakıda oynanılacaq.

Əvvəlcə "ASCO Arena"da "Səbail" "Zirə"ni sınağa çəkəcək. Hazırda "qartallar" və "dənizçilər" hərəyə 20 xalla 6-7-ci yerləri bölüşürlər.

İlk oyun günündə "Sumqayıt"ın səfərdə "Qəbələ"yə 0:5, "Sabah"ın isə "Neftçi"yə 0:4 hesabı ilə uduzması bugünkü görüşün iştirakçılarına turnir cədvəlində ən azı 1 pillə irəliləmək imkanı yaradıb. Oyun heç-heçə bitərsə, "Zirə" 21 xala malik "Sabah"ı keçərək, 5-ci pilləyə yüksələcək. Qış fasiləsindən sonra cəmi 1 oyunda uduzan "Səbail" bu gün qələbə qazanacağı təqdirdə, şəxsi göstəricilərdəki üstünlüyü səbəbindən, 4-cü pillədəki "Sumqayıt"ın yerini tutacaq. Son 4 matçda xalsız qalan "Zirə"nin "gənclik şəhəri" təmsilçisini geridə qoyması üçün isə ən azı 6 top fərqi ilə qalib gəlməsi lazımdır.

İki komanda indiyədək Premyer Liqada 10 dəfə üz-üzə gəlib. Qarşılaşmaların 3-də "Səbail", 5-də "Zirə" qələbə qazanıb, 2 görüş isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində "qartallar" 2 dəfə üstündür - 12:6. "Zirə” son üç matçda qol buraxıb. "Səbail”in ev oyunlarında isə qol vuran komanda qalib gəlir.

Turun son matçı "ASK Arena"da "Keşlə" və "Qarabağ" arasında olacaq. Paytaxt təmsilçisi hazırda 30 xalla 3-cü, Ağdam komandası 42 xalla 1-cidir. Hər iki kluba qələbə çox vacibdir. "Qarabağ" ən yaxın izləyicisi "Neftçi" ilə xal fərqini yenidən 8-ə yüksəltmək, "Keşlə" isə 37 xala malik flaqmanla fərqi 4-ə endirməyi düşünür.

Şəxsi oyunlara gəldikdə, tərəflər indiyədək 61 dəfə üz-üzə gəliblər. Bunların 13-də "Keşlə", 28-də "Qarabağ" qələbə qazanıbsa, daha 20 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Ağdam komandası böyük fərqlə öndədir - 74:40.

"Qarabağ” 6 oyundur meydanı qolsuz və xalsız tərk etmir. "Keşlə” son iki ev matçında eyni – 0:1 hesabı ilə uduzub.

Azərbaycan Premyer Liqası, XX tur

8 mart (bazar)

16:00. "Səbail” – "Zirə”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

"ASCO Arena”

18:00. "Keşlə” – "Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Asif Əliyev

"ASK Arena”.

 


Вернуться назад