Главная > Baş Xəbər / İqtisadiyyat > Dünya Bankı Azərbaycana 100 milyon ayırdı: hara xərclənəcək?

Dünya Bankı Azərbaycana 100 milyon ayırdı: hara xərclənəcək?


8-03-2020, 11:09.

              Dünya Bankı Azərbaycana 100 milyon ayırdı: hara xərclənəcək?

 

Dünya Bankının Direktorlar Şurasının martın 5-də keçirilən iclasında Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsinə 100 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması barədə qərar qəbul olunub.

Bankın saytında bununla bağlı yerləşdirilən məlumata görə, layihənin məqsədi hər il əlavə olaraq 5 000 nəfərin əmək şəraitinin yaxşılaşdırılmasıdır. Layihə xüsusi olaraq qadınlara, gənclərə, təhsil səviyyəsi aşağı olan insanlara və ölkədəki məcburi köçkünlərə yönəldiləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Müsavat”a verilən məlumata görə, özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsində nazirlik tərəfindən Dünya Bankı ilə əməkdaşlıq da nəzərdə tutulub:"Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanacaq müqaviləyə əsasən Dünya Bankının ”Azərbaycanda məşğulluğa dəstək layihəsi" həyata keçiriləcək. 2020-2025-ci illəri əhatə edəcək layihənin məqsədi həmin dövrdə Nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanlarında qeydiyyatda olan işsiz şəxslərdən 22 min nəfərin ən yaxşı təcrübələr əsasında özünüməşğulluğa cəlb edilməsi və onlar üçün formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanlarının yaradılmasıdır".

 

Qeyd edək ki, layihə beynəlxalq təcrübənin öyrənilməsi, əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi, məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olan şəxslərin özünüməşğulluq proqramında iştirak imkanlarının müəyyənləşdirilməsi, proqramda iştirak imkanları müəyyənləşdirilmiş şəxslər üçün təlim proqramlarının hazırlanması, təlimçilərin əmək haqlarının ödənilməsi, ıazirliyin nəzdində fəaliyyət göstərən peşə təlim mərkəzlərinin potensialının gücləndirilməsi, müdafiə prosesinin təşkili və ən yaxşı biznes ideyalarına malik şəxslərin seçilməsi, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın alınması, özünüməşğulluq iştirakçılarının fəaliyyətinin dövri monitorinqi və s. istiqamətlərdə öz dəstəyini göstərəcək.

DÜNYA, musavat.com

 


Вернуться назад