Главная > Region > Elmar Hüseynov məzarı başında anılacaq

Elmar Hüseynov məzarı başında anılacaq


29-02-2020, 10:11.

                Elmar Hüseynov məzarı başında anılacaq


 

Martın 2-də jurnalist Elmar Hüseynovun qətlinin 15-ci ili tamam olur. Həmin gün saat 11.00-da Bakının Yasamal qəbirstanlığında onun məzarı başında anım aksiyası keçiriləcək.

Turan İnformasiya Agentliyi xəbər verir ki, tədbirin təşkilatçısı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutudur (RATİ).

"Elmarın qətlindən 15 il ötür və bu qanlı cinayətin üstü indiyədək açılmayıb. Biz bu qorxunc cinayətin sifarişçilərinin, təşkilatçılarının və icraçılarının müəyyən edilib cəzalandırılmasını tələb etmək üçün yenidən Elmarın məzarı başında toplaşacağıq. Biz Elmarın xatirəsini yad edəcəyik və "Jurnalistlərə qarşı cinayətlərin cəzasızlığına yox!" deyəcəyik", deyə RATİ sədri Mehman Hüseynov bildirib.

Elmar Hüseynov Azərbaycanın açıq-aydın siyasi məzmunlu və siyasi sistemi, hakimiyyətin korrupsiyasını, insan hüquqlarının pozulmasını kəskin şəkildə tənqid edən bir sıra mətbuat layihələrinin rəhbəri idi.

2005-ci il martın 2-də o, mənzilinin qapısı ağzında güllələnib. İndiyədək qətlin sifarişçiləri və icraçıları tapılmayıb. Azərbaycan hakimiyyəti cinayətkarların məlum olduğunu, Gürcüstanda yaşayan etnik azərbaycanlılar olduqlarını iddia edir, amma onların saxlanılması və Azərbaycana gətirilməsi üzrə heç bir tədbir görülməyib.

 


Вернуться назад